Azərbaycanda tikinti şirkətinin rəhbəri barəsində cinayət işi başlanıb

Azərbaycanda daha bir tikinti şirkətinin rəhbəri barəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumatda bildirilir ki, Bakı şəhər sakinlərinin “Ayla” Mənzil-Tikinti Kooperativinin sədrinin qanunsuz hərəkətləri barədə müraciətləri Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə araşdırılıb.

Müəyyən edilib ki, kooperativin sədri Əli Abışov qulluq mövqeyindən sui-istifadə edərək kooperativ tərəfindən paytaxtın Yeni Günəşli qəsəbəsində inşa edilmiş 16 mərtəbəli çoxmənzilli yaşayış binasının qazlaşdırılması, sayğac quraşdırılması və mənzillərə mülkiyyət hüququna dair sənədlərin hazırlanması üçün ödəniləcək rüsumları hissə-hissə 68 mənzil sahibindən alaraq ümumilikdə 131.0 min ABŞ dolları məbləğində pul toplamaqla onlara pulun qəbulu barədə qəbz və ya digər rəsmi sənəd vermədən həmin pulları kooperativin xəzinəsinə mədaxil etməyərək mənimsəyib.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə vətəndaşlara vurulmuş ziyanın ödənilməsi və onların pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri