Paytaxtın Bayıl dairəsində yeni bağlantılar və piyada keçidi tikilir

Bakı-Ələt yolunun 4-6 km-liyində (Bayıl dairəsi – Bibiheybət arasında olan ərazi) yeni bağlantıların və piyada keçidinin tikintisi aparılır.

Bu barədə APA-ya Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, ümumilikdə həmin ərazidə 5 bağlantının olması nəzərdə tutulub.

Onların uzunluğu 5 711 m təşkil edəcək. “Bağlantılardan biri 3 zolaqlı, biri 6 zolaqlı, qalan üçü isə 4 zolaqlı olacaq. Yeni yaradılacaq bağlantıların üçü vasitəsilə Su İdman Sarayına giriş və çıxış mümkün olacaq”, - deyə P. Mürsəliyev qeyd edib.

Qurum rəsmisi əlavə edib ki, həmin ərazidə eyni zamanda bir neçə gündür yeni yeraltı piyada keçidinin tikintisi aparılır. Keçidin uzunluğu 100 metr, eni 8 metrdir, hündürlüyü isə 4 metr təşkil edəcək.

Qeyd edək ki, hazırda suvay vurma, eyni zamanda ərazidə kommunikasiya xətlərinin köçürülməsi işləri gedir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri