İTV “Eurovision”da Azərbaycanın Rusiyaya verdiyi səslərlə bağlı bəyanat verdi

İTV “Eurovision”da Azərbaycanın Rusiyaya verdiyi səslərlə bağlı bəyanat verdi Azərbaycan İctimai Televiziyasının direktoru Cəmil Quliyev “Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycan tamaşaçılarının səslərinin Rusiyanın xeyrinə hesablanması faktı ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda deyilir:

“Rusiya məhz o ölkədir ki, Azərbaycanı onunla çox cəhətlər – həm ümumi maraqlar, həm ümumi bəşəri dəyərlər və nəhayət həm də ümumi tarix bağlayır. Bu gün Azərbaycan ilə Rusiyanın mədəniyyət və yaradıcılıq əlaqələri bir çox ölkələr, o cümlədən yaxın xarici ölkələr üçün yaxşı nümunə ola bilər. Azərbaycanda müxtəlif tədbirlərdə iştirak edən Rusiyanın yaradıcı kollektivlərinin vokal və artistlik istedadları geniş auditoriya toplayır. Azərbaycanın nümayəndələri də Rusiya auditoriyası tərəfindən eyni səmimiyyətlə qarşılanır. Rusiya tamaşaçısının “Eurovision-2013” müsabiqəsində Azərbaycan nümayəndəsinə veridiyi yüksək bal bunu təsdiq edir".

Bəyanatda qeyd edilib ki, bu yüksək bal Rusiya tamaşaçısının ölkəmizin nümayəndəsinin yaradıcılığına göstərdiyi ehtiramın nümayişidir.

"Azərbaycan İctimai Televiziyasının milli mobil operatorlardan aldığı məlumatlara görə, SMS səsvermənin yekun nəticəsi Rusiya ifaçısı Dina Qaripovanın ikinci yer tutduğunu göstərmişdir. Bu da Azərbaycanın milli səsverməsində Rusiyanın xeyrinə yüksək yekun balı təmin etməli idi. Qeyd edək ki, milli münsiflər heyəti də Rusiyaya yüksək qiymət vermişdir.

Azərbaycandan səslərin final hesablanmasında Rusiyanın bir bal belə qiymət almaması ciddi narahatlıq və təəccüb doğurur. Bu gün ictimaiyyətin, ziyalıların bir çox nümayəndələrinin, həmçinin yaradıcı insanların həmin fakt üzrə hiddət və narazılıq ifadə etmələrini başa düşmək olar. Biz onların fikri ilə tam razılaşırıq ki, Rusiya bu il gözəl nömrə və güclü ifaçı ilə iştirak edib.

Hesab edirik ki, SMS səsvermənin yekunlarına görə Azərbaycan tamaşaçısının verdiyi yüksək qiymət, habelə milli münsiflər heyətinin “Eurovision-2013” mahnı müsabiqəsində Rusiya ifaçısına verdiyi qiymət elan edilmiş bala adekvat deyildir.

Ürəkdən inanırıq ki, ola bilsin müəyyən əlaqədar qrupların təşəbbüsü olan bu hadisə Rusiya və Azərbaycan xalqlarının qardaşlıq münasibətlərinə kölgə salmayacaq”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri