Son vaxtlar adı sahib olduğu şirkətləri ilə birgə mətbuatın gündəmindən düşməyən “Baghlan Group”un prezidenti, “Bakı” və “Lans” klublarının sahibi, məşhur iş adamı Hafiz Məmmədovun “Qafqazinfo”ya müsahibəsinin təqdim edirik:
- Yəqin, özünüz fərqindəsiniz ki, son vaxtlar mətbuat ən çox sizdən yazır...
- Yəqin, qarşısını almırıq ona görə…Yazırlar ki, oxunsunlar. Özüm də vaxtım oldu oxuyuram, olmadı oxumuram. Çünki adam özü biləndə ki, xəbərlər neqativdir, onsuz da oxumur. Vaxt azlığından yaxşı şeyi də oxumuram, deyim ki yaxşını oxuyuram yox. Azərbaycana aid bir şey olanda ona baxıram. Maşallah, o qədər çox yazılıb ki, həm pis, həm yaxşı. Heç baxmıram.
- Mən düşünürəm ki, bu yazıların çoxluğu həm də ondan qaynaqlanır ki, sizin fəaliyyət sferanız böyükdür. Mən istəyirəm ki onlara bir-bir toxunaq.
- Hansından istəyirsən danışaq.
- Məsələn, siz “Bakı” klubunun rəhbərisiniz...
- Həm rəhbəriyəm, həm də yaradanlardan biriyəm.
- Bu futbol klubu ötən illər Azərbaycan Premyer Liqasında uğurlu fəaliyyət göstərsə də, son vaxtlar haqqında xoş olmayan məlumatlar dolaşmaqdadır.
- Nə barədə, oyun barədəmi, maddiyyat barədəmi?
- Həm oyun, həm də maliyyə barədə...
- Tamam, başa düşdüm. Deyirsiniz, yəni ondan başlayaq? Çünki bu suallar çox verilib. Hətta bəzi jurnalistlər deyir ki, futbolçular belə fikriləşir ki, Hafiz Məmmədov “Atletiko” ilə “Lans”a daha çox diqqət edir. Demirəm ki, “Bakı” həmişə doğmadır. Ən birinci “Bakı”dır. Bunu xaricilərə də demişəm. Ondan sonra “Atletiko”, ya “Lans” gələ bilər. Onlar da doğmadır. Amma “Bakı” daha doğmadır. Səmimi desəm, mən daha çox beynəlxalq standarta əsaslanan adamam. Futbolda o alınmır. Niyə? Elə mən özüm olum, ya da digər dostum olsun. Və yaxud elə-belə adam olsun, onun əziyyətinə baxıb onu səhvini mən bağışlayıram. Niyə? Çünki bu futboldur, biznes deyil. Səhv elədi, getməlidir. Klubun patriotudur. Ürəkdən istəyir. Patriotizm çox önəmlidir. Məsələn, Türkiyədə görürük deyirlər ki, sən necə azarkeş olmusan. Deyir ki, mən babamın çiynində oyuna gedirəm. Babam da deyir ki, babasının çiynində oyuna gedib. Ənənə var. İndi bunlar klubların patriotlarıdır. Ona görə mən bunlardan narazı olsam da, bunları ötüşdürə-ötüşdürə gəlmişəm. Keçən il mən qərar qəbul etdim ki, bunların hamısını buraxım evə. İstefa versinlər. Özü də belə şey olmayıb ey. Bir ildə hələ formalaşdıra bilməmişəm. İndi bir-bir orada artıq adam və ya patriot, qeyri-patriot strukturu deyişdirirəm deyə, diqqət azaldı.
- Yəni söhbət “Bakı”nın texniki heyətindən gedir...
- İşçilərindən, komandanın özündən yox. Komanda da artıq formalaşıb. “Bakı” tarixində ilk dəfə məşqçini mən gətirmişəm. Həmişə məşqçini viste-prezident gətirib, qardaşım gətirib. Bu, danılası deyil. Klubda çox adam dostumdu, qardaşımdı. Onlar klubu məndən çox istəyirlər. Ancaq Mininko Pantic ilk dəfə mənim gətirdiyim məşqçidir. Bunu “Atletiko Madrid” məsləhət görüb. Ancaq o, hələ öz komandasını qurmayıb. Köhnədən qalma komanda ilə işləyir.
- Onunla müqaviləni uzatdınız?
- Bəli, uzatmışıq. Milinko bilir ki, Hafiz dedisə, qutardı. Rəsmi olaraq təsdiqlənməsə də, o bilir ki, mənə lazımdır. Mən hələ belə məqşçi görməmişəm ki, xarici ola bir ildə buradan çıxmaya. Özü getmir, ailəsi yanına gəlib gedir.
- Digər məşqçilərin hamısı oyun qutaran kimi gediblər?
- Eləsi var gedib, eləsi də var getməyib. Eləsi var mənim məşqçim olub, Bülənt Qorxmaz, böyük kapitan, çox yaxşı oğlandır. Gedənlərdən biri odur ki, gedib, amma heç konpensasiya da almayıb. Əsl türkdür. Elə məşqçi olub ki, demişik gəl, səni yola salım deyib mənim konpensasiyamı ver gedim. Bülənt bunu istəmədən getdi. Sadəcə olaraq dedi ki, mənim fəlsəfəmə uyğun gəlmir, mən gedirəm. Ancaq Bülənt Qorxmaz hər istirahət günü Türkiyəyə gedirdi, çünki onun orda işi var idi, məsləhətçi işləyirdi. Milinko Pantiç isə heç bir yerə bağlı deyil, ancaq Azərbaycana bağlıdır. 100 faiz biz onunla işimizi davam etdirəcəyik. Pantiç “Atletiko”nun əfsanələrindən biridir, “Barselona”ya 4 qol vuran futbolçu olub.
- Futbolçuların maaşla bağlı narazıçılıqları son vaxtlarda gündəmdə idi. Maaşları gecikdiyinə görə, həvəslə oynamadıqları və qəsdən uduzduqları barədə xəbərlər dolaşırdı...
- Elə şey yoxdur. Maaşlarda bir balaca gecikmələr olub. “Bakı” futbol klubu bir ailədir. Ona görə oynamamaq söhbəti ola bilməz. Bəlkə, mən futbolçunu yoxlayıram bu yolla. Mən çox vaxt yoxlamışam. Görüm kimdir patriot? Ona görə də bu yolla bilmək istəyirəm, görəsən, doğurdanmı bu mənim oyunçumdur, ya yox? Bəli, maliyyə problemləri olub. Lakin bu problem də “Baghlan Group”la, Hafiz Məmmədovla bağlı deyil. Yəni ciddi bir problem deyil. Futbolçularım da deyir ki, prezidentə deyin ki, bizə pul önəmli deyil. Biz oynayacağıq. Çünki bu Hafiz Məmmədovun klubudur. Bizdə başqa söhbətlər ola bilməz. Nə olsa da, mənə heç gəlib qorxudan demirlər. Ola bilər, ya utandıqlarından demirlər, ya da qorxularından. “Bakı” klubu həmişə qarşısına məqsədlər qoyub və çatmaq üçün mübarizə aparaıb. Çünki mənim öz əqidəm də belədir ki, həmişə çalışmışam birincilərdən olum.
- Bu yaxınlarda AFFA “Bakı”nı futbolçularınızdan biri olan Aleksandr Tamovskinin mükafatının verilməməsinə görə lisenziyadan məhrum etdi. Bu barədə nə deyə bilərsiziniz?
- Yox, lisenziya söhbəti deyil. Biz axı Premyer Liqada yer tuta bilmədik. Avropaya getmək üçün topladığımız xallar kifayət qədər olmadı. Camaatdır da. Çox şeyi bir-biri ilə səhv salır. Lisenziya iki-üç məsləyə görə verilməyə bilər. Sənədlərin yerində olmasa, müqavilələrdə nəsə yalnışlıq olsa, o zaman lisenziya almırsan. AFFA da bizə nəzarət edən orqandır. Ancaq biz Premyer Liqada 5-ci yerdə qərarlaşdıq deyə, avrokuboklara vəsiqə əldə edə bilmədik. İndi bəziləri deyir ki, “Bakı” lisenziya almadığına görə Avropaya gedə bilmir. Lisenziya almaq üçün 5-10 manat pul lazımdırsa, Hafiz Məmmədov onu tapıb verəcək. Açığı, heç mən də bu il Avropaya getməyimzi istəmirdim. Avropaya gedən klub həmişə tələsik iş görür. Artıq may ayıdır. Gələn aydan etibarən oyunlar başlayır. Avrokuboklarda iştirak edən klublarda da bu dəqiqə qaçaqaç düşüb. Görəsən, kimi alaq, komandanı necə formalaşdıraq? Pantiçlə də söhbətimizdə mənə dedi ki, qışda komandanı formalaşdırmaq çətin olur. Yayda səviyyəli,yaxşı transferlər etmək mümkündür. Bir şeyi də ilk dəfə sizin sayt vasitənizlə elan edirəm, bundan qabaq heç yerdə deməmişəm. “Bakı”nın gələn mövsümdən etibarən heyətinin əsasını azərbaycanlı futbolçular təşkil edəcək. Bilirəm qarşıdakı suallarınızdan biri “Lans” klubu ilə də bağlı olacaq. Ancaq mən bir qədər qabaqlayım, bir məlumat verim. Azərbaycan “Lans”ın sahibidir də. 2016 Avropa çempionatı da Fransada keçiriləcək. Buna görə də bir neçə oyun məhz elə “Lans”ın stadionunda olacaq. Bu stadionda da Azərbaycanın bayrağı dalğalanır. İndi Fransa höküməti də pul ayırıb, stadionda rekonstruksiya işləri aparılır. Biz mübarizə aparırıq ki, gələn mövsümdən etibarən Fransada yüksək liqaya vəsiqə qazanaq. Sonuncu oyunumuz “Bastiya”ya qarşıdır. Onları məğlub edə bilsək, gələn mövsüm Fransanın əsas çempionatında mübarizə aparacağıq. Hətta məqsəd kimi başlanğıc üçün minimum 10-cu yerdə qərarlaşmağı planlaşdırmışıq. Mənə bu barədə fransızlar gəlib deyəndə ki, patron, 10-cu yerə razısan? Mən də cavab verdim ki, unutmayın bizdə, yəni “Lans”da “Land of fire Azerbaijan” sözü var, biz aşağıda ola bilmərik. Bacardığımız qədər yüksək yerlər üçün mübarizə aparmalıyıq.
- “Lans”ın sahibi sizsiz, ya Azərbaycan dövlətidir?
- Hafiz Məmmədov azərbaycanlıdır. Demək ki, “Lans” Azərbaycanındır.
- Klub olaraq soruşuram...
- Yox, dövlətin deyil. Mən vətəndaş kimi deyirəm. Biz bu klubu çox mötəbər, hörmətli bir bankdan almışıq. Adı “Kred Aqipol”dur.
- Yəni deyirsiniz ki, "Lans" Hafiz Məmmədov qarışıq Azərbaycanındır...
- Bəli. Azərbaycan bayrağı ordadır. Sabah Hafiz Məmmədov olmayacaq, Elbrus olacaq, ancaq, bu Azərbaycanındır. Bəzi şeyləri deyim. Mən bununla fəxr edirəm. Ermənilər bayrağı ordan çıxart deyəndə, adamlar deyir ki, patronlar var, get onlara de, mən çıxara bilmərəm. Sabah Hafiz Məmmədov çəkiləcək, ermənilərə verməyək ki? Deyəcək, Elbrus gəl sən idarə elə. Elbrus imkan tapıb Hafizdən onu ala bilər. Ancaq, bunu elə yerdən almışıq ki... Bir nəfərə demişdim ki, məndə elə kadrlar var ki, onu internet məkanına buraxaram, partlayar. Dedilər ki, biz bilirik sən ciddisən. "Lord Kale"nin prezidenti ki, var 3 dəfə senator seçilib. Ağsaqqal kişidir. 5 milyon 500 min əhalisi var oranın. Televiziyası da 50 faiz bu klubundur. 99 faiz klub Azərbaycana məxsusdur. Təsəvvür et ki, burada nə qədər siyasət var. Mən o klubu “Kred Aqipoldan” almışam. O, Fransanın ən mötəbər banklarından biridir. Ona görə keçən həftə hörmətli bir adamın müsahibəsi var idi. Fransadan olan, dedim ki, çox şükür ki, danışdınız. Deyir ki, bu nə puldur ki, Azərbaycandan bu kluba xərclənir? Dedim bu, həmin puldur ki, Monokaya, Paris Engelmene xərclənir. Elə "Lans"a da xərclənən həmin dövlətlərdən biridir. Bu hörmətli dövlət də Azərbaycandır. İkincisi niyə siz belə axmaq suallar verirsizniz? Xədicə Abbasova demişkən, mən onlara cavab vermədim, onların səviyyəsinə enmədim. Onlar boş-boş danışırlar. Çünki sən ermənilərin əlinə "kozır" verdin, kaş məni tənqid edərdin, ancaq, sən Azərbaycanı tənqid eləmə. Mən istər müxalifətçi, istər iqtidar olsun qəbul etmirəm. Sən Azərbaycan dövlətçiliyini qoruyacaqsan, Heydər Əliyev kimi. Sən məni pislə, Elbrusun yanında pislə, ölkəmdə pislə. Sən Fransıza mənim işimi pisləyəndə, ölkəmi pisləyirsən axı. Mən onun cavabını həmin verilişdə verdim, ancaq, bəzi hissələrini kəsiblər. Ermənilərindir axı... Mənim ölkəmə də, mənə də korrupsioner demə. Mən sənədləşən bir şirkətəm. Bu, çox çətin bir şeydir. Məni bazar qəbul edib. Mənim sənədləşməm o qədər avrostandartla, amerikstandartladır ki, o məni qəbul edib. Fransa bankı ona görə mənə bu klubu verdi. O müsahibənin də axırı o idi ki, Hafiz Məmmədovun dayağı, mənbəsi hardandır. Deyir Kred Akripol kimi mötəbər bir təşkilat yoxlamadan ki, bu pul nədir və kimdir heç vaxt Fransanın hörmətli klublarından birini verməzdi. O kanalın verilişinə baxsanız görərsiniz ki, bildirilir ki, klubu erməni şirkəti almaq istəyib, amma, Kred Aqripol deyib ki, qapılar bağlandı. "Baghlan Group” və Hafiz Məmmədov gəldi, bu, elə bizə lazım olan adamdır. Orda erməniyə sual ünvanlandı ki, bəs siz nə etdiniz? Deyir ki, gedib hər yerə şikayət etdik. Nə oldu? Deyir heç nə. Nə olacaq ki, qardaş? Avrostandart lazımdı sənə "Baghlann" Group” var. Amerikan standartı lazımdı burada var. Hər şey var. İstər Azərbaycan olsun, istər Özbəkistan.
- Bu alınma açıq şəkildə aparılmışdı?
- Əlbəttə, gizli heç nə yoxdur. Onlar deyir ki, siz bizim xilaskarımızsız. Özləri dedi ki, bu qədər maqnat "Lans"a dartınmadı. Hər gün ordan-bura iki dəfə gəlir. Mən onu deyə bilmərəm. Utanıram. 3 gün bundan əvvəl bir hadisə olub. 9 dənə jandarm gəlib. Nəsə hadisələr olub. Bunu mənə bir qadın dedi. Dedim mənə demə, get internetə denən. Dedi ki, sosial şəbəkədə paylaşacam. Dedim paylaş, amma, mənə demə. Məni, "Lans"ı istəyənsənsə, effekti olsun. Azərbaycanlıların bəziləri paxıldırlar axı... Deyir mənim inəyim ölüb, qoy qonşunun da inəyi ölsün. Bir dəfə erməni bir qadın mənə dedi ki, eynəyi çıxart, gözlərinin içinə baxım. Çıxardanda dedi ki, sən iranlısan. Dedim ki, yox, mən azərbaycanlıyam. Şəkil çıxartdı, dedi bunu tanıyırsan. Gördüm Serj Sarkisyanın şəklidi. Dedim o oğraşdı, şərəfsizdi, o filandı. Mübahisə düşdü. Mən onun yanında elə yekəxanalıq etdim ki... Özümü göstərdim ki, partlasınlar. Mən bununla fəxr edirəm. Əvvəl uşaqlarıma deyirdim ki, siz belə ölkənin vətəndaşı olduğunuz üçün xoşbəxtsiniz. Allaha and olsun, 50 yaşım var, mən o bayrağı görəndə, az qalsın ki, gözüm dolur. Madriddə girmişəm stadiona, ora baxıram" Land of Fire" bura baxıram "Land of Fire", tabloda baxıram Leyla xanımın "Euronews"da gedən süjeti, məni ağlamaq tutdu. Qara eynək taxdım ki, gözümün yaşı görsənməsin. Türkiyədə, Amerikada bayrağa olan məhəbbət indi bütün azərbaycanlılarda yaranıb. Bunu yaradıblar. Keçən səfər jurnalistlərlə görüşmüşdüm. Deyirlər ki, sənin patriotizmin var. Mənə dəli deyirlər. Kütlə demir, kütlə alqışlayır. Ancaq, deyənlər var. Deyirəm Mert Yosif dəliydimi? Ölkəsi üçün getdi, Ambrazouranın qabağını bağladı ya bağlamadı ki, dostları keçsin. Mənim ölkəmdi, mən bununla qürur hissi duyuram. Mən o pulu evimə də qoya bilərəm, o pulla başqa şey də edə bilərəm. Mən çalışıram etdiyimdən artıq edim ki, mənim ölkəm tanınsın. Azərbaycan adı olanda uşaq kimi yekəxanalıq edirəm. Ölkəmin adı gələndə elə edirəm ki, onlar görsün ki, azərbaycanlılar necə olur. Belə olmaq lazımdır.
- "Lans"ın işlərinə çoxmu qarışırsınız?
- Hələ qarışmıram. "Euro 2016"ya hazırlaşırlar. Deyiblər ki, sənin də pulunu xərcləməyəcəyik. Biz transfer məsələlərinə 2016-dan başlayacayıq. Ancaq gəlib hesabat verirlər, icazə alırlar. Məndən icazəsiz heç bir iş görmürlər.
- Və ola bilər ki, hətta ölkə də bundan qazansın...
- Ola bilər nədi? Əlbəttə, qazanacaq. Həm Fransa, həm də Azərbaycan qazanır. Mənim məşqçilərim var. Bir söz var demişəm. Rövnəq müəllim mənim yaxın dostumdur. Çox yaxşı oğlan, çox yaxşı təsərrüfatçı və rəhbərdir. Yaxşı bir sözü var. Deyir ki, futbolu da özüm oynayası deyiləm ki. Deyir hər şey yaxşıdı, futbolda məni tənqid edirlər. Rövnəq kimi federasiya prezidenti gəlməyib, gəlməyəcək. O, çox bacarıqlı, qanacaqlı, ürəyitəmiz, əliaçıq bir insandır. Ona demişəm ki, görəcəksən, 2-3 ildən sonra sənin oyunçuların Avropada oynayacaq. Cənab prezidentə Rövnəq müəllim kömək etməlidir, biz etməliyik. Mən də çəkilim durum qıraqda, başqası da. İmkan düşmüşdü. Düşdü aldım da. Almayardım? İndi həmin kluba praktikaya hər ay 30-40 uşaq göndərirəm.
- "Lans"a Azərbaycandan?
- Əlbəttə, "Madrid"ə də. Özü də 3-nü "Lans" seçib. O gün qəzetə baxıram. Yazıb ki, 17 yaşlı azərbaycanlı Mahir Mədətov "Lans"a göndərmişik. Sağ olsun, Rövnəq müəllim, Elxan Məmmədov. Mən dedim ki, 16-17 yaşlıları "Atletiko B” komandasına göndər. Mənim arzumdur ki, Avropa meydanlarında azərbaycanlılar oynaya. Xaricilərə demişəm ki, biznes edin. Bizim uşaqlar sadəlövdür. Mənim millətim sadədir. Və burada talantlar var, istifadə edin. Görün, necə oyunçular çıxacaq, qazanmaq lazımdır. İndi daha çox uşaqlara diqqət yetirilir. Argentinadan, Braziliyadan azyaşlılara pul qoymağa başlanılıb. Gör, Azərbaycandan nə qədər investor pul qazana bilər. Yadındadırsa, əvvəllər belə bir proqram var idi. Hamı iki-üç imtahan verib Moskvada, Kiyevdə oxumağa gedirdi. Yaxşı-yaxşı uşaqlar vardı aralarında. Mən deyirəm, futbol yolu ilə gəlib oxuyacaqlar. Uşaqları 8-10 yaşından qoyun futbola, ayağı da, başı da işləsin. "Lans"a göndərdiyim uşaqlardan çox razı qalıblar. Tək futbol oynamırlar, dərs də oxuyurlar. Deyirlər ki, həm futbolçu olsun, həm də adam olsunlar. O vaxt Starkov deyirdi ki, biz "Milan"a praktikaya gedəndə, dərslərdən biri psixologiya, biri filosofiya idi. Sonra deyirdi ki, o vaxtdan ulduz olmağa gedən 14-15 yaşlı uşaqlar tanınırdı. Daun deyirdi ki, braziyalılarla, afrikalılarla işləmək olmur. Düz deyir onu, çox çətindir. Onlarda qayda-qanun yoxdu. Qarşısındakı da cavab verir ki, qayda-qanun oldu-olmadı bilmirəm, ancaq dörd ildən bir onlar dünya kubokunu götürürlər. İndi də fərqi yoxdur, kasıbdır ya varlıdır, gəlsin uşağını futbola qoysun, uşağın ayağı da, başı da düz işləsə, o, oxuyacaq.
- "Qarabağ" çempion oldu. Deyəsən, siz də fikrinizi açıqlamışdınız?
- Mən açıqlamasam da, klub mənim adımdan açıqlamalı idi. Çünki mənim belə şeyləri dəstəklədiyimi bilirlər. Adına görə də çox sevinirəm. O klub orada olmalıdır. Rəhbərinin kim olmasının əhəmiyyəti yoxdur. Ancaq "Qarabağ" yaxşı komandadır, bu il çox gözəl oyunçularla, çox gözəl xidmət etdilər. Qurbanın özü mənim dostumdur. Çox yaxşı məşqçidir. Orada motivasiya var. Onlardan çox peşəkarları transfer edirik. "Atletiko" Azərbaycan adı ilə hara qalxırsa, o da Qarabağ adı ilə ora qalxır. "Qəbələ" də çox peşakar, inkişaf eləmiş komandadır. Ancaq fərqimiz odur ki, biz Bakı şəhəriyik, onlar rayondur. Ya digər bir klub "Neftçi"ni götürəsən. "Qarabağ"da o ad var. O ad o klubu qaldırır.
- Yəqin ki, may ayında final oyununa gedəcəksiniz...
- 100 faiz. Ürəyin istəyirsə, səni də aparım.
- Ölkə rəhbərliyindən kimsə gedəcəkmi?
- Rəhbərləri dəqiq bilmirəm. Ancaq çox adam dəvət ediblər. Özüdəki Azərbaycan adı var. "Atletiko"nun ÇL-nin finalından qabaq daha bir final oyunu var. Bu, gözlənilmədən oldu. O da "Barselon" ilə "Atletiko" arasında İspaniya çempionunun adına aydınlıq gətirəcək oyundur. İki həftə bundan əvvəl atəşfəşanlıq da hazır idi, biz çempionluğu qeyd etməli idik. Və bu çempionluq nədir? Gör, bunlar nəyə inanırlar? 19 ildən sonra keçən il kuboku götürdük. Azərbaycan adı düşdü onlara. 40 ildən sonra yarımfinala çıxıblar. 40 il nədir, ay qardaş? İndi də şans var ki, 20 ildən sonra çempion olsunlar. Hamısı 19-20 ildir. Bunlar necə Azərbaycan adına hörmət etməsinlər?
- Onlarla bağladığınız müqavilənin müddəti nə vaxt bitir?
- Müqavilə şərtlərimiz var. Uşaqların getməsi və sair. Bizim "Atlitoko"nun aksionerlərindən biri olmaq kimi fikrimiz də var. Bəzi işlər artıq görülüb.
- Yəni "Land of Azerbaijan" qalacaq?
- 100 faiz. Ancaq məsuliyyətdir. "Land of Azerbaijan" olmasaydı, Hafiz Məmmədov olsaydı, adam fikir verməzdi. Azərbaycan adı varsa, mən Elbrusu da götürəcəm ki, gedək görək nə edirik. Azərbaycan adını həmişə qaldırmalıyıq. Çox böyük məsuliyyətin altına girmişik.
- Hər halda özünüzü doğrultmusunuz...
- Şükür Allaha. Allah var göydə. Allah prezidentimizin canına dəyməsin. Çox şükür ki, Azərbaycan adı "Qarabağ" kimi düşüb onlara.
- Bu məsələrlə bağlı ölkə rəhbərliyini məlumatlandırırsınız?
- Bu, ölkə rəhbərliyinin siyasətinə dəstəkdir. Biz burada görüşdük. Cənab president, ümumiyyətlə, hər şeyə baxandır. Məlumatlı insandır. Özü də danışmışdı. Bunlar da qürur hissidir. Xocalı Soyqırımında "Lans" da var. Fransa Federasiyasına məktub yazdım ki, cəriməsini verəcəm, ancaq, Xocalı faciəsi günü çıxacaq mənim komandam. Dedilər ki, elə olsa, ümumiyyətlə liqadan çölə çıxarsan. Söhbət pulda deyil. İngiltərədə danışıqlar var idi. Ancaq "Atletiko" kişi kimi dediyini etdi, qarayla çıxdı. Erməni səfiri hücum etmişdi. Ermənistan dedi ki, "Atletiko Madrid" kimi düşmən yoxdur dünyada. Dalınca New York erməniləri Arda Turana zəng vurdular, təhqir etdilər. İspaniyada gəlib dedilər ki, xeyir ola siyasətə qarışmırdın, bəs indi niyə qarşırsan? Dedi ki, o ölkənin xeyiri də, şəri də bizimdir. O bizə dəstək verən ölkədir. Bu ölkənin xeyirinə də, şərinə də şərik olmalıyam. Dedi ki, onun qara tarixi də, qırmızı tarixi də, mənim tarixlərimdir.
- Yəni iki klubu ermənilərin nifrətinə tuş gətirmisiniz...
-İspaniyanı qoymuşuq qırağa, bu ölkənin ən qəşəng klublarından biridir, "Lans" Fransanın ən köklü klublarından biridir, həm də ermənilərin çox yaşadığı yerdir, dəli olmuşdular. Bunlar fantastik dərəcədə başlarını itiriblər. Necə almışıqsa, o klubu əllərindən... Partlayırlar. Məni istəməyənlər yazırlar. Azərbaycanlı kimi onlara sözüm var. "Land of Fire" saytını çıxarıblar Manoko şəhzadəsinin adamları. O deyir ki, bütün stadionu "Land of Fire" et. Dostumdur. İki gün idi dostluq edirdik. Deyir, Hafka ürəyin nə istəyir, gətir burada "Land of Fire" elə. Bilirsən də, "Lans" orada oynadı. Azərkeşləri avtobusla apardiq ora. Şahzadə 90 dəqiqə onlara baxdı. 5-0 uduzurduq, onlar stadionda oxuyurdular. Özü də sülh mahnılarını oxuyurdular. "Lans"ın da, "Atletiko"nun da azərkeşləri Avropada bir nömrədir. Avtobusla 12 saat yol gəldilər. oyuna baxdılar, birdə getdilər, ev oyununa. Çünki stadion 40 min olsa da onun dinamosu min, min beş yüz nəfərdir. Mənim özüm dəhşətə gəlmişdim. Adam da 5-0 uduzub bu qədər oxuyar. Elə bil ki, udubdur. Bu, erməniləri qıcıqlandırır. Oranın da prezidenti 3 dəfə senator seçilib. Yaşlı bir adamdır. Dedi ki, Azərbaycan "Lans"ın xilaskarıdır. Bundan sonra nə var Azərbaycanlıqdır. 5 milyon 500 min əhalisi olan "Lord Kale" legionudur o. Mənim Azərbaycanda biznesin fəlsəfəsinə dair dissertasiyam var.
- Biznesin fəlsəfəsində öz fəaliyyətiniz barədə yazmısınız ya necə?
- Demək olar ki, öz fəaliyyətimizdir də. 41 şirkətim var. Bəzən hamı deyir holdinq filan. Ancaq holdinqin mühasibatına nəzarət olunmasa, o holdinq deyil. Yəni kiçik müəssisə deyilən bir şey var. Bunların üçü-dördü birləşəndə qrup və ya holdinq olur. Holdinqlər birləşəndə sindikat, konsern, korporasiyaya çevrilirlər. Mən Azərbaycanda ilk korporasiyanı qururam. O,nə deməkdir? Mən biraz belə şeylərin romantikiyəm. Həmişə çalışmışam ki, ilk olam. İstər futbol olsun, istərsə də biznes olsun. Bunun əziyyəti, bəhrəsi mənə zövq verir. Ancaq xaricdə bir qədər bizim barədə təəsurat fərqlidir. Deyirlər, bazarda Azərbaycandan 3 şirkət var. Biri özəldir, üçü dövlət şirkətidir. Çox çətindir “İnternational Market”ə düşmək. Çox çətindir onların kitabına düşmək. O kitaba düşsən, artıq sənin üçün heç nəyin problemi olmur. “Lans”la danışıqlar gedəndə erməni şirkətini qəbul etmədilər, məni qəbul etdilər. Çünki mənim iş prinsipim onları qane etdi. Tutaq ki, ailədə 10 uşaq var. Tutaq ki, bunların 3-ü qazanır, evə pul gətirir, digər 3-ü qazanmır. Belə çıxır ki, onda həmin o qazanmayan 3 nəfər də qazananın sayəsində yaşayır. Bu yaxşı hal deyil. Biznesdə də bu prinsip əsas götürülür. Sənin bütün şirkətlərinə baxırlar. Hansı, necə işləyir? Biri yaxşı, digəri pis işləyirsə, bu neqativ haldır. Biri lap yaxşı işləyir, o birisi lap zəif. Deməli, zəif olan güclünün hesabına dolanır da. Bunları mən müşahidə etmişəm. Ondan sonra nəyinki, şirkətləri holdinqə, holdinqləri korporasiyaya çevirmişəm. “Baghlan Group”da bunun nümunəsidir. Bunu da “İnternational Market” bilir. Evdə uşaqlarıma da deyirəm ki, heç kimlə bəhs etməyin. Biz özəlik. Hamı bizimlə maraqlanır. Hava limanında da birinci qarşılayan deyir ki, Hafiz müəllim oxuduq, reytinqiniz düşüb. Mən də cavab verirəm ki, sən bu günə kimi reytinq bilirdin nədir? Elə mənim haqqımda yazılanları oxuduqdan sonra məlumatlı oldun da bu barədə. Mənim reytinq alan bir təşkilatım var. Mən reytinqi “Standart and Poors”dan almışam. Özü də müsbət şəkildə. Ona görə də mən bazara gedəndə qapını üzümə taybatay açırlar. Fransada “Baghlan Group”un reytinqinə baxdılar və bəyəndilər. Açığı indi biraz reytinqim düşüb. Sən çox varlı bir adam ola bilərsən. Hansı ki, “Baghlan Group” bu gün çox varlı bir şirkətdir. Ancaq müəyyən bir dövr ola bilər ki, sənin gözləntilərin vaxtında gəlib çıxmaya bilər. Digər yandan da sənin ödəmən var. Bu ödəməni edə bilmirsən vaxtında. Ancaq hamı bilir ki, sənin yaxşı imkanın var. İflas və defolt deyilən bir şey var biznesdə. İflas odur ki, artıq heç nəyin qalmır. Kreditorlar hər şeyini satırlar, sən də batırsan. Defolt isə vaxtında ödəmə etməməkdir. Gecikmən olur. Amerikanın “Tramp” şirkəti 8 dəfə defolt olub. Bakıda da onun bir binasını tikiblər. Bu da böyük bir hadisədir. Mənim dostum Anar Məmədovun gördüyü böyük işlərdən biridir. Anar Məmmədov Amerikada böyük işlər görür, Kəmaləddin Heydərovun oğlu Taleh Heydərov İngiltərədə böyük işlər görür. İndiki zamanda cavanlarımız xaricdə çox yaxşı işlər görürlər. Prezidentimizin qızı, Leyla xanım çox uğurlu işlərə imza atır. Bu gün “Baghlan Group”un da problemi tam olaraq defolt deyil. Zamanında ala bilməmisən, gecikmələr var.
- Son günlər Azərbaycan mətbuatında “Bank of Azerbaijan”ın problemləri ilə bağlı bir çox xəbərlər dərc olunur...
- Heç bir problem yoxdur. Bank işi olduqca təhlükəlidir. Mənə deyirlər ki, saytlarda bankla bağlı nəsə yazırlar. Onları yazanlar təxribatçılardır. Sən necə fikriləşə bilərsən ki, 10, 20, 50,100 min manat depozitini pul istəyən adama Hafiz, və ya Hafizin dostu pul tapıb verə bilməyəcək? Bu mümkün olan şey deyil. Mən “Ziver Bank”da çalışmış adamam. Ordan biznesə gəlmişəm. Adətən bankda bir balaca narahatlıq olanda insanlarda təşviş yaranır ki, gedim əmanətlərimi götürüm. “Bank of Azerbaijan”da heç bir problem yoxdur.
- “Bank of Azerbaijan” sizindir, ya Ziya Məmmədovun?
- Bank mənimdir, qardaş. Ziya müəllim Azərbaycanın hörmətli naziridir. Heydər Əliyev siyasətinə sadaqətli bir insandır. Mənim ağsaqqalımdır, böyüyümdür, dostumdur, atamdır, ata əvəzimdir. Mənim formalaşmağımda çox böyük rolu olub, mənə dəstək verib. Bir vaxtlar deyirdilər ki, taksi xidmətini dostuna bağışlayıb. Ziya müəllim nə taksi xidmətini, nə avtobus xidmətini dostuna verməyib. Bu işlər hamısı tenderlə müəyyənləşir. Təklif verildi və dəstəkləndi. Hafiz Məmmədov 30 milyon pul xərclədi taksiləri Bakıya gətirmək üçün. Bəziləri iddia edirdi ki, Hafiz Məmmədov ölkəsinə ziyan vurur, korrupsionerdir, monopoliyası var. Xeyr, monopoliya filan deyil… Nəqliyyat Azərbaycanda özəl əldədir, dövlətin əlində deyil. Hər şirkət isə bu riskə razı olmazdı. Kim risk edərdi bu işi öhdəsinə götürməyə? Hafiz Məmmədov isə Fransadan kredit cəlb etdi və taksiləri gətirdi.
- Azərbaycanda bank fazilərinin yüksək olması həmişə müzakirə mövzusu olub. Prezident seçkiləri dövründə prezidentliyə namizədlərin demək olar ki, hamısının qaldırdığı məsələ faizlərin yüksək olması ilə bağlı idi. Siz necə fikirləşirsiziniz?
- Banka qoyulan depozit satılmalıdır. Digər tərəfdən əhaliyə yüksək deposit faizi verilir axı. Əhali pulu 5 faizlə depozitə qoyursa, 7 faizlə kredit verilir. Mən 5 faizə deposit alıb, 1 faizə kredit verə bilmərəm axı. Bankın işi pul alıb satmaqdır. Baha alınanda baha satırsan. Bizim hələki bazarımız budur. Bu gün Avropa banklarında 1-dən yuxarı faizlə depozit qoya bilmərsən. Ancaq Azərbaycan banklarında 12-13 faizlə depozit qoyursan. İndi bəzi əks fikirlər səsləndirənlər iqtisadçı deyillər, ona görə belə düşünürlər. Yavaş-yavaş biz də Avropa səviyyəsinə gələcəyik, yəni sizing arzuladığınız 1, 2 faiz söhbətinə. Faiz nə qədər aşağı olsa, inam da bir o qədər çox olar.
- Neçə övladınız var?
- Üç oğlum var. Ən böyüyün 27 yaşı var. Mənə çox oxşayır. Elə bil asqırmışam, burnumdan düşüb. Bığı yoxdur, olsa deyərlər Hafkadır gəlir. İkincisi Sənandır. O, Londonda yaşayır, biraz “angliskiy” oğlandır. Üçüncüsü də dədəmdir. O, bir az bahalı vaxtıma düşüb deyə, ərköyündür.
- Nə iş görür oğlanlarınız?
- İkisi Naxçıvanda böyüyüb deyə, ora “ponyatıya”sı ilə gedirlər. Balaca burda böyüyüb, bəzi kaprizləri var. İki oğlum İngiltərədə universitet bitirib. Sənan Londonda “Atletiko” Madridlə “Bakı” klubu arasında olan əməkdaşlığın kordinatorudur. Onun vasitəsilə bizim beynəlxaq məsələlərimiz həll olunur. Yəni övladlarımdan narazı deyiləm. Əsas odur ki, vətənə millətə xeyirli övlad olsunlar.
- Problem yoxdur deyirsiz, ancaq “Bank of Azərbaycan” bu günlərdə ofisini tərk edib…
- Mənim İnqilab küçəsində yaxşı bir binam var. O yeri hamı tanıyır, mən niyə orda oturmayım? Ancaq əvvəlki yerdə filialımız qalacaq. Mənim keçən ildən belə bir planım var idi. Fikirləşdim ki, bank üçün yaxşı binadır. Bankın binası ayrı olmalıdır da. Bank olan yerdə mən olmamalıyam. Bank başqa binada olmalıdır. Bank sirrləri olan bir şirkətdi. Heç kəs onun sahibini, depozitlərin sahibini görməməlidir. Xalqda isə krediti alıb qaytarmaq mədəniyyəti olmalıdır. Kredit vaxtında qaytarılmayanda bəzi problemlər də çıxa bilər.
- Deyəsən, fransız şərabını çox sevirsiziniz?
- Fransız yox, italyan çaxırını sevirəm. Fransız çaxırlarını əvvəllər sevmişəm. Haqqımda Fransada çəkilən verilişdə də o, uşaqlara özüm hörmət əlaməti olaraq “Petrucci” şərabı verdim. Onlar heç vaxt bu şərabdan içməyiblər, çünki çox bahalıdır. Rastoranlarda 3000-3800 avro arasında dəyişir qiyməti. Onlara “Petrucci” verdim, özüm “Massetti” içdim. “Massetti” italyan şərabıdır. İtalyan şərabının təzəsi gözəl olur, fransız şərabının köhnəsi.
- Azərbaycan içkiləri ilə aranız necədir?
- Gözəl konyaklarımız, şərablarımız var. Vallah səmimi deyirəm. Hər gedəndə "Mercy Baku", Qəbələnin “Xan” arağını aparıb hədiyyə verirəm. İçənlər həmişə deyir ki, çox gözəldir. Hamısı superdir. “Hammer” markalı maşını eyni texlogoiya ilə burda da istehsal etmək olar. Yəni bizdə də yaxşı şərabın istehsal texnologiyası var. Azərbaycanın çox bərəkətli, İtaliyan torpağı kimi torpağı var. Çaxırın da getdiyi xüsusi yer var. İngiltərədə gedib gözəl şərab içə bilmərsən. Azərbaycan günəşli bir ölkədir. Naxçıvanın, Şəmkirin şərabları var. Bu, təbiətdən asılıdır. Mən hər yerdə fəxrlə deyirəm ki, Azərbaycan balaca bir ölkədir, 9 iqlim qurşağına malikdir, hər şeyimiz var. Bir yerdə göyçədi, bir yerdə nardı, bir yerdə qarpızdı. İnanılmaz bir şeydir. Fenomendir. 50 kilometrdən bir iqlim dəyişir. Alma Qubadadı, bu tərəfdə şaftalıdı, bu biri tərəfdə heyvadı. Mən həmişə qonağım olanda onlara pay qoyuram. Bazarda taxtadan yeşik düzəldən nəfər var. Klubumun azərkeşidir. Yeşiklərə "Bakı"nın, "Qız qalası"nın emblemlərini vurur. Məni tanımır, ancaq klubuma balet edir. Mənə həmişə deyirlər ki, qutunu açanda xüsusi iy gəlir. Bakıdan nə gətirmisən? Çoxları elə bilir ki, ətirdir. Göyərtinin, meyvənin iyi vurur. Bilirsən nə qədər ləzzət edir adama? İkrasını hələ demirəm.
- Dediniz ki, Ziya Məmmədov da, oğlu da dostunuzdur. Mətbuatı çox izləmədiyinzi dediniz. Ancaq yəqin ki, məlumatınız yəqin. Son zamanlar dostunuzun övladları mətbuatda ən çox müzakirə olunan adamlardır.
- Dostumun uşaqları deyil, qardaşının uşaqlarıdır. Amma, onlar da dostumdur.
- Bu yazılanlar nə dərəcədə doğrudur?
- Onlar çox gözəl insanlardır.
- Bəs yazılar necə, necə pis və yalandır?
- Mənim də maşını sürətli sürmək istədiyim vaxtlar olub. Vallah, o maşınlar sürət tələb edir. Ay qardaş, bir hadisəni bu qədər açıb-ağardarlarmı? Heç kim tərbiyəsizlik eləməsin, heç kim camaata narahatçılıq törətməsin, heç kim polisə qarşı kobudluq etməsin. Polis forması atributdur. Mənim 50 yaşım var. Polis saxlayanda maşından düşürəm. Əgər avtoşluqdan söhbət gedirsə, ictimai yerdə olmaz. Ona görə də, xaricdə avtoşluq üçün ayrıca yer ayrılıb. Bilmirəm indi bu uşaqlarla konkret nə olub. Cavan oğlandırlar. Möhkəm sürür-sürmür bilmirəm. Ancaq bunu niyə böyüdürlər anlamıram. Atası ilə, əmisi ilə də əlaqələndirmək düzgün deyil. Bizə yaraşmaz.
- Yəni Ziya müəllimlə dostsunuz və...
- Ziya müəllimlə dost deyiləm, o mənim ağsaqqalımdır. O, çox yaxşı kişidir. Ziya müəllim Heydər Əliyev siyasətinin fanatıdır. Göydə də olsa, yerdə də olsa ən birinci xatirinə saldığı adam Heydər Əliyev, İlham Əliyevdir. İnan mənə, səmimi deyirəm. Bu insan bu siyasətin fanatıdır. Bir çox nazirimiz elədir. Ancaq mən bu kişinin həmişə yanında olmuşam. Dərsini keçmişəm. Bu kişi mənə həmişə dəstək verib. Yəni, ata dəstəyi verib. Əvəzolunmaz bir kişidir. O, mənim dostum yox, böyük qardaşımdır. Ancaq mən onların hamısı ilə dostam. Həm oğlanları ilə, həm də özləri ilə. Yeganə adamam ki, həm oğlanları ilə, həm də özləri ilə dostluq edirəm. Mən çox yaxşı biznesi olan bir təşkilatın rəhbəriyəm. Həm də bankım var. Əslində mənim bankım deyil, uşaqlarımın bankıdı. Buna deyirlər, aidiyyatı şəxslər. Bəzi banklar kapitalın 20 faizindən yuxarı adama pul verə bilməzlər. Ancaq təsəvvür edin ki, mən bir biznes layihəsi edirəm və veloisipet gətirirəm, ancaq, o bankın 20 faizindən yuxarı vəsaitinə dəyə bilmərəm. Yəni, risk olmasın deyə, o kapitalının 20 faizini mənə verir. Bu biznes işi mürəkkəbdir. Gərək hər şeyi ölçüb-biçəsən.
- Nə üçün siyasətlə maraqlanmırsınız?
- Mən siyasətlə ömür boyu məşğul olmamışam, olmayacam da. Özdə Naxçıvanlıyam ha. Naxçıvanlılar bərk siyasətlə məşğul olan adamlardı. Hər işi görüb qoyarlar qırağa, axırıncı siyasətdən danışıb, yatarlar. Torpaq bizi elə böyüdüb. Bzi çox bağlı yerdə yaşamışıq. Bir-birimizə bağlı olmuşuq. Bölgəmiz elə olub. Biz hamımız siyasətçiyik. Ancaq mən məşğul olmuram. Çünki mən iş adamıyam. Əslində mən siyasətə xidmət edirəm, lakin müxalifət siyasətinə yox.
- Necə?
- Bu gün həyata keçirilən siyasətin alternativi yoxdur. Ona görə də mən bu kursu sevirəm. Bir dəfə bir türk dostumla siyasətdən danışanda mənə dedi ki, mən ölkəmdəki siyasətə dəstək verirəm. Dedim niyə? Dedi ki, alternativi yoxdu Türkiyə üçün. İndi Azərbaycan üçün bir siyasət var. O da Heydər Əliyev siyasətidir. Nəyi pisdir? Mən xaricilərlə söhbət edəndə deyirdilər, Bakı-Ceyhan olmayacaq. Necə yəni olmayacaq? Heydər Əliyev necə etdi ki, oldu? Hamı Azərbaycanı tanıyır. Bu siyasətin bəhrəsidir. Mən necə bu siyasəti sevməyim, necə uşaqlarımı bu siyasətə yönəltməyim? Bir azərbaycanlı kimi deyirəm sənə. Bardaq olmalıdı? Xeyr. Stabillik olmalıdır. Dövlətçilik üçün, xalqımız necədi? “Eurovision” dalınca Olimpiyada gəlir. Bilirsən nələr var? Allah and olsun ki, bu dəqiqə qonaq gəlib-gedəndə dəhşətə gəlir. Bakı çox gözəldir. Haqqında ən çox mahnı bəstələnən şəhərdir.
- Hardan bilirsiniz?
- Bilirəm. Hələ bilmirsiniz ki, yəhudilər Azərbaycanı necə çox istəyir. Burada yaşayan kim olursa olsun, Azərbaycan haqqında çox gözəl təəssüratları olur. İncik qalan yoxdu burada. Nə millətdən, nə xalqdan, nə də hökümətdən.
- Demək işləriniz qaydasında gedir…
- Gedir, sən də görəcəksən. Hərdən özüm belə eləyirəm… Bayaq qohum-əqraba gəlmişdi ki, evimizi sataq verək bəlkə sizə. Hər şey əladır, qardaş. Hər şeyin qaydası, öz yeri var. O tərəfi də qınamaq olmaz. O tərəf də işini görür. Heç bir problemimiz yoxdur. Banka gəlincə, bu bank Azərbaycanın ilk onluğuna düşəcək.
- Elə dünən eşitdim ki, bankın Sumqayıt filialı bağlanıb.
- Sumqayıt yox. Bu gün birinə qol çəkmişəm, ancaq bilmirəm hansı filialdır. Amma, bilirəm ki, bəzi filiallar yox səviyyəsində işləyirlər. Bunlar lazımsızdır. Filial xətrinə filial lazım deyil. Lazımdısa, orada bir zavod quraram, fond açaram camaata kömək edərəm. 10 nəfər işləsin deyə orada filial aça bilmərəm, bazar iqtisadiyyatıdır. Sən hansı bölgədənsən?
- Biləsuvardan.
- İstəyirsən, filialın birini də Biləsuvarda açaq...
- Mən bayaq gələndə bir neçə otaqda adamlar sizi gözləyirdi. Saat isə indi artıq gecə 12-ni keçib. Hər gün belədirmi?
- Neçə ildir ki, belədir. Mən səhərə qədər işləyirəm. Elə olub ki, evə səhər saat 8-də getmişəm.
- Bəs adam bu qədər işləyər?
- Şirkətin olanda, elə olacaq. Vaxt var idi ki, 8 saat yatmayanda özümü pis hiss edirdim. İndi iki saat yatanda şükür edirəm. Bədənim öyrəşib.
- Nəçə yaşınız var?
- 50 olacaq, yubileyimdir bu il.
- Nə vaxt?
- Dekabrda.
- Mən də dekabrdanam.
- Oxatansan?
- Yox, oğlaqam.
- Oxatan olsaydın deyərdim ki, sən də mənim kimisən. Başın divara dəyənə qədər gedirsən…
- Yubileyi qeyd edəcəksiniz?
- Əlli yaşla bağlı cənab prezidentin bütün ölkəyə bir nümunəsi var. Sadə və ciddi. Bu əsl tərbiyə vermək deməkdir…