Dünyasını dəyişən generalla vida mərasimi keçirilib
- 10.05.2014, 19:13,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində istefada olan tibb xidməti general-mayoru Dağlar Məmməd oğlu Abdullayevlə vida mərasimi keçirilib.
APA-nın xəbərinə görə, mərhumla vida mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi, Dağlar Abdullayevin ailə üzvləri və yaxınları iştirak edib.
Müdafiə nazirinin müavini Çingiz Məmmədov nazirliyin Dağlar Abdullayevin ölümü ilə bağlı yaydığı nekroloqu oxuyub.
Nekroloqu Zakir Həsənov, Nəcməddin Sadıkov, Çingiz Məmmədov, Qorxmaz Qarayev, Ramiz Tahirov, Natiq Əliyev imzalayıb.
76 yaşında dünyasını dəyişən Dağlar Abdullayev 2-ci Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, Müdafiə Nazirliyi rəhbərliyinin Dağlar Məmməd oğlu Abdullayevin vəfatı ilə bağlı yaydığı nekroloqda qeyd olunub ki, Dağlar Abdullayev 1938-ci il avqustun 15-də Ağdaş rayonunda anadan olub. 1961-ci ildə Silahlı Qüvvələrə çağırılaraq, Cənub Qrupu Qoşunları komandanının sərəncamına göndərilib.
1965-ci ilədək Cənub Qoşun Qrupu qvardiya tank diviziyasında «həkim-stomotoloq» kimi xidmət edən Dağlar Abdullayev sonralar Zaqafqaziya Hərbi Dairəsi motoatıcı diviziyasında xidmətini davam etdirib, 1968-ci ildən isə alayın tibb məntəqəsinin rəisi, baş həkimi, tibb xidməti rəisi vəzifələrində xidmət edib.
1978-1983-cü illərdə Cənub Qoşun Qrupu əlahiddə tibb-sanitar taborunun komandiri və hərbi hospitalın rəisi olub.
1983-cü ildə SSRİ Müdafiə nazirinin əmri ilə xidmətini davam etdirmək üçün yenidən Zaqafqaziya Hərbi Dairəsi komandanının sərəncamına göndərilib və Zaqafqaziya Hərbi Dairəsi hospitalının rəisi təyin edilib. 1985-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Hərbi kafedrasının tədris hissə üzrə rəisi təyin edilib.
1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb və Müdafiə Nazirliyi Arxa Cəbhə İdarəsi hərbi-tibb şöbəsinin rəisi, 1993-cü ildən idarə rəisi, Silahlı Qüvvələrin Tibb xidməti rəisi vəzifələrində xidmət edib.
2009-cu ildən Müdafiə nazirinin məsləhətçisi, müşavirlər qrupunun müşaviri, inspektorlar qrupunun müşaviri vəzifələrində xidmətini davam etdirib.
2014-cü il mart ayının 7-də Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb.
Dağlar Abdullayevə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 08 oktyabr 1994-cü ildə «tibb xidməti general-mayoru» ali hərbi rütbəsi verilib.
2006-cı ildə «Azərbaycan Respublikasının Əməkdar həkimi» fəxri adına layiq görülüb və bir sıra medallarla təltif olunub.