Yol polisi Bakı-Sumqayıt yolunda sürət həddinin azaldılması məsələsinə aydınlıq gətirdi
- 20.05.2013, 13:18,
- Cəmiyyət / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı-Sumqayıt yolunda sürət həddinin azaldılması haqqında xəbərlər həqiqətəuyğun deyil. Sürət həddi həmin yolun yalnız bir hissəsində azaldılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.
Şöbə rəisinin sözlərinə görə, Bakı-Sumqayıt yolunun 10-12-ci kilometri arasında, Xırdalan qəbristanlığının yanında nizamlanmayan piyada keçidi quraşdırılır. Bununla əlaqədar həmin ərazidə sürət həddi aşağı endirilib:
"Orada qəbristanlığa çoxlu piyada keçir. Xırdalan qəbristanlığının yanında piyada keçidini müəyyən edən "zebra" çəkiləcək. Orada artıq piyada keçidini müəyyən edən yol nişanı quraşdırılıb. Bununla əlaqədar həmin ərazidə avtonəqliyyat vasitələrinin maksimum sürət həddi saatda 60 km-ə qədər endirilib və müvafiq yol nişanı da quraşdırılıb. Bu hədd yolun Masazır dairəsindən Xırdalan dairəsinə qədər olan hissəsinə aid edilir".
Yol polisinin sözçüsü qeyd edib ki, Bakı-Sumqayıt yolunda müxtəlif sürət hədləri müəyyən edilib və bəzi KİV-də, xüsusən də xəbər başlıqlarında bu qərarın birmənalı olaraq bütün yola aid edilməsi barədə yer alan məlumatlar doğru deyil:
"Bakı-Sumqayıt yolunda sürət həddinin saatda 60, 90 və 110 km olduğu ərazilər var. Həmin yolda sürətin ümumiyyətlə saatda 60 km-dək azaldılması haqda yayılan xəbərlər yalnışdır və bunun ictimaiyyətə bu formada təqdim edilməsi düzgün deyil. Kimsə oxusa, deyəcək ki, sürət 110 idi, indi 60-a endiriblər. Bunun yalnız 1-1,5 km əraziyə aid olmasından xəbərsiz olacaqlar. Xəbərin sürücülər tərəfindən yalnış anlaşılması isə sonra müəyyən fəsadlara da gətirib çıxara bilər".