Əhməd Davudoğlu: “Türkmən, Azərbaycan və Anadolu türkcəsində söhbət etdik, aramıza heç bir başqa dil girmədi, bir-birimizi çox gözəl anladıq”
- 26.05.2014, 19:27,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin xarici işlər naziri Bakıda keçirilən üçtərəfli görüşdən sonrakı mətbuat konfransında Azərbaycanı 28 May – Respublika günü münasibətilə təbrik edib.
APA-nın xəbərinə görə, nazir vurğulayıb ki, Azərbaycanın istiqlalı Türkiyənin istiqlalıdır: “Azərbaycanın istiqlallı, güclü, qüdrətli bir dövlət olması Türkiyənin də arzusudur. Bu sözlər Türkmənistan üçün də keçərlidir. Allah bu üç bayrağı dünyanın hər yerində birlikdə dalğalandırsın”.
Üç ölkənin XİN başçılarının Bakı görüşünün yekunundan danışan Ə. Davudoğlu görüşü çox önəmli adlandırıb, bunun gözəl bir başlanğıc olduğunu deyib: “Əslində, ikitərəfli münasibətlər, Türkiyə-Azərbaycan, Türkiyə-Türkmənistan münasibətləri hər zaman çox gözəl olub. Üçtərəfli formatda görüşlər də davam edəcək. Üç ölkənin liderləri və xarici işlər nazirləri belə görüşlərin daha da intensiv keçirilməsini istəyirlər”.
Ə. Davudoğlu xüsusi olaraq vurğulayıb ki, bugünkü görüşdə danışıqlar türk, Azərbaycan və türkmən dillərində aparılıb: “Biz türkmən, Azərbaycan və Anadolu türkcəsində söhbət etdik, aramıza heç bir başqa dil girmədi, bir-birimizi çox gözəl anladıq. Əməkdaşlığımızı neçə inkişaf etdirəcəyimizi müzakirə etdik, xüsusilə enerji məsələlərini nəzərə aldıq. Qərara gəldik ki, bundan sonra ildə iki dəfə görüşəcək. İnanırıq ki, bu görüşlərə digər Orta Asiya ölkələrini də qatacağıq”.