Azərbaycanda dərsliklərlə bağlı yeniliklər açıqlanıb

“Təhsil Nazirliyinin qərarı ilə Azərbaycanda Dərsliklərin Qiymətləndirmə Şurası (DQŞ) haqqında əsasnamə yenilənib. Şuranın tərkibi alternativ qaydada seçilib. 17 nəfərdən ibarət olan yeni tərkib sabahdan etibarən fəaliyyətə başlayacaq”. APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin təhsil resursları şöbəsinin müdir müavini Əsgər Quliyev deyib. O bildirib ki, Təhsil Nazirliyi bu ildən etibarən hər il iki sinfin dərsliyinin çapını sifariş verməyi qərara alıb. Bu il ilk olaraq VII və VIII sinif dərsliklərinin hazırlanacağını söyləyən Ə. Quliyev qeyd edib ki, VII sinif dərslikləri müzakirələrdən sonra, dərslərin başlanmasına xeyli müddət qalmış məktəblərə veriləcək. Onun sözlərinə görə, bununla da müəllimlər dərsliklərlə daha tez zamanda tanış olacaqlar: “VIII sinfin dərslikləri isə bu il məktəblərə verilməyəcək və həmin dərsliklər çox məhdud sayda çap olunaraq, müəyyən pilot məktəblərdə sınaqdan keçiriləcək. Bununla da sınaq zamanı qarşıya çıxan nöqsan və problemlər vaxtında aradan qaldırılacaq. Növbəti dərs ilində isə dərsliklər məktəblərə ən azı iki ay əvvəldən çatdırılacaq. Ötən ilin dekabrında dərsliklərin çapı ilə bağlı elan olunan tender martda başa çatıb. Tenderin nəticəsinə əsasən, 22 LOT üzrə 35 adda dərslik hazırlanıb və sabahdan şura həmin dərsliklərin qiymətləndirilməsinə başlayacaq”.

Nazirlik rəsmisi qeyd edib ki, təhsil sahəsində aparılan islahatlarda əsas hədəf dərsliklərin əvvəlki illərlə müqayisədə keyfiyyətinin təkmilləşdirilməsidir.
Şərhlər
Sosial bölməsinin xəbərləri