"Azərsu" Bakıda baş vermiş çökmə hadisəsi ilə bağlı görülən işləri açıqladı

Nobel prospektində yolun çökməsini kanalizasiya kollektorundakı sızma ilə əlaqələndirmək hələ tezdir. Bunu Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "Bakı Sukanal" İdarəsinin Yağış və tullantı suları departamentinin rəisi Əlizadə Nəsirov deyib.

Ə.Nəsirov bildirib ki, onlar kollektora baxış keçiriblər və baxış nəticələri deməyə əsas verir ki, kollektorda sızma baş verməyib: "Sadəcə biz çökmənin kollektora ziyan vurub-vurmamasını araşdırırıq. Hələ ki çökmənin səbəbi məlum deyil. Qərar qəbul olunub ki, batmış hissə doldurulsun və oraya asfalt vurulsun. Hazırda Fövqəladə Hallar Nazirliyi, "Azərsu", "Azəryolservis" çökmənin səbəbini müəyyən etmək üçün birgə araşdırma aparır".

Qeyd edək ki, bu gün səhər 08:00 radələrində Bakının Nobel prospekti, 67 ünvanında, "Azərneftyağ" neft emalı zavodunun qarşısında şəhər istiqamətində yolda çökmə baş verib. Yolun alt hissəsindən keçən, eni 1860 mm olan kanalizasiya kollektorunun sızması nəticəsində yolun əsası və torpaq yatağı yuyulub, bununla da asfalt-beton örtüyü tamamilə çöküb.
Şərhlər
Sosial bölməsinin xəbərləri