"Nargin" adasında yaradılacaq cənnət (FOTO)
- 27.04.2014, 19:05,
- Iqtisadiyyat / Foto
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Nargin” adası kimi tanınan “Böyük Zirə” adasının gələcək taleyi memarların yaradıcılıq müzakirəsinə verilib.
Live.az-ın ANS-ə istinadın verdiyi məlumata görə, aprelin 26-da Azərbaycan Memarlar İttifaqında “Azərbaycan mirvarisi” adlanan turizm layihəsinin müzakirəsi keçirilib. Tanınmış memar Rasim Babakişiyev təqdim etdiyi layihənin əsas məqamları barədə tədbir iştirakçılarını məlumatlandıraraq bildirib ki, adanın relyefi burada hər cür infrastruktur yaratmağa imkan verir. Layihədə müasir dövrün bütün tələb və təklifləri nəzərə alınıb. Adaya gələn turistlər burada qədim Azərbaycan ənənələrini görmək imkanını qazanacaqlar. Layihənin əsas üstünlüyü isə odur ki, burada yaşayan sakinlər üçün bütün infrastruktur layihələri icra olunacaq.
Müzakirələrdə iştirak edən memarlar dəyərli təkliflər irəli sürüblər. Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə və digərləri çıxışlarında layihənin peşəkarcasına hazırlandığını qeyd ediblər.
Bakı arxipelaqının ən böyük adası olan Böyük Zirə-Nargin adasında hazırlanacaq “Azərbaycan Mirvarisi" turizm layihəsinin dünyada analoqu yoxdur. Layihə ölkəmizə gələnləri heyrətə gətirəcək. Bakının sahil xəttindən 10 km məsafədə yerləşən Nargin adasının turizm məqsədi ilə istifadəsi üçün layihə hazırlanır. "Azərbaycan mirvarisi" adlanan bu layihə həyata keçiriləndən sonra ölkəmizə turist axını da artacaq. Bura gələcək turistlər Azərbaycan mədəniyyəti və tarixi ilə tanış olacaqlar. İnşaat işlərində millilik nəzərə alınacaq. İlk olaraq tikiləcək Karvansaray oteli isə milli üslubda olacaq. Layihənin memarı Rasim Babakişiyev deyir ki, adaya gələn turist özünü orta əsrlərdə hiss edəcək.
Bu adada dini tolerantlıq da nəzərə alınıb. Ərazidə məscid, kilsə və sinaqoq da inşa olunacaq. Adada böyük beynəlxalq tədbirlər və sammitlərin keçirilməsi də mümkün olacaq. Belə ki, bu məqsədlə layihədə 2 böyük otelin arasında universal zal tikiləcək. Zal 3000-3500 nəfər üçün nəzərdə tutulub. Adanın layihəsində də gənclər üçün xüsusi məkan nəzərdə tutulub. "Cavanlar məhəlləsi" adlanan həmin ərazi müxtəlif əyləncə məkanları ilə fərqlənir.
Layihəyə görə, adada benzinlə işləyən avtomobillərdən istifadə olunmayacaq. Ekoloji təmizliyi qorumaq üçün burda qolf maşınlar hərəkət edəcək. "Azərbaycan mirvarisi" ilə yaxından tanış olmaq istəyənlər isə adaya Azneft meydanı və Zığ qəsəbəsindən gəmi ilə gedə biləcəklər.