Şeyx Qumda azərbaycanlı tələbələrlə görüşüb
- 20.05.2013, 18:41,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri davam edir. ANS-in əməkdaşlarının da daxil olduğu nümayəndə heyəti bu gün İran Prezidenti Mahmud Əhmədinejatın şəxsi qonağı kimi Qum şəhərinə səfər ediblər. Hazırda nümayəndə heyəti hazırda Qum şəhərində azərbaycanlı tələbələrlə görüşdədirlər.
Buna qədər isə Şeyx bir sıra vacib görüşlər keçirib.
Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə bu ölkənin parlamentinin spikeri Əli Laricani ilə görüşüb. İran və Azərbaycan arasında əlaqələrin dərin dostluq, qardaşlıq və məzhəb bağlılıqları əsasında qurulduğunu deyən bütün Qafqazın Şeyxi bildirib ki, Azərbaycan xalqı heç zaman İranın çətin günlərdəki dəstəyini unutmayacaq.
Ə.Laricani qeyd edib ki, İran-Azərbaycan arasındakı münasibətlər qonşuluq əlaqələrindən daha üstündür. Onun sözlərinə görə iki ölkənin rəhbərləri əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Görüşdə Azərbaycanın millət vəkilləri, ziyalılar və media nümayəndələri də iştirak ediblər. Bütün Qafqazın Şeyxi Əli Laricaniyə Xocalı soyqırımından bəhs edən «xoca» filmini hədiyyə edib.
Səfəri çərçivəsində Şeyx və onun rəhbərlik etdiyi nümayəndə heyəti İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüşüb. S. Cəlili bildirib ki, İran Azərbaycanın müstəqilliyini, sabitliyini və inkişafını öz sabitliyi və inkişafı hesab edir. İran keçmişdə olduğu kimi, indi və gələcəkdə də Azərbaycana əlindən gələn hər cür yardımı göstərəcək.
İran rəsmisi qeyd edib ki, dünyanın süpergücləri terrorizm və demokratiya bəhanəsilə ixtilaf və qeyri-sabitlik yaratmağa çalışırlar: “Bölgə ölkələri potensiallarından faydalanmaqla həmin supergüclərin planlarını boşa çıxarmalıdır”.
A.Paşazadə isə öz növbəsində vurğulayıb ki, Azərbaycanla İran arasındakı əlaqələr qardaşlıq münasibətlərinə və tarixi bağlara söykənir: “Azərbaycan düşmənlərin iki ölkə arasına nifaq toxumu səpməsinə icazə verməyəcək”.
Xatırladaq ki, Şeyx buna qədər İranın Ali Dini Lideri Seyid Əli Xameyni ilə də görüşüb. Görüş zamanı o, prezident İlham Əliyevin salamlarını çatdırıb.
Nümayəndə heyətini Azərbaycan dilində salamlayan İran İnqilabının rəhbəri isə Azərbaycanla bağlı aldığı şad xəbərlərdən sevindiyini deyərək Azərbaycan və İranı bir-birinə bağlayan tellərin çox olduğunu vurğulayıb: “Dünyada bizim dostluğumuzu istəməyən qüvvələr var. Onlar çox çalışır ki, bu ölkələrin insanlarını bir-birindən ayırsınlar. Onların qarşısında biz dayanmalıyıq”.
Bütün Qafqazın Şeyxinin İran səfəri bu ölkədə saxlanan 2 Azərbaycan vətəndaşı Xalidə Xalid və Şamxal Hüseynovun azad edilməsi ilə də yadda qaldı. Ekspertlər hesab edirlər ki, bu səfər iki ölkə arasında münasibətlərin yaxşılaşması baxımından əhəmiyyətlidir.
Yeri gəlmişkən rəsmi Bakı bu gün bir daha bəyan edib ki, Azərbaycan İsrail və ABŞ-ın hərbi zərbələr məqsədilə öz ərazisindən istifadəsinə imkan verməyəcək.