Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 23 dərəcəyədək yüksələcək

Aprelin 10-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, şimşək çaxacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 13-18 dərəcə isti olacaq.

Aprelin 10-da Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacaq, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 3-8, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə, dağlarda gecə 0-5, gündüz 9-14, bəzi yerlərdə isə 17 dərəcəyədək isti olacağı gözlənilir.
 
Respublika ərazisində yaxın bir neçə günə proqnozlaşdırılan yağıntılı, isti hava şəraiti və temperaturun normadan 3-4 dərəcə yüksək olması kənd təsərrüfatı bitkilərinin inkişafı üçün əsasən əlverişlidir. Belə hava şəraiti əksər Aran rayonlarında payızlıq dənli bitkilərdə məhsuldarlıq elementlərinin formalaşmasına və çoxillik otların böyüməsinə müsbət təsir edəcək. Yağıntıların düşməsi  pambıq və qarğıdalı bitkilərinin əkilməsi üçün  ayrılmış sahələrdə səpinqabağı aqrotexniki işlərin aparılmasını nisbətən ləngidəcək.
Şərhlər
Sosial bölməsinin xəbərləri