Bakıda bıçaq xəsarətləri ilə qətlə yetirilmiş kişi meyiti tapılıb

Bakının Sabunçu rayonu, "Koroğlu" metro stansiyası yaxınlığındakı evlərin birində kişi meyiti tapılıb.

APA-nın məlumatına görə, Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, sözügedən ərazidə yaşayanlar qonşuluqdakı evdən kəskin iy hiss etdiklərindən polisə məlumat veriblər.

Əraziyə gələn Sabunçu polisi İltifat Mehrəliyevi yaşadığı evdə ölü tapıb. Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, İltifat Mehrəliyev qarın və boğaz nahiyəsindən bıçaq zərbələri alaraq qətlə yetirilib.

Mərhumun oğlu Əliyar Mehrəliyevin APA-ya verdiyi məlumata görə, o atasının ölüm xəbərini polislərdən öyrənib. O atasının naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirildiyindən şübhələndiyini bildirib. Ə. Mehrəliyevin sözlərinə görə, fəhlə işləyən atası ilə hadisədən 10 gün öncə görüşüb.

Meyit ekspertiza olunmaq üçün Sabunçu rayon Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinə aparılıb. Faktı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi araşdırır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri