AMEA: Media yazılarındakı ağac fotoları Mərkəzi Nəbatat Bağına aid deyil

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında (AMEA/MNB) elmi tədqiqat əhəmiyyətli yenidənqurma və abadlıq işləri həyata keçirilir.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakıda Badamdar şosesi, 40 ünvanında yerləşən 41,3 hektarlıq bağın cənub-şərq hissəsində yarım hektarlıq şitillik ərazidən müxtəlif cavan ağac növləri köklü şəkildə digər hissəyə köçürülüb. Bildirilib ki, burada təbii genofondun zənginləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edən yeni bitkilər əkilir. MNB-nin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev bildirib ki, bitki genofondunun zənginləşdirilməsi üçün ən əlverişli sahə nisbətən boş olan, uzun illər seyrək ağaclarla qorunub saxlanılan ərazidir: “Lakin ərazidən keçən kommunikasiya xətləri, o cümlədən yüksək gərginlikli elektrik kabelləri, iri tutumlu istilik və su boruları hazırda bu ərazinin istifadəsini məhdudlaşdırır. Hətta ağacların kökləri yüksək gərginlikli kabellərin açıq hissələrinə nüfuz edərək tədqiqatçılar və ziyarətçilər üçün ciddi təhlükə mənbəyinə çevrilib. Burada ara-sıra müşahidə olunan qığılcımlar təhlükənin ciddiliyindən xəbər verir. Məsələ ilə əlaqədar 2014-cü ilin yanvarında “Bakıelektrikşəbəkə” ASC-yə rəsmi müraciət edilib.

Yerin altında kommunikasiya xətlərinin yenilənməsi məqsədi ilə qazıntı işlərinə başlanılacağı təqdirdə ağacların məhv olmaması üçün onlar məhz yazın əvvəlində, təbiətin oyanma prosesindən qabaq köçürülüb.

Hazırda sözügedən ərazidən maksimum səmərəli istifadə etmək məqsədi ilə köçürmə və əkin işləri planlı şəkildə həyata keçirilir. Kökləri dərinə uzanmayan bitkilərin, xüsusən də çiçək növlərinin əkilməsi üstünlük təşkil edir. Burada gələcəkdə elmin inkişafı məqsədi ilə digər tədbirlərin görülməsi üçün əlavə imkanlar da nəzərə alınır”.

Məlumatda qeyd olunub ki, yenidənqurma işləri ilə bağlı mətbuatda dərc olunan yazılarda istifadə olunan ağac fotoları Mərkəzi Nəbatat Bağına aid deyil.
Şərhlər
Sosial bölməsinin xəbərləri