Millət vəkili: Azərbaycan müxtəlif etnik və dini qrupların birgə yaşadığı çoxmillətli və çoxdinli ölkədir

Millət vəkili: Azərbaycan müxtəlif etnik və dini qrupların birgə yaşadığı çoxmillətli və çoxdinli ölkədir Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və harmonik birgə yaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir. Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz plenar sessiyasında macarıstanlı deputat Ferenc Kalmar tərəfindən hazırlanan "Avropada ənənəvi milli azlıqların vəziyyəti və hüquqları" adlı hesabatla bağlı müzakirələrdə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib.

Millət vəkili çıxışında bildirib: "Azlıqların taleyi tamamilə ölkənin xoş məramından və demokratiyanın dərəcəsindən asılıdır. Biz fəxr edirik ki, etnik azlıqlar bütün huquqları Azərbaycanda təmin olunur. Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və harmonik birgə yaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir. Qanun mənşəyindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir".

O, qeyd edib ki, milli azlıqların cəmiyyətin həyatında, eləcə də ölkə səviyyəsində keçirilən birgə tədbirlərdə fəal iştirakı Azərbaycanda mövcud olan qarşılıqlı hörmətin əyani göstəricisidir. Müxtəlif milli azlıqların nümayəndələri Azərbaycanın dövlət qurumlarında geniş təmsil olunurlar. Milli azlıqların sıx yaşadıqları ərazilərdə yerli əhalinin nümayəndələri yerli hakimiyyət orqanlarında rəhbər vəzifələri tutur. Milli azlıqlara mənsub şəxslər parlament və dövlət qurumlarında təmsil olunur.

S.Fətəliyeva bildirib ki, ölkəmizdə pravoslav və katolik kilsələr, yəhudi sinaqoqları dövlət tərəfindən bərpa olunur və tikilir: "Bütün etnik qruplar üçün ölkənin siyasi həyatında iştirak edə biləcəyi mühiti yaratmaq lazımdır. Cəmiyyətdən sərhədlər götürülməlidir ki, hər kəs öz dininə, mədəniyyətinə əməl edə bilsin. Dövlət və vətəndaşlar arasında qarşılıqlı iş birliyi olmalıdır. Ölkə etnik azlıqların hüquqlarını təmin etməli, digər tərəfdən də azlıqlar ölkənin milli maraqlarından ayrılmamalıdır. Qarşılıqlı hörmət və ölkənin inkişafı uğrunda fəaliyyət hansı etnik qrupa məxsus olmaqdan asılı olmayaraq bütün xalqı birləşdirir".
Şərhlər
Sosial bölməsinin xəbərləri