“Azəryolservis”: Heydər Əliyev prospektindəki yeni körpünün tikintisində karton üzlük kimi materialdan istifadə olunmayıb
- 24.05.2014, 18:00,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Yol təsərrüfatı orqanının işindən başı çıxmayan insanların qeyri-peşəkar yanaşmasının nəticəsidir ki, həqiqətə uyğun olmayan məlumatlar yayılır.
Bunu APA-ya Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bəzi kütləvi informasiya vasitələrində Heydər Əliyev prospektindəki yeni körpünün üzlüklərinin uçub-dağılması ilə bağlı yer alan məlumatlara münasibət bildirərkən deyib.
P. Mürsəliyev bildirib ki, həmin saytların yerləşdirdiyi şəkillərə diqqətə baxdıqda, orada Heydər Əliyev prospektinin və ya ümumiyyətlə, hansı ərazinin olduğunu anlamaq mümkün deyil:
“Orada yazılanlara görə, tikintidə karton üzlük kimi materialdan istifadə olunub. Heydər Əliyev prospektində istinad divarı mişar daşı ilə hörülüb, üst hissəsi isə aqlay daşı ilə üzlənib. Tunelin qapalı hissəsinə gəlincə isə orada dəmir-beton svaylar vurulub, xüsusi materiallardan istifadə edilərək, izolyasiya işləri aparılıb. Bundan sonra onun qarşısı mişar daşı ilə hörülərək aqlay daşı ilə üzlənib. Ümumiyyətlə, “Azəryolservis” ASC-nin həyata keçirdiyi layihələrdə karton üzlük kimi adlanan, əslində isə isti aqlay materialından istifadə olunmur. Orada üzərində mismar olan taxta görünür. Ancaq bizdə svaylardan sonra mişar daşı ilə hörülür və sonra aqlay vurulur”.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri qurum əməkdaşlarının əraziyə getdiyini də bildirib: “Belə bir hadisədən söhbət gedə bilməz. Ümumiyyətlə, belə bir hal baş verməyib”.
Şəhərin yollarına dair yazılan məlumatlara gəlincə isə P. Mürsəliyev deyib ki, yeni layihələr həyata keçirilərkən, istər avtomobil yolu, istər yol qurğusu, tunel, piyada keçidi və s. layihələndirilməyə başlayarkən bütün kommunikasiya mülkiyyətçilərinə yazılı formada müraciət olunur.
“Tikinti sahəsinə düşən kommunikasiya xətləri barəsində bilgiləndirmələri və onların köçürülməsi lazım gəldiyi halda texniki şərt haqqında məlumat vermələri həmin yazılı müraciətdə öz əksini tapır. Bu texniki şərt əsasında tikinti sahəsindən həmin kommunikasiyalar ya həmin təşkilatın özü tərəfindən, ya da bu sahədə ixtisaslaşmış podratçı şirkətlər tərəfindən dəyəri ödənilməklə köçürülür. Yalnız bundan sonra tikinti və yenidənqurma işlərinə başlanılır. Bu mərhələdən sonra kommunikasiya xəttində hər hansı problem yaranarsa, bununla bağlı yol təsərrüfat orqanı heç bir məsuliyyət daşımır. Bu halda məsuliyyət kommunikasiyanı istismar edən qurumun birbaşa üzərinə düşür. Yaxşı olardı ki, istər o xəbər portalı və ya digərləri olsun, obyektiv araşdırma aparmadan yol təsərrüfatı orqanı haqda həqiqətə uyğun olmayan məlumatlar yazmasın. Yaxşı olardı ki, qarşı tərəfin də məsələ ilə bağlı fikri öyrənilsin”.