Səfir: İran Prezidentinin Azərbaycana səfəri üçün hazırlıq işləri görülür
- 26.04.2014, 19:00,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri üçün hazırlıq işləri görülür. Trend-in məlumatına görə, bunu Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov İranın "Mehr" agentliyinə müsahibəsində deyib.
Səfir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev İranda səfərdə olduğu zaman iranlı həmkarı Həsən Ruhanini Azərbaycana dəvət edib: "Hazırda bu səfərin yaxın gələcəkdə Prezident Ruhaninin iş qrafikinə uyğun baş tutması üçün işlər görülür".
C.Axundov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri iki ölkə arasında əlaqələrin möhkəm təməl üzərində qurulduğunu və bunun hər iki ölkənin xeyrinə olduğunu göstərir.
Onun sözlərinə görə, səfər zamanı iki ölkə arasında imzalanmış sənədlər, dövlət başçılarının görüşdə və görüşdən sonrakı çıxışları və bəyanatları göstərir ki, gələcəkdə iki qonşu və dost ölkə arasında əlaqələr artan templə irəliləyəcək.
Diplomat vurğulayıb ki, Azərbaycan və İran bölgədə və dünyada baş verən bir çox proseslərlə bağlı eyni mövqedədirlər.
C.Axundov deyib ki, hər iki ölkə başçısı Azərbaycan və İran arasında bütün sahələrdə əməkdaşlığın inkişafını dəstəkləyib və bunun üçün kifayət qədər potensial olduğunu bildiriblər.