Kürdəmirdə ev yanıb, uşağı xilas edən ata yanıq xəsarəti alıb
- 22.04.2014, 15:13,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Kürdəmir rayonunda fərdi yaşayış evi yanıb, bir nəfər yanıq xəsarəti alıb.
FHN-in Kürdəmir Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 11:00 radələrində Pirili kəndində qeydə alınıb.
Kənd sakini, 1953-cü il təvəllüdlü Kərimov Hörmətəli Əlimövsüm oğluna məxsus, ümumi sahəsi 140 kvadratmetr olan 4 otaqlı fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün əraziyə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.
Hadisə zamanı evin 26 kvadratmetrlik hissəsi yanıb, 114 kvadratmetrlik hissəsi yanğınsöndürənlərin səyi nəticəsində alovdan xilas edilib. Hadisə zamanı ev sahibinin oğlu, 1985-ci il təvəllüdlü Kərimov Əlimövsüm Hörmətəli oğlu yanan evin içində qalan 3 yaşlı övladını xilas edərkən yanıq xəsarətləri alıb.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.