Mikayıl Cabbarov: Azərbaycanlı tələbələrin xaricdə təhsil almasına yatırılan investisiyalar mühüm səmərə verəcək

Mikayıl Cabbarov: Azərbaycanlı tələbələrin xaricdə təhsil almasına yatırılan investisiyalar mühüm səmərə verəcək Yalnız yaxşı təhsilli valideyn ölkəni qoruya biləcək əsgərlər, vətənə, xalqa xidmət edən vətəndaşlar, nəsillər yetişdirə bilər. Bu barədə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Diplomatik Akademiyasında keçirilən Məzun gecəsində çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Azərbaycan cəmiyyətində gənclər üstünlük təşkil edir. Çünki Azərbaycan əhalisinin əksəriyyətinin yaşı 30-dan aşağıdır: "Bu faktorlar da gənclərin dövlət quruculuğunda, Azərbaycanın demokratik və iqtisadi inkişafında rolunu müəyyən edir. Cəmiyyətin ən dinamik hissəsi olan gənclər daim modernləşdirmə və uğurun önündə olmalıdırlar. Biz bu məqsədlərə nail olmaq üçün öz hədəflərimizi müəyyən emtəliyik".

Cabbarov vurğulayıb ki, Azərbaycan müstəqillik əldə edəndən sonra mühüm irəliləyişlər əldə edib: "Lakin ölkəmiz hələ də müəyyən problem və çağırışlarla üz-üzə qaldığı üçün bizə daha çox işlər görmək lazımdır. Ölkəmizin Ermənistan-Azərbaycan münaqişəsindəki mövqeyinə dünya ictimaiyyətinin dəstəyi gündən-günə artır. Lakin bizim torpaqlarımız hələ də erməni işğalı altında qalır. Öz torpaqlarından didərgin düşmüş Azərbaycan əhalisi öz doğma torpaqlarına qayıda bilmirlər. Bu o deməkdir ki, hər birimiz dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan qarşı təcavüzü, işğalçılıq və etnik təmizləmə siyasətinin ağır nəticələri barədə məlumatlandırmalıyıq".

Nazir həmçinin qeyd edib ki, beynəlxalq cəmiyyətin diqqətini Ermənistanın bu münaqişənin həllini uzatmağa yönəlmiş səylərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq: "Biz Ermənistan hakimiyyəti və diasporunun Dağlıq Qarabağın tarixi haqqında yanlış məlumat yaymaq səylərinə öz etirazımızı bildirməliyik. Dağlıq Qarabağ haqqında yalanları və Azərbaycanın mövqeyini təhrif olunmuş və yalnış formada təqdim etmək səylərinə qarşı çıxmalıyıq. Azərbaycanın BMT və digər təşkilatlarda konstruktiv mövqe tutduğunu nümayiş etdirməliyik".

Cabbarov Azərbaycanın iqtisadi islahatları, eyni zamanda, neft strategiyasını vurğulayaraq qeyd edib ki, Azərbaycan daima beynəlxalq artım reytinqlərdə ön sıralarda gedir.

Nazir bildirib ki, Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirmək üçün bizə minlərlə yüksək təhsilli, müasir iqtisadi vəziyyəti və dünya iqtisadiyyatının dəyişmə tendensiyalarını bilən yaxşı ixtisaslı menecer lazımdır: "Bu biliklər və bacarıqlar enerji resurslarının gətirdiyi gəlirləri daha səmərəli formada qeyri-neft sektorunun inkişafı üçün istifadə etməyə imkan verəcək".

Cabbarov bildirib ki, bu, Azərbaycanın dünyadakı, xüsusən, regiondakı mövqeyini daha da gücləndirəcək, iqtisadiyyatın rəqabətə davamlılığını artıracaq və vətəndaşların sosial rifahının yüksəlməsinə gətirib çıxaracaq.

Nazirin sözlərinə görə, bütün bunları nəzərə alaraq Azərbaycan hökuməti təhsilə, o cümlədən azərbaycanlı tələbələrin xüsusi proqramlar çərçivəsində xaricdə təhsil almasına investisiyalar yatırır: "Bizim heç bir şübhəmiz yoxdur ki, bütün bu investisiyalar mühüm səmərə verəcək və bizim təbii kapitalın insan kapitalına çevrilməsinə şərait yaradacaq".
Şərhlər
Sosial bölməsinin xəbərləri