Bakıda Parklamaya Nəzarət Sisteminin fəaliyyəti gücləndirilib
- 22.04.2014, 00:00,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda Parklamaya Nəzarət Sisteminin fəaliyyəti gücləndirilib. Bu barədə Trend-in sorğusuna cavab olaraq Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı məlumat verib.
NİİM-in rəsmi bildirib ki, nəqliyyat vasitələrinin qanunsuz olaraq parklanması nəqliyyat axınına mane olan və yollarda tıxacın yaranmasına səbəb olan əsas amillərdən biridir. Qanunsuz parklanan nəqliyyat vasitələri nəqliyyat axınında maneələr yaratmaqla bərabər, avtobusların dayanacaqlara daxil olmasına da maneçilik törədir: "NİİM-də mövcud olan Nəqliyyatda Siqnala Nəzarət sistemində şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin sıxlığının qarşısının alınması məqsədilə tətbiq olunan "yaşıl dalğa" əmri yol kənarında qanunsuz parklanan nəqliyyat vasitələri səbəbindən tam icra olunmur. Buna misal olaraq 28 May küçəsi ilə Rəşid Behbudov prospektinin kəsişməsi, Rəşid Behbudov prospekti (Mərkəzi Bankın qarşısı), Azadlıq prospekti (Neft Akademiyasının qarşısı) və s. göstərmək olar".
Ş.Mehmanqızı qeyd edib ki, mövcud problemləri nəzarə alaraq, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində Parklamaya Nəzarət Sistemi yaradılıb: "Sistem nəqliyyat vasitələrinin parklanma qaydalarına nəzarəti həyata keçirir və qaydaların pozulması aşkar edildiyi halda sanksiyaların tətbiqini nəzərdə tutur. Nəqliyyat vasitəsinin parklamanın qadağan edildiyi yerdə dayanması Sistem tərəfindən parklama qaydalarının pozulması kimi qiymətləndirilir".
Onun sözlərinə görə, hər bir dirək uzərində iki kamera mövcuddur ki, onlardan biri müşahidə digəri isə nəzarət kamerasıdır. Nəqliyyat vasitələrinin aşkar edilməsi və onlara müəyyən sanksiyaların tətbiqi avtomatik rejimdə növbəti qaydada həyata keçirilir: "Avtomobil yollarını daim nəzarətdə saxlayan parklamaya nəzarət kameralarının köməyi ilə bu nəqliyyat vasitəsi aşkar edilir. Parklamaya nəzarət sistemi vasitəsilə həmin nəqliyyat vasitəsinin dövlət nömrə nişanının tanınması prosesi həyata keçirilir. Dövlət nömrə nişanına uyğun olaraq nəqliyyat vasitəsinin sahibi müəyyənləşdirilir".
NİİM-in sözçüsü deyib ki, hazırda nəqliyyat vasitələrinin qadağan olunmuş ərazilərdə saxlanması müddəti müəyyən olunmuş dəqiqə ilə məhdudlaşdırılıb: "Əgər hər hansı bir nəqliyyat vasitəsi parklanmaya icazə verilməyən ərazidə müəyyən olunmuş dəqiqədən artıq durubsa, onu nəzarət kamerası avtomatik olaraq ikinci dəfə qeydə alır və nəqliyyat vasitəsinin sahibinə cərimə tətbiq olunur".
Hər bir cərimə vərəqəsinə nəqliyyat vasitəsinin 4 fotoşəkli daxil edilir. Bunlardan ikisi avtomobilin ilkin gorüntüsü, sonrakı ikisi isə son görüntüsüdür. Tətbiq olunan cərimə vərəqələrində digər avtomobillərin dövlət nömrə nişanlarının və piyadaların görüntülərinin gizli saxlanılması təmin olunur.