Azərbaycanda mayın 20-dən hava şəraiti dəyişəcək, güclü şimal küləyi əsəcək, temperatur düşəcək

Azərbaycanda bir neçə gün davam edən isti hava şəraitindən sonra mayın 19-dan 20-nə keçən gecədən hava sərinləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə bildirib ki, mayın 19-da günün birinci yarısında xoş hava şəraiti olacaq. Lakin mayın 19-dan 20-nə keçən gecə şimal küləyinin güclənəcəyi gözlənilir. Bununla əlaqədar mayın 20-də ölkə ərazisində havanın temperaturu orta hesabla 4-5 dərəcə enəcək.

Mayın 20-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu 25-28 dərəcə isti olacaq: "Abşeron yarımadası küləkli yerdir. Ona görə də hava şəraitinin sərinləşməsi Abşeron yarımadasında daha çox hiss ediləcək".
Azərbaycanın rayonlarında da hava dəyişəcək, temperatur enəcək.

Qeyd edək ki, sinoptiklər yaxın iki gün ərzində ölkədə havanın temperaturunun iqlim normasından yüksək olacağını proqnozlaşdırıblar. Mayın 17-də Bakıda və Abşeron yarımadasında havanın temperaturunun 28-33, ölkənin bəzi yerlərində 35, Aran rayonlarında 33-38 dərəcə isti olacağı gözlənilir.
Şərhlər
Sosial bölməsinin xəbərləri