Şanxay Zirvə Toplantısının yekun bəyannaməsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi maddə yer alıb
- 21.05.2014, 20:00,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Şanxay Zirvə Toplantısı yekun bəyannamənin qəbulu ilə başa çatıb. Bəyannamədə Azərbaycan üçün önəm kəsb edən bir çox məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi maddə əks olunub.
APA-nın AzTV-yə istinadən verdiyi məlumata görə, sənədi imzalayanlar Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll olunmamasından, onun beynəlxalq və regional təhlükəsizliyə təhlükə mənbəyi olaraq qalmasından narahatlıqlarını ifadə ediblər.
“Biz bu münaqişənin beynəlxalq hüququn normaları çərçivəsində qəbul olunmuş qərar və sənədlər əsasında sülh yolu ilə həllini dəstəkləyirik. Bu məqsədlə biz ATƏT-in Minsk qrupunu bu münaqişənin həlli istiqamətində səylərini artırmağa çağırırıq”, - deyə sənəddə vurğulanıb.
Bəyannamədə qeyd olunub ki, üzv ölkələr heç bir dövlətin digər dövlətlərin təhlükəsizliyini pozmaqla, öz təhlükəsizliyini gücləndirməyəcəyi haqda razılığa gəliblər. Həmçinin, iştirakçı ölkələr BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanaraq, istənilən dövlətin ərazi bütövlüyünə qarşı təhdid, yaxud güc tətbiq etməyəcəkləri barədə öhdəlik götürüblər.
Sənəddə vurğulanıb ki, üzv ölkələr münaqişələri sülh yolu ilə həll etmək, dövlətlərin daxili işlərinə qarışmamaq, legitim hökumətlərin devrilməsini hədəf alan hərəkətləri dəstəkləməmək, eləcə də insan hüquqlarının qorunması, iqtisadi, sosial, mədəni və humanitar xarakterli beynəlxalq problemlərin həllində birgə əməkdaşlıq barədə qərarı dəstəkləyiblər:
“Biz beynəlxalq münasibətlərdə ikitərəfli standartların tətbiqindən imtina edirik. Separatizm və zorakı ekstremizm suverenliyə, birliyə, ərazi bütövlüyünə, təhlükəsizlik və sabitliyə təhlükədir. Digər üzv dövlətin ərazisində istənilən separatçı hərəkətlər və təşkilatlar dəstəklənməyəcək, separatçılarla heç bir halda münasibət yaradılmayacaq”.
Bəyannamədə enerji təhlükəsizliyi ilə bağlı məsələ də yer alıb. Üzv ölkələr milli, regional və qlobal səviyyələrdə dayanıqlı inkişafa təsirini nəzərə alaraq enerji təhlükəsizliyini daha da inkişaf etdirmək və gücləndirmək barədə öhdəlik götürüb və bildiriblər ki, enerji ehtiyatlarının və onların çatdırılması marşrutlarının şaxələndirilməsi beynəlxalq enerji bazarlarının rəqabətliliyini artıracaq. O da qeyd olunub ki, nəqliyyat və logistika sistemlərinin inkişafı üzrə birgə səylər üzv dövlətlər arasında ticarət imkanlarını daha da artıracaq, beynəlxalq tranzit əməkdaşlığını sürətləndirəcək.