Bakıda 288 yeni duracağın yaradılması planlaşdırılır

Bakıda 288 yeni duracağın yaradılması planlaşdırılır Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) paytaxtda avtomobillərin küçələrdə parklanması üçün 288 müvəqqəti duracaq yerinin yaradılması barədə təklif göndərib. Bunu Trend-ə açıqlamasında NİİM-in İctimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı deyib.

Onun sözlərinə görə, NİİM tərəfindən aparılan araşdırmalar göstərir ki, Bakıda qanunsuz parkinqlərin sayı həddindən artıq çoxdur: "Məsələn, araşdırma aparılarkən 2012-ci ildə 3050 qanunsuz avtomobil parkinqi qeydə alınmışdırsa, 2013-cü ildə onların sayı 8 minə çatıb. Qanunsuz parkinqlərə daha çox isə Üzeyir Hacıbəyov, Bülbül və Zərifə Əliyeva küçələrində rast gəlmək olur".

NNİM-in sözçüsünün fikrincə, Bakı Şəhər İcra Hakimiyyətinin yol kənarlarında avtomobil saxlanılmasına qoyduğu qadağanı icra etmək isə heç də asan olmayacaq. Çünki hələki yerüstü qanuni parkinqlər yoxdur. Vəziyyətdən çıxış yolunu isə NİİM müasir intellektual parkinqlər yaradılana qədər müvəqqəti parkinqlərin yaradılmasında görür: " Mərkəz 2 il müddətində 185 nöqtədə apardığı araşdırmaların əsasında paytaxtda küçə parklanması üçün 288 müvəqqəti duracaq yeri təklif edir. Hazırda bununla bağlı NİİM və BŞİH arasında müzakirələr aparılır".

Ş.Məhmanqızı qeyd edib ki, NİİM-in işinin bir hissəsi də qanunsuz parklanmaya nəzarət etməkdən ibarətdir. Mərkəzin bütün texniki avadanlıq və kameraları, NİİM-in dayanacaqlarda avtobus-informasiya terminalları, DİN-in ümumi sistemə inteqrasiya olunmuş müşahidə kameraları, eləcə də sürücülərin baza məlumatları ona imkan verir ki, parklanma işlərinə nəzarəti tam həyata keçirə bilsin.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Bakının küçə və prospektlərindəki qanunsuz parkinq məsələsi ilə bağlı iradını bildirib. Dövlət başçısının iradından sonra aprelin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 17-də paytaxtın küçə və prospektlərində yol kənarında avtomobillərin qanunsuz saxlanılmasına qarşı tədbirlər görülməsi barədə sərəncam imzalayıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri