Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ümummilli liderin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun 10 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak ediblər (FOTO)

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ümummilli liderin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun 10 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak ediblər (FOTO) Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun 10 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak etmişlər.
Əvvəlcə Heydər Əliyev Fondunun 10 illik fəaliyyətinə həsr edilən film nümayiş etdirilmişdir.
Mərasimdə çıxış edən Prezident İlham Əliyev çoxşaxəli fəaliyyəti ilə nəinki respublikamızda, eləcə də beynəlxalq səviyyədə böyük nüfuz qazanan Heydər Əliyev Fondunun Mehriban Əliyevanın rəhbərliyi ilə ötən 10 ildə silsilə uğurlar əldə etdiyini vurğuladı. Dövlətimizin başçısı "Yeniləşən Azərbaycana yeni məktəb", "Xocalıya ədalət!", həmçinin səhiyyə, mədəniyyət və digər sahələri əhatə edən çoxlu sayda layihənin ötən illərdə müvəffəqiyyətlə həyata keçirildiyini bildirdi.
Məhdud sayda əməkdaşının peşəkarlığı ilə seçilən Fondun ötən illərdə Ulu Öndərin adını şərəflə təmsil etdiyini deyən Prezident İlham Əliyev Azərbaycan dövləti adından səmərəli fəaliyyətinə görə Fondun kollektivinə dərin minnətdarlığını çatdırdı.
Dövlətimizin başçısı bir-birinə tamamilə zidd olan dövrlərdə ümummilli lider Heydər Əliyevin Azərbaycanı yüksək zirvələrə qaldırdığını vurğuladı. Keçmiş ittifaq dövründə ən geridə qalan respublikalardan biri olan Azərbaycan cəmi 12 il ərzində Ulu Öndərin rəhbərliyi ilə özünü tam təmin edən iki donor respublikadan birinə çevrildi.
Prezident İlham Əliyev müstəqilliyin ilk illərində, çətin bir dövrdə xalqın tələbi ilə yenidən hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin Azərbaycanı böyük bəlalardan xilas etdiyini, ölkəmizin əsaslı inkişaf yoluna qədəm qoyduğunu dedi. Dövlətimizin başçısı ən ağır dövrlərdə Azərbaycanın Heydər Əliyevin şəxsi keyfiyyətləri, onun Vətəninə və xalqına dərindən bağlılığı hesabına bütün çətinlikləri dəf edərək hərtərəfli inkişafa nail olduğunu xüsusi vurğuladı.
Prezident İlham Əliyev hazırda da Ulu Öndərin siyasi kursunun uğurla davam etdirildiyini, respublikamızda yeni 10 illik inkişaf dövrünün başlandığını bildirdi. Ötən illərdə Azərbaycanın beynəlxalq nüfuzunun durmadan möhkəmləndiyini qeyd edən dövlətimizin başçısı 2023-cü ilə qədər nəzərdə tutulan bütün tədbirlərin də uğurla reallaşdırılacağına, Azərbaycanın indikindən də qat-qat güclü olacağına əminliyini ifadə etdi. Prezident İlham Əliyev müstəqil siyasət yürüdən Azərbaycanın bundan sonra da Ulu Öndərin strateji xəttinə sadiq qalacağını, Ümummilli Liderin ideyalarını rəhbər tutan xalqımızın dövlətimizi daim irəli aparacağını vurğuladı.
Mərasimdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış etdi. Mehriban Əliyeva Heydər Əliyev Fondunun bütün əməkdaşları adından Fondun fəaliyyətinə verdiyi yüksək qiymətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi. "Fond fəaliyyətinin ilk günündən Heydər Əliyevin adını daşımağa layiq olmağa çalışıb", - deyən Mehriban Əliyeva bildirdi ki, bu illər ərzində ən böyük uğur Azərbaycan xalqının etimadının qazanılması olub.
Fondun prezidenti rəhbərlik etdiyi təşkilatın Azərbaycanda çoxəsrlik köklərə malik xeyriyyəçilik ənənəsini bərpa etməyə çalışdığını vurğuladı.
Fondun çoxşaxəli fəaliyyətindən, icra etdiyi layihə və proqramlardan danışan Mehriban Əliyeva onu da qeyd etdi ki, 10 il ərzində Fond tərəfindən icra olunan layihələr ölkəmizin həyatının bir çox sahələrini əhatə edib, əldə olunan nəticələr isə çox genişdir. Reallaşdırılan proqramları sadalayan Mehriban Əliyeva bildirdi ki, bu gün bütün bu layihələrin nəticələri göz qabağındadır və onlar Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir.
Heydər Əliyev Fondunun prezidenti "Yeniləşən Azərbaycana yeni məktəb", "Talassemiyasız həyat naminə", Azərbaycanın zəngin irsinin qorunub saxlanılması, dini abidələrin bərpa olunması, dünyanın müxtəlif ölkələrində Azərbaycan günlərinin keçirilməsi, digər ölkələrin mədəniyyətlərinin qorunmasına dəstəklə bağlı icra edilən layihələri qeyd etdi, Fondun nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq qurduğunu bildirdi, Fondun müxtəlif ölkələrdəki nümayəndəliklərinin uğurlu fəaliyyətinə diqqət yetirdi. Vurğuladı ki, təşkilatın təşəbbüslərinə geniş şəkildə Azərbaycan gəncləri də qoşulur. Bundan başqa, Fondun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi fəaliyyəti də artıq nəticəsini verir.
Sonra 2009-cu ildə Fond tərəfindən təsis edilən "Qızıl Çinar" mükafatının 2014-cü il üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.
Ümummilli lider Heydər Əliyevin doğum gününə və Heydər Əliyev Fondunun 10 illik yubileyinə həsr edilən mərasim bədii proqramla davam etdi.
Şərhlər
Siyasət bölməsinin xəbərləri