Azərbaycan və Fransa prezidentləri İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunu gəzmişlər

Azərbaycan və Fransa prezidentləri İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunu gəzmişlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fransa Respublikasının Prezidenti Fransua Olland mayın 11-də İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunu gəzmişlər.

Fransa Prezidentinə Azərbaycan tarixinin və mədəniyyətinin incisi olan İçərişəhər barədə məlumat verildi. Bildirildi ki, tariximizin canlı əfsanəsi olan İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Qız qalası və Şirvanşahlar Saray Kompleksi UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilmişdir.
Prezident Fransua Ollandın diqqətinə çatdırıldı ki, İçərişəhər ərazisində alimlərimizin apardığı arxeoloji qazıntılar zamanı Azərbaycan tarixinə dair bir çox qiymətli maddi-mədəniyyət nümunələri aşkar edilmişdir. İndi Azərbaycan muzeylərinin ən qiymətli eksponatları olan bu tapıntılar tariximizin qədim dövrlərinin öyrənilməsi üçün geniş imkanlar açır. Vaxtaşırı Bakıda olan qonaqlar hər zaman İçərişəhərə böyük həvəslə gəlir, buradakı nadir ab-hava bu mədəniyyət ocağına turistlərin marağını azalmağa qoymur.

Sonra dövlət başçıları Muğam klubuna gəldilər.

Fransa Prezidentinə klubun tarixi barədə məlumat verildi.

İçərişəhərlə tanışlıqdan sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Fransa Prezidenti Fransua Olland birgə nahar etdilər.
Şərhlər
Siyasət bölməsinin xəbərləri