Azərbaycanda "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti yaradılır

Azərbaycan Prezidenti İlham Əliyev nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.

Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi və nüvə texnologiyalarının sənaye, kənd təsərrüfatı, təbabət və digər sahələrdə vüsət alması Azərbaycan Respublikasında bu istiqamətdə tədqiqatların genişləndirilməsini və nüvə energetikasının yaradılmasını tələb edir. Ölkədə nüvə texnologiyalarının tədqiqi ilə bağlı indiyədək müəyyən işlər görülmüş, nüvə texnologiyaları ilə məşğul olan alimlər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində müxtəlif layihələrdə iştirak etmiş, müvafiq təcrübə toplamışlar. Bununla yanaşı, indiyədək aparılan araşdırmalar sırf elmi-nəzəri xarakter daşımışdır. Mövcud maddi-texniki bazanın zəifliyi və tədqiqat nüvə reaktorunun olmaması Azərbaycanda nüvə xammal ehtiyatları potensialının qiymətləndirilməsinə dair tədqiqlərin müasir tələblərə uyğunlaşdırılmasına imkan vermir. Nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirlərin həyata keçirilməsi respublikanın gələcək dayanıqlı inkişafının təmin olunmasında xüsusi əhəmiyyət kəsb edir.

Sərəncamda qeyd olunur ki, nüvə texnologiyalarının müasir dövrün tələblərinə və milli mənafelərə uyğun dinc məqsədlərlə istifadəsi, həmçinin nüvə texnologiyaları sahəsinin maddi-texniki bazasının yaxşılaşdırılması, yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi və tədqiqatların genişləndirilməsi zərurətini nəzərə alaraq, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti yaradılsın.

"Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətində ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilir:

Nazirlər Kabinetinə Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi; Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi; Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi; Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi; bu sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi tapşırılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Cəmiyyətin işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiq edilməsi; Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi; Cəmiyyətin icra orqanlarının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi; Cəmiyyətin icra orqanının rəhbərinin, onun müavinlərinin, nümayəndəlik və filiallarının, habelə törəmə müəssisələrin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi; Cəmiyyətin sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi tapşırılıb.

Əmlak Məsələləri Dövlət Komitəsinə isə Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə müəssisələrin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi tapşırılıb.

Müəyyən edilir ki, Cəmiyyətin sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və (və ya) ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

Nazirlər Kabineti iki ay müddətində Cəmiyyətin Nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etməli; Cəmiyyətin bina və zəruri maddi-texniki baza ilə təmin edilməsi ilə bağlı tədbirlər görməli; Cəmiyyətin müasir tələblərə cavab verən tədqiqat nüvə reaktoru və digər zəruri avadanlıqlarla təchiz olunması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli; Cəmiyyətin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Akademiyanın Radiasiya Problemləri İnstitutunun balansından Cəmiyyətə veriləcək əmlakın siyahısını müəyyən edərək verilməsini təmin etməli; Cəmiyyətin nizamnamə kapitalının formalaşdırılması və onun ilkin mərhələdə saxlanma xərclərinin maliyyələşdirilməsinin Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsini təmin etməli; Cəmiyyətin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli; bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Cəmiyyətin yaradılması ilə əlaqədar uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.

Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görəcək.
Fövqəladə Hallar Nazirliyi Cəmiyyətin nüvə və radioloji fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirməlidir.

Azərbaycan Milli Elmlər Akademiyası isə Cəmiyyətdə aparılan fundamental və tətbiqi elmi tədqiqatların əlaqələndirilməsini təmin etməlidir.
Şərhlər
Siyasət bölməsinin xəbərləri