Türkiyədə kömür mədənində partlayış baş verib: azı 4 nəfər ölüb, 300-dək insan yerin altında qalıb

Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə partlayış baş verib, nəticədə şaxta uçub.

APA-nın "CNNTürk"ə istinadən verdiyi xəbərə görə, hakim Ədalət və İnkişaf Partiyasının Manisa əyalətindən olan deputatı Müzzəfər Yurtdaş hadisə nəticəsində 4 nəfərin öldüyünü bildirib. Bundan əvvəl isə o 20 nəfərin tüstüdən zəhərlənmədən və aldıqları xəsarətlərdən öldüyünü bildirmişdi. Onun sözlərinə görə, xəstəxanaya 17 yaralı yerləşdirilib. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

“Hurriyet” qəzetinin məlumatına görə, qəza yerin altında, 2000 metr dərinlikdə baş verib. İlkin versiyaya görə, partlayışa səbəb mədənin elektrik naqillərində baş vermiş qısaqapanma olub. Partlayışdan sonra şaxtada yanğın baş verib.

Partlayış baş verən an şaxtada 580 fəhlə olub, onlardan 280 nəfər şaxtanı tərk edə bilib. Yanğın nəticəsində lift sıradan çıxıb. Bu səbəbdən fəhlələrin şaxtanı tərk etməsində problem yaranıb.

Hadisə yerində xilasetmə əməliyyatı davam edir, çoxlu sayda “təcili yardım” maşını cəlb olunub.
Şərhlər
Dünya bölməsinin xəbərləri