Türkiyənin sabiq xarici işlər naziri: “Ermənistan sülh istəyirsə, ilk olaraq 5 rayondan geri çəkilməli, bundan sonra isə sülh danışıqlarına başlanmalıdır”

“Türkiyə hər zaman Azərbaycanın yanında olacaq”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin bildirib.

İndiyədək Türkiyənin Azərbaycanın yanında olduğunu xatırladan Hikmət Çətin deyib ki, ölkəsi bundan sonra da bu mövqeyinə sadiq qalacaq.

Sabiq nazir Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyəti də qiymətləndirib: “Artıq münaqişənin həllinin vaxtı çoxdan keçib. Ermənistan böyük itkilər verib. Əgər Ermənistan bu münaqişənin həllini əvvəlcədən istəsəydi, o zaman bu qədər itki verməzdi. Yəni bu gün bölgədə həyata keçirilən bir çox layihələrdə Ermənistan da yaxından iştirak edəcəkdi. Yaxşı yadıma gəlir, 1991-ci ilin 2 mayında Brüsseldə NATO-nun toplantısında iştirak edirdim. O zaman ABŞ dövlət ilə mən Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bir araya gətirməyə çalışdıq ki, Dağlıq Qarabağ münaqişəsi ən tez zamanda həll edilsin və bölgədə həyata keçirilən böyük layihələrdə Ermənistan da iştirak etsin. Çox gərgin bir vaxt idi, biz gecə saat 11.00-a qədər gözlədik. O zaman bizə məlumat gəldi ki, Ermənistan tərəfi görüşə gəlməkdən imtina edib. Bundan sonra da itirilən vaxt Ermənistan üçün pis oldu. Ermənistan çox şeyləri itirdi”.

Hazırda Azərbaycanın 20 faiz torpaqlarının Ermənistanın işğalı altında olduğunu vurğulayan H.Çətin ən yaxın zamanda bu işğala son qoyulmasının vacib olduğunu bildirib: “Əgər Ermənistan sülh istəyirsə, o zaman ilk olaraq 5 rayondan geri çəkilməli, bundan sonra isə sülh danışıqlarına başlanmalıdır. Bu prosesdə Türkiyənin, Avropa Birliyinin və Rusiyanın da iştirakı olmalıdır. Ermənistan prosesi nə qədər yubadırsa, bu onun özünə zərər vurur. Bunu Ermənistan rəhbərliyi anlamalıdır”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri