Novruz Məmmədov: “Qərb istəyirdi ki, biz Avropa Birliyi ilə assosiativ sazişə gedək, amma oradan bizim ərazi bütövlüyümüz məsələsini çıxardılar”
- 29.04.2014, 19:01,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumu işini davam etdirir.
APA-nın məlumatın görə, növbəti paneldə bir sıra ölkələrin keçmiş dövlət başçıları ilə yanaşı, Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da iştirak edir.
Forumda çıxış edən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili dövlət təsisatlarının rolundan danışaraq bildirib ki, bu gün artıq Gürcüstanda formalaşmış dövlət təsisatları var. O, Ukraynada yaranmış vəziyyətə diqqəti cəlb edərək xatırladıb ki, bir vaxtlar Gürcüstan da eyni vəziyyəti yaşayıb: “O vaxt bizdə də insanlar təsisatlara güvənmirdi, inanmırdı. Amma biz təsisatları formalaşdırdıq və insanlara bunu sübut etdik. Bu gün regionumuzda təhlükə mənbəyinə çevrilən Ukraynadakı vəziyyətdən çıxış yolu üçün də indi bu lazımdır”.
M. Saakaşvili qeyd edib ki, Azərbaycan regionda ən güclü dövlətdir: “Biz bir çox təchizatlara görə Azərbaycana borcluyuq”.
Çıxış edən Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bəyan edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra regionda ən uğurlu inkişaf yolunu müəyyən edən dövlətdir: “Buna baxmayaraq, ümumi inkişaf yolu var və buna doğru getmək lazımdır. Bunun üçün də biz Avropa Birliyi ilə bu qədər sıx əməkdaşlıq edirik. Lakin bununla belə, həm coğrafi şərait, həm də digər faktorlar ölkənin inkişaf modelində müəyyən xüsusiyyətləri önə çəkir”.
N. Məmmədov beynəlxalq təşkilatları effektiv işləməməkdə ittiham edib: “Çox təəssüflər olsun ki, beynəlxalq aləmdə iki qütbdən birinin dağılmasından sonra qaynar nöqtələrin sayı həddən artıq artdı. Aradan illər keçməsinə baxmayaraq, hələ də bu münaqişələrin həllində uğurlar görmürük”.
N. Məmmədovun sözlərinə görə, Azərbaycanda bütün təsisatların formalaşmasına və inkişafına baxmayaraq, artıq 25 ildir ki, ölkə müharibə şəraitində yaşayır: “İndi burda dünyanın əksər ölkələrinin rəsmiləri, keçmiş başçıları, beynəlxalq aləmin tanınmış siyasətçiləri ilə bir yerə yığışmışıq. Gəlin özümüzə belə bir sual verək: Əgər bu 3 Cənubi Qafqaz ölkəsi müstəqillik əldə etdikdən sonra birlikdə, bir istiqamətdə inkişaf yolu seçsəydi, səylərini birləşdirsəydi, nəticə necə ola bilərdi? Amma çox təəssüf ki Qərb dövlətləri bu keçən dövrdə bu istiqamətdə düşünmədilər, heç səy də göstərmədilər. Düşdüyümüz münaqişə elə olduğu kimi qalır və artıq 25 ildən çoxdur davam edir. Bu günə qədər də münaqişəni dayandırmaq cəhdi olmayıb. Avropa ilə əməkdaşlığımıza baxmayaraq, nə ATƏT-in Minsk Qrupu, nə də dünyanın iri mərkəzləri münaqişənin həlli üçün qəti mövqe göstərmədilər”.
N. Məmmədov çıxışında maraqlı açıqlama da verib: “Qərb istəyirdi ki, biz Avropa Birliyi ilə assosiativ sazişə gedək, amma oradan bizim ərazi bütövlüyümüz məsələsini çıxardılar. İndiyə qədər 15 ildən çox Avropa Birliyi bizim ərazi bütövlüyümüzü tanıyıb, amma son vaxtlarda bunu qəbul eləmək istəmir. İndi biz bunu necə başa düşək? Artıq belə məsələlər bizi çox düşündürür. Baxın, necə ola bilər ki, Ukrayna böhranı ilə bağlı dünyanın iri dövlətlərinin başçıları, hansı ki onlardan biri də ABŞ prezidenti Barak Obamadır, hərəsi düz bir saat çıxış edərək beynəlxalq hüquq və onun qorunmasını dəfələrlə tələb etdilər, konkret tədbirlərə başladırlar. Amma Azərbaycanla bağlı, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar onlardan heç biri heç olmasa “bu məsələ beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır” ifadəsini işlətmir. Nə üçün? Niyə axı belə kobud ikili yanaşma var? Artıq düşünürük: biz yolumuzu düzmü seçmişik ki, belə ikili yanaşma ilə rastlaşırıq?..”