Türkiyədə mədəndə baş vermiş partlayışda ölənlərin sayı 240 nəfərə yaxınlaşıb, ölkədə 3 günlük matəm elan olundu
- 14.05.2014, 18:59,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyədə kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 238 nəfərə çatıb. Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
Baş nazir bundan əvvəl 235 nəfərin həlak olduğunu demişdi.
Faciə ilə əlaqədar Türkiyədə üçgünlük matəm elan olunub.
Bundan əvvəl ölənlərin sayının 205 nəfər olduğunu deyən Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız qeyd etmişdi ki, partlayışın baş verdiyi anda mədəndə olan işçilərin sayı barədə dəqiq məlumatı yoxdur.
Onun sözlərinə görə, işçilərin sayı haqqında açıqlanan rəqəmlər mədən rəhbərliyi tərəfindən təqdim olunub. Nazir həmçinin məlumat verib ki, hazırda 150-dən artıq şaxtaçının xilas edilməsi üçün işlər aparılır.
Nazir bildirib ki, görülən işlər çərçivəsində mədəndən 370 nəfər çıxarılıb.
Nazir qeyd etmişdi ki, qəza vaxtı mədəndə 787 nəfər olub. Hələlik yalnız 363 şaxtaçı xilas edilib.
Partlayış işçilərin növbə dəyişikliyi zamanı olub.
Faciə İstanbuldan 250 km cənubda, Manisa vilayətinin Soma şəhərində özəl mədənlərdən birində, yerin təxminən 2 km dərinliyində baş verib.
İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olub, bu da yanğına və partlayışa gətirib çıxarıb. Partlayış yerində xilasetmə işləri aparılır.
Ölənlərin əksəriyyətinin dəm qazından zəhərləndiyi bildirilir. Hazırda xilasedicilər şaxtanı oksigenlə təmin edirlər.
Qeyd edək ki, Türkiyə Statistika İnstitutunun məlumatına görə, son dörd ayda ölkədə iş yerlərində bədbəxt hadisələr nəticəsində 1235 nəfər ölüb, onlardan 103-ü qadındır.