7 nömrəli xüsusi internat məktəbində döyüldüyü iddia edilən uşağın valideynləri: “Bu, köhnə müdirlə yeni müdirin ədavətinin nəticəsi ola bilər”

Suraxanı rayonunda yerləşən 7 saylı xüsusi internat məktəbində baş verən hadisə ilə bağlı aparılan araşdırmalarla bağlı növbəti açıqlama verilib.

APA-nın xəbərinə görə, hadisə yerində olan 7 nömrəli xüsusi internat məktəbində II sinif şagirdi Nahid Cavadovun babası Racəddin Cavadov və Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov jurnalistlərə açıqlamalarında uşağın məktəbdə yıxıldığını bildiriblər.

Qeyd olunub ki, hadisə ilə bağlı müvafiq araşdırma aparılır, Təhsil Nazirliyində xüsusi komissiya yaradılıb. Faktla bağlı yekun məlumat ekspertizanın rəyindən sonra məlum olacaq və müvafiq araşdırmanın nəticələri açıqlanacaq.

Hadisə yerində Nahid Cavadovun anası və atası ilə telefon əlaqəsi yaradılıb. Valideynlər jurnalistlərə açıqlamalarında uşağın yıxıldığını deyiblər. Onlar bu hadisənin köhnə müdirlə yeni müdirin ədavətinin nəticəsi ola biləcəyini də güman ediblər.

Qeyd edək ki, sosial şəbəkələrdə Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində II sinif şagirdi Nahid Cavadovun müəllim tərəfindən dəyənəklə döyülməsi barədə məlumatlar yayılıb. Sonradan isə “youtube”də Nahid Cavadovun videosu yayılıb. O, Afaq adlı müəllimə tərəfindən döyüldüyünü deyib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri