Almaniyanın “E.ON” şirkəti Bakıda ofisi açıb
- 10.04.2014, 19:30,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Almaniyanın “E.ON” şirkəti arasında əməkdaşlıq üzrə Koordinasiya Komitəsinin görüşü baş tutub.
ARDNŞ-dən APA-ya verilən məlumata görə, ARDNŞ prezidenti Rövnəq Abdullayev tərəflər arasında əməkdaşlıq perspektivlərini müsbət qiymətləndirib, “E.ON”-nun Azərbaycanda ofisinin açılması münasibəti ilə qonaqları təbrik edib.
R.Abdullayev bu gün Azərbaycan üçün mühüm olan “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP kimi irimiqyaslı beynəlxalq layihələrə qədəm qoyulan ərəfədə ARDNŞ və “E.ON” arasında əməkdaşlığın genişləndirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O bildirib ki, bu əməkdaşlıq Azərbaycan və Almaniya arasında iqtisadi münasibətlərin dərinləşməsi üçün səmərəli töhfələr verəcək.
“E.ON Global Commodities” şirkətinin icraçı direktoru Xristofer Delbruk təmsil etdiyi şirkətin fəaliyyət istiqamətlərindən danışıb, bu gün Bakı şəhərində şirkətin ofisinin açılışından məmnunluğunu ifadə edib.
Koordinasiya Komitəsinin iclasında iştirak edən “Supply East EGC”-nin birinci vitse-prezidenti Uve Fip, “E.ON New Built & Technologies”in əməkdaşlıq və biznesin inkişafı üzrə rəhbəri Detlef Veblinq, “Coorperations Supply East EGC”nin Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Olqa Semidelxina, ARDNŞ-nin Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanov və başqaları “E.ON”-ARDNŞ əməkdaşlığı, texniki sahələr və peşəkar treyninq üzrə əməkdaşlıq, Avropa qaz bazarının inkişafı, “E.ON”-da innovasiya, E.ON-nun kəşfiyyat və istehsalat üzrə fəaliyyəti, “Cənub Qaz Dəhlizi” haqqında təqdimatlar keçiriblər.
Tədbirin sonunda görüşün protokolları imzalanıb və Bakıda “E.ON” şirkətinin ofisi açılıb.