Prezident İlham Əliyev və xanımı Bakıda tikilən Su İdmanı Sarayında inşaat işlərinin gedişi ilə tanış olublar

Prezident İlham Əliyev və xanımı Bakıda tikilən Su İdmanı Sarayında inşaat işlərinin gedişi ilə tanış olublar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri aprelin 17-də Bakıda tikilən Su İdmanı Sarayında inşaat işlərinin gedişi ilə tanış olmuşlar.

2015-ci ildə Avropa ölkələri arasında tarixdə ilk dəfə Bakıda təşkil olunacaq Olimpiya Oyunlarına hazırlıq məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir. Dövlətimizin başçısının tapşırığı ilə ən yüksək standartlara cavab verən müasir idman kompleksləri inşa edilir, mövcud idman obyektləri əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilir.
Prezident İlham Əliyev Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədilə 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsi haqqında Sərəncam imzalamışdır. Su İdmanı Sarayının layihələndirilməsini Koreya Respublikasının "Securo CO.LTD" şirkəti qısa müddətdə başa çatdırmış və inşaat işlərinə başlanılmışdır.

Gənclər və idman naziri Azad Rəhimov Su İdmanı Sarayında layihə əsasında görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, Su İdmanı Sarayı üçün 6 hektar torpaq sahəsi ayrılmışdır. Ümumi sahəsi 66 min kvadratmetr olan saray Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir. Sarayda üç üzgüçülük hovuzu olacaqdır. Uzunluğu 50, eni 25 metr olacaq hovuz yarışlar üçün nəzərdə tutulmuşdur. İkinci hovuzda isə məşqlər keçiriləcəkdir. Hündürlükdən suyatullanma hovuzunun uzunluğu 25, eni 20 metrdir. Bundan başqa, sarayda fitnes zalları, restoran, konfrans zalı, ofislər, digər işçi və köməkçi otaqlar fəaliyyət göstərəcəkdir.

Su İdmanı Sarayının ərazisində köməkçi bina və qurğular, 500 yerlik yerüstü avtomobil yerüstü dayanacağı yaradılacaqdır. Sarayda keçiriləcək idman yarışlarını 6 min tamaşaçı izləyə biləcəkdir. Burada idmançıların məşq etmələri, respublika və beynəlxalq səviyyəli yarışların təşkili üçün hər cür şərait olacaqdır. Tikinti işlərini xarici və yerli şirkətlər icra edir.

Dövlətimizin başçısına və xanımına Avropa Oyunları Parkının layihəsi əsasında aparılacaq inşaat işləri barədə də məlumat verildi.

Bildirildi ki, 18 hektar ərazidə inşa ediləcək Avropa Oyunları Parkı üç idman qurğusundan - su polosu, çimərlik voleybolu və futbolu, basketbol yarışları qurğularından ibarət olacaqdır. Bu qurğular arasında ikimərtəbəli funksional keçidin inşası da nəzərdə tutulur. Burada dörd hissədən ibarət funksional sahələrin yaradılması üçün də xüsusi ərazi ayrılmışdır. Avropa Oyunları Parkında iclas və konfrans zallarının, kafe və funksional otaqların inşası da nəzərdə tutulur. Parkda, həmçinin mətbuat və yayım üçün çəkiliş qurğuları sahəsi, avtomobil dayanacağı və digər xidmət sahələri də yaradılacaqdır.

Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi.
Şərhlər
Siyasət bölməsinin xəbərləri