"YARAT!" "PARTICIPATE Baku Public Art" layihəsini təqdim edib

"YARAT!" "PARTICIPATE Baku Public Art" layihəsini təqdim edib "YARAT!" Müasir İncəsənət Məkanı cümə axşamı birinci "012 Baku Public Art" festivalının uğurlarından ilhamlanaraq "PARTICIPATE Baku Public Art" layihəsini təqdim edib.

Trend-in məlumatına görə, bu layihə, açılışı 2013-cü ilin mart ayının 15-də olacaq, Azərbaycan və xarici rəssamların 10 əsərini özündə cəmləşdirən festivalın keçirilməsindən ibarətdir. "PARTICIPATE Baku Public Art" layihəsinin məqsədi müasir şəhərlər üçün "Public Art"ın rolu və əhəmiyyəti haqqında müəyyən təsəvvürləri təkmilləşdirmək, həmçinin Azərbaycanda müasir incəsənət anlamını daha da dərinləşdirməkdir.

Açılış mərasimində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, "Üns" Yaradıcılıq Səhnəsinin bədii rəhbəri, professor Nərgiz Paşayeva, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, "YARAT!" Müasir İncəsənət Məkanı təşkilatının təsisçisi Aida Mahmudova, görkəmli ictimai, mədəniyyət və incəsənət xaidmləri, diplomatik missiyaların rəhbərləri iştirak ediblər.

Aida Mahmudova çıxışı zamanı "012 Baku Public Art Festival" və yeni "PARTICIPATE Baku Public Art Festival" layihələrinin uğurla həyata keçirilməsindən danışıb.

"Ötən il 6 ay ərzində uğurla davam edən "012 Baku Public Art Festival" layihəsində 20-dən artıq rəssam iştirak edib. Qarşıya qoyulan məqsədlərə çata və geniş auditoriyanın müasir incəsənətə diqqətini və marağını cəlb edə bildik. Bu il ikinci layihə olan "PARTICIPATE Baku Public Art Festival"ı təqdim edirik və bu, ötənilki layihədən interaktivliyi və tamaşaçıların bütün rəssamların işində iştirakı ilə fərqlənəcək. Biz festival çərçivəsində, həmçinin azərbaycanlı və əcnəbi rəssamların iştirakı ilə bir sıra birgə maarifləndirici proqram təşkil etmişik", - Aida Mahmudova bildirib.

"YARAT!"-ın təsisçisi, həmçinin layihənin sponsoru olan "Bank Respublika"ya dəstəyə görə təşəkkür edib.

Azərbaycan, Rusiya, Böyük Britaniya, ABŞ, Gürcüstan və Niderlanddan olan rəssamların əsərləri növbəti altı ay ərzində şəhərimizin müxtəlif yerlərində nümayiş etdiriləcək. Festival əsərləri sırasına ABŞ-dan yaradıcı qrup "Rebar"ın səyyar, fiziki guc ilə hərəkət etdirilə bilən park - "PARKCYCLE", Hollandiyadan Florentin Hofmanın hava ilə doldurulmuş nəhəng "REZİN ÖRDƏK" və Azərbaycandan Afət Bağırovanın fəlsəfi-etiraf əsərləri daxil edilib. Festivalı xarakterizə edən əsas cəhətlərdən biri də onun mühazirələrlə, seminarlarla, master-klasslarla müşayiət olunması və tamaşaçıların iştirakıdır.

Festivalın Azərbaycandan olan iştirakçıları:

Afət Bağırova
Çingiz Babayev
Fərhad Haqverdiyev
Orxan Məmməd
Səbinə Şıxlinskaya

Xarici ölkələrdən:

Nailə Allahverdiyeva (Rusiya)
"Rebar" qrupu (ABŞ)
"Bulyon" qrupu (Gürcüstan)
Florentin Hofman (Hollandiya)
Patrisio Forester və Artmongers (Böyük Britaniya)
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri