Bu gün səhər Bakı metrosunda baş verən yanğının səbəbi açıqlanıb

Bu gün səhər saatlarında Bakı Metropoliteninin yaşıl xətt üzrə “Həzi Aslanov”-“Dərnəgül” stansiyası istiqamətində hərəkətdə edən qatarlardan birində baş verən yanğının səbəbi açıqlanıb.

Bunu APA-ya “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
 
Onun sözlərinə görə, hadisə baş verəndən sonra qatar depoya aparılıb, orada baxış keçirilib: “Məlum olub ki, qatarın aşağı hissəsində yerləşən mühərrikdən çıxan naqillərdə boşluq nəticəsində qırılma baş verib. Naqil əriyib və nəticədə tüstülənmə əmələ gəlib. Bu qatar əvvəlcədən də baxışdan keçirilib. Sadəcə, qırılma qatar hərəkətdə olarkən baş verib. Məlumdur ki, boşluq olanda həmişə naqillərdə qırılma baş verir”.
 
N.Paşayev əlavə edib ki, zədələnən naqillər dəyişdiriləcək: “Qatarlar köhnədir, istismar müddəti tam başa çatmasa da, başa çatmaq üzrə olan qatarlardır. “Bakı Metropoliteni” QSC-yə qatarlar sonuncu dəfə 2000-ci ilin əvvəlində gətirilib. Düzdür, biz mütəmadi olaraq onları baxışdan keçiririk. Amma yenə də bu öz təsirini göstərir”.
 
N.Paşayev deyib ki, Fransa prezidenti Fransua Ollandın Bakıya səfəri zamanı Fransanın “Alstom” şirkəti ilə anlaşma memorandumu imzalayıb: “Ölkə üçün alınacaq qatarların sayı, ümumiyyətlə, onlar haqda ətraflı məlumat ancaq 2-3 aydan sonra dəqiq bəlli olacaq”.
Şərhlər
Hadisə bölməsinin xəbərləri