Elxan Məmmədov: Gəncədə yeni arenanın tikiləcəyi və ya köhnənin təmiri ilə bağlı danışıqlar aparılır
- 19.05.2013, 14:28,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Kəpəz" və komandanın ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunun vəziyyəti AFFA rəhbərliyinin diqqətindədir.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, yarıməsrlik tarixə malik ölkənin 2-ci böyük futbol arenası 25 000 tamaşaçı tutumuna malikdir. Hazırda baxımsızlıqdan əziyyət çəkən stadionun sağ tribunası qəzalı vəziyyətdədir. Qazonun durumu da istənilən səviyyədə deyil. Bütün bu problemlər ucbatından Gəncə komandaları oyunlarını burada keçirə bilmir.
Ötən əsrin 50-ci illərində tikilərək istifadəyə verilən arena "Dinamo" Kirovabadın 1967-ci ildə SSRİ çempionatının yüksək liqasına çıxması ilə indiki formasına salınmışdı. Həmin vaxtdan cüzi dəyişikliyə məruz qalan stadion bir dəfə olsun belə əsaslı şəkildə təmir olunmayıb. Yalnız "Kəpəz"in 1998-1999-cu illərdə UEFA kuboku və Çempionlar Liqasında ev oyunları zamanı tribunalar rənglənmiş və taxta oturacaqların bir qismi plastik oturacaqlarla əvəzlənmişdi.
AFFA-nın baş katibi Elxan Məmmədov: "Layihə var və biz ona baxış keçiririk. Müxtəlif təklifləri müzakirə edirik. Dəqiq qərar yoxdur. Çalışacağıq, qısa müddətdə qərar qəbul edək və işə başlayaq. Yeni arenanın tikiləcəyi, yoxsa köhnənin təmiri ilə bağlı danışıqlar gedir".
"Kəpəz"ə 4 ildir ki, maliyyə vəsaiti ayıran Naxçıvan Avtomobil Zavodu və AZNUR şirkətinin mövsümün sonunda kluba sponsorluqdan imtina edəcəyi gözlənilir. Bununla belə, komanda sponsorsuz qalmayacaq. AFFA prezidenti Rövnəq Abdullayev kluba yeni sponsorun tapılacağını bildirib: "Hazırda müxtəlif şirkətlərlə danışıqlar gedir. Çalışacağıq, yeni mövsümə kimi komandanın sponsoru olsun. İnanırıq ki, yaxın vaxtlarda sponsorun adı açıqlanacaq. Stabil sponsor istəyirik, ona görə də axtarışlar vaxt aparacaq".
Xatırladaq ki, 2006-2009-cu illərdə maliyyə problemlərindən əziyyət çəkən "Kəpəz" fəaliyyətini dayandırdığından Azərbaycan çempionatda iştirak etməyib.