Azərbaycan cüdoçusu avtomobili ilə çəkdirdiyi şəkildən danışıb

2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Azərbaycan cüdoçusu Elnur Məmmədli avtomobili ilə çəkdirdiyi şəkildən danışıb. Hazırda Azərbaycan Cüdo Federasiyasında (ACF) vitse-prezident postunda çalışan E.Məmmədli bununla bağlı açıqlama verib.

O, “Porsche” markalı avtomobilinə 200 min manat, “10 EM 010” nömrəsini almaq üçün isə 20 min manat ödədiyi barədə iddiaları təkzib edib. Olimpiya çempionu bildirib ki, 6 il öncə olimpiya çempionu olduqdan sonra ACF rəhbərliyi ona “BMW 745” hədiyyə edib. Həmin avtomobil elə özünün istəyi ilə alınıb. Amma köhnəldiyi üçün “Porsche” ilə dəyişməli olub: “Olimpiadaya yollanmamışdan öncə federasiya prezidentimiz Füzuli Ələkbərov mənə söz vermişdi ki, qızıl medalla qayıdacağım təqdirdə, belə bir avtomobil hədiyyə edəcək. Mən çempion oldum, Füzuli müəllim də sözünün üstündə durdu. O maşını bir müddət sürdüm, köhnəldi və “Porsche” ilə dəyişdim”.

E.Məmmədli yeni avtomobilinin qiymətini də açıqlayıb: “Maşınım heç də 200 minlik deyil, ucuzdur. Qiymətlərdən xəbəri olan bilir ki, bu qədər qiyməti yoxdur. Yoxlaya da bilərlər. Bəli, avtomobil özümündür, amma qiyməti 70 – 80 min dollardır. Olimpiya çempionuyam, “07” sürəsi deyiləm ki... Şükür Allaha, imkanımız, gücümüz çatır ki, o maşını alıram, sürürəm. Qonaqlarım gəlir, bunları da nəzərə almaq lazımdır”.

Nömrəyə gəldikdə, olimpiya çempionu bildirib ki, “10 EM 010”u ona çalışdığı polis orqanlarının rəhbərliyindən hədiyyə ediblər: “Buna görə heç kimə heç nə verməmişəm. Qiymətindən də xəbərim yoxdur. Çünki indiyədək nömrə almamışam. Guya nömrəyə 20 min manat pul xərclədiyimi deyirlər. Bunların hamısı yalan söhbətlərdir”.

E.Məmmədli cəmi 1 avtomobilinin olduğunu da vurğulayıb. O, qarajında bir neçə maşının olmasına dair xəbərləri təkzib edib: “Təki bu, gerçək olaydı. Yox, qardaş. 1 dənə maşınım var, o da “Porsche”dir. Adımı kompüterdə vurub baxanda da buna əmin ola bilərsiniz. 3-4 maşını neynirəm? Bu, köynək deyil ki, gündə birini geyinim. Özü də avtomobilimin motorunun həcmi elə də böyük deyil. Zəifdir, 3600 kubsantimetrlikdir. 5-lik motor deyil ki, bərk getsin”.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Olimpiya çempionu Elnur Məmmədli idarə etdiyi maşınının fotosunu sosial şəbəkələrdə paylaşıb.

İdmançının son buraxılışdan olan “Porsche Cayenne” markalı avtomobilinin qiyməti təxminən 200 min manat, avtomobilin üzərində olan nömrə isə 20min manat dəyərində olduğu bildirilirdi.




ANS
Şərhlər
İdman bölməsinin xəbərləri