Prezident İlham Əliyev: “Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının əziz xatirəsi həmişə bizim ürəyimizdədir”

Mayın 27-də Bakı şəhərindəki “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev rəsmi qəbulda çıxış edib. Dövlət başçısı iştirakçıları və bütün xalqı Respublika Günü münasibətilə təbrik edib, Azərbaycan xalqına xoşbəxtlik, yeni uğurlar arzulayıb.

Prezident bildirib ki, Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, müsəlman aləmində ilk demokratik respublika məhz Azərbaycanda yaradılıb: “Azərbaycanın mütərəqqi nümayəndələri bu respublikanı qurublar. Doxsan altı il bundan əvvəl müsəlman aləmində ilk demokratik respublikanın yaradılması böyük hadisə idi və ondan sonra digər müsəlman ölkələrində respublika quruluşu yaradılıb. Ancaq ilk təcrübə məhz Azərbaycan xalqının istedadı, zəhməti, uzaqgörənliyi hesabına mümkün olub. Əfsuslar ki, respublikanın ömrü uzun olmayıb. Azərbaycan cəmi iki il müstəqil ölkə kimi yaşayıb. Ancaq bu illər ərzində böyük işlər görülüb. Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə böyük hörmətlə yanaşır və onların əziz xatirəsi həmişə bizim ürəyimizdədir. O illərdə demokratik təsisatlar qurulub, ordu quruculuğu sahəsində böyük işlər görülmüş, qadınlara səsvermə hüququ verilib. Bir sözlə, Azərbaycanın gələcək uğurlu inkişafı üçün möhkəm zəmin yaradılıb. Əgər 1920-ci ildə müstəqillik əlimizdən alınmasaydı, mən tam əminəm ki, bu gün Azərbaycan dünyada ən zəngin ölkələrdən biri olacaqdı. Əfsuslar olsun ki, müstəqillik əlimizdən alındı, 1920-ci ildə respublika süqut etdi və beləliklə, Azərbaycanın uğurlu inkişafına son qoyuldu. Bizim təbii sərvətlərimizi, coğrafi vəziyyətimizi, xalqımızın istedadını, mütərəqqi insanların fəaliyyətini nəzərə alaraq tam əminliklə deyə bilərəm ki, əgər biz müstəqil həyat yaşasaydıq bu gün çox qabağa gedə bilərdik. Ancaq nə edək, Azərbaycan Xalq Cümhuriyyətinin böyük gücü yox idi ki, öz müstəqilliyini qoruya bilsin”.

Dövlət başçısı xatırladıb ki, 71 il ərzində Azərbaycan Sovet İttifaqı tərkibində yaşayıb: “Əlbəttə, xalqımız o illərdə inkişaf edib, Azərbaycan da inkişaf edib və deyə bilərəm ki, sovet dövrünün ən parlaq səhifəsi ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Çünki məhz 70-ci illərdən sonra Azərbaycanda sürətli inkişaf dövrü başlayıb. Deyə bilərəm ki, biz o vaxta qədər müttəfiq respublikalar arasında axırıncı yerdə idik. Ancaq 70-ci illərin sonlarında artıq birinci yerlərə çıxmışdıq. İki donor respublika var idisə, onlardan biri də Azərbaycan idi. Məhz o illərdə sənaye potensialımız yaradılıb, xüsusilə neft sənayesi inkişaf edib. O potensial bu gün də bizə böyük dəstəkdir. Kənd təsərrüfatının yüksəlişi, infrastruktur layihələrinin icrası, əlbəttə ki, Azərbaycanın inkişafını təmin edirdi. Ancaq biz müstəqil, azad deyildik və taleyimiz əlimizdə deyildi. İkinci şans bizə 1991-ci ildə nəsib oldu. Sovet İttifaqının dağılması nəticəsində başqa müttəfiq respublikalarla bərabər biz də müstəqilliyə qovuşduq. Ancaq o illəri biz hamımız yaxşı xatırlayırıq. Azərbaycan üçün çox ağır, təhlükəli illər idi. Əfsuslar oslun ki, müstəqilliyimizin ilk illərində bu tarixi şansdan o vaxtkı rəhbərlik istifadə edə bilməyib. Ölkədə xaos, böhran hökm sürürdü - iqtisadi böhran, siyasi böhran. Nəticədə bu, hərbi böhrana gətirib çıxarmışdı və vətəndaş müharibəsi başlamışdı. Yəni, iki ildən sonra demək olar ki, bizim müstəqilliyimiz yenə də sual altına qoyulurdu. Sanki tarix təkrarlanırdı, sanki birinci demokratik respublikanın təcrübəsi, yəni, mənfi mənada o təcrübəsi yenə təkrarlanırdı və təkrarlana da bilərdi. Biz bunu yaxşı bilirik. Çünki o vaxt iqtisadiyyat tamamilə çökmüşdü, sənaye istehsalı dayanmışdı, ölkə iflic vəziyyətində idi, erməni işğalı, daxili çəkişmələr, rəhbərlikdə olan şəxslərin fəaliyyətsizliyi və xəyanətkarlığı nəticəsində müstəqillik əldən gedirdi. Xüsusilə AXC-Müsavat hakimiyyətinin yarıtmaz, xəyanətkar, faciəvi hakimiyyəti nəticəsində ölkəmiz uçuruma gedirdi. Torpaqlar itirilirdi, Şuşa, Laçın, Kəlbəcər işğal altına düşdü, daxildə vəziyyət çox ağır idi və nəticədə vətəndaş müharibəsi başlamışdı. Biz o illəri yaxşı xatırlayırıq və bu gün qonşuluqda baş verən hadisələri izləyərkən yenə də əminəm ki, hər bir Azərbaycan vətəndaşı o illərə qayıdır, o illəri xatırlayır və bir daha əmin olur ki, Azərbaycan xalqının böyük xoşbəxtliyi ondan ibarət idi ki, xalqımız həlledici anlarda düzgün seçim edib, müdriklik göstərib və Ulu Öndərə üz tutub onu hakimiyyətə dəvət edib. Əgər Heydər Əliyev o illərdə Azərbaycan rəhbərliyinə gəlməsəydi, ölkə tamamilə dağıla bilərdi. Ona görə, 1993-cü il əslində real müstəqilliyimizin ilk ili olub. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü və düşünülmüş siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxa bildi, sabitlik yarandı və inkişaf dövrü başlandı. Qanunsuz silahlı birləşmələr tərksilah edildi, separatçı qüvvələrə böyük zərbə vuruldu və Azərbaycan inkişaf yoluna qədəm qoydu. Azərbaycanda demokratik təsisatlar məhz Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb və möhkəmləndirilib. Müstəqil Azərbaycanın Konstitusiyası da Heydər Əliyevin əsəridir. 1995-ci ildə Konstitusiya qəbul edilib. Siyasi sistem formalaşıb. Siyasi sistemin formalaşmasında da yenə də Ulu Öndərin rolu danılmazdır. Məhz 1992-ci ildə müxalifət partiyası kimi qurulan Yeni Azərbaycan Partiyası müasir siyasi sistemin yaradılmasında müstəsna rol oynayıb. Azərbaycanda siyasi islahatlar aparılmağa başlanıb. Dünyaya inteqrasiya dövrü başlanıb. Bizə qarşı aparılan müharibə sadəcə olaraq erməni işğalı ilə bitmirdi. Azərbaycana qarşı informasiya müharibəsi aparılırdı. Biz informasiya blokadası şəraitində yaşayırdıq və bu blokadanı aradan götürmək, Azərbaycanı dünyaya təqdim etmək və Azərbaycanın potensialını nümayiş etdirmək üçün Ulu Öndər böyük səylər göstərib və bu səylər öz gözəl nəticələrini verib. İqtisadi islahatlar siyasi islahatlarla paralel şəkildə aparılırdı. Milli ideologiyamız məhz o illərdə yaradılıb - bu gün də bizim inkişafımız üçün bu, əsasdır - dövlətçiliyin əsasları qoyulub və əlbəttə ki, ölkəmizin inkişafı üçün müstəsna əhəmiyyət kəsb edən neft kontraktları imzalanıb. İndi Azərbaycanın inkişafını neft sənayesiz təsəvvür etmək mümkün deyil. Ancaq hamımız yaxşı bilirik, mütəxəssislər də yaxşı bilirlər ki, Sovet İttifaqı dağılanda bizim neft sənayemiz artıq dağılmış vəziyyətdə idi. Neft hasilatı təxminən 10 milyon ton səviyyəsində idi. Bu, heç bizim gündəlik tələbatımızı ödəmək üçün kifayət etmirdi. Bütün ölkədə zülmət, qaranlıq müşahidə olunurdu, elektrik enerjisi çatışmazlığı, elementar infrastruktur layihələrinin olmaması – yəni, bu idi bizim o vaxtkı vəziyyətimiz. Ona görə neft kontraktlarının, xüsusilə “Əsrin kontraktı”nın - o gündən artıq 20 il keçir - imzalanması dönüş yaratdı. Həm iqtisadi, həm siyasi sahədə”.

Prezident İlham Əliyevin sözlərinə görə, 1993-2003-cü illər tarixdə sabitlik, inkişaf illəri kimi qalacaq: “Biz bu gün öz fəaliyyətimizi o illərdə müəyyən edilmiş strategiya çərçivəsində aparırıq, Azərbaycanı inkişaf etdiririk. Siyasi xətt dəyişməz olaraq qalır. Bu xəttin alternativi yoxdur. Ölkədə aparılan, dərinləşən siyasi və iqtisadi islahatlar bu gün Azərbaycanı çox güclü bir ölkə kimi, regional dövlət kimi artıq dünyaya təqdim edir. Son on il ərzindəki nailiyyətlər haqqında çox danışmaq istəmirəm. Bütün bunlar artıq bəllidir. Bu da tarixdir. Son on ilin təcrübəsi sürətli inkişaf tarixidir. Bu da tarixdə qalacaq. Çünki son on il ərzində iqtisadi sahədə Azərbaycan kimi inkişaf edən ikinci ölkə olmayıb. Bütün statistik göstəricilər bunu təsdiqləyir. Bizim gündəlik həyatımız da bunun əyani sübutudur. Son on il ərzində biz islahatları dərinləşdirərək, cəmiyyətimizi səfərbər edərək, Azərbaycan cəmiyyətində həmrəylik hisslərini gücləndirərək böyük və uğurlu yol keçmişik. Bu yolun təməli 1993-cü ildə - müstəqilliyimizin, real müstəqilliyimizin ilk ilində qoyulub. Biz bu gün beynəlxalq arenada söz sahibiyik. Bizimlə hesablaşırlar, bizim mövqeyimiz böyük əhəmiyyət daşıyır. Bizim mövqeyimiz ədalətə, beynəlxalq hüquqa söykənir. Əminəm ki, prinsipial mövqeyimiz həm bölgədə, həm dünyada bizə əlavə hörmət qazandırır. Hər bir məsələ ilə - istər daxili siyasət, istər xarici siyasətlə bağlı bizim konkret mövqeyimiz var. Biz bunu gizlətmirik, ifadə edirik. Öz niyyətimizi, siyasətimizi açıq şəkildə bəyan edirik və bizim addımlarımız da siyasətimizin davamıdır. Sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Ona görə bizim sözümüz imzamız qədər dəyərlidir və əhəmiyyətlidir. Əgər söz veririksə, onu yerinə yetiririk. Əlbəttə ki, qarşı tərəflərdən də eyni yanaşmanı gözləyirik. Son on il ərzində iqtisadi sahədə, regionların inkişafı sahəsində, infrastruktur layihələrin icrası istiqamətində tarixi nailiyyətlər əldə edilib. Beynəlxalq aləmdə Azərbaycan dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilib - böyük dəstək hesabına, inam hesabına. Biz bu şərəfli missiyanı ləyaqətlə icra etmişik. Bizə hörmət daha da artıb və bu gün biz nəinki regional məsələlərin həllində, qlobal məsələlərdə də öz sözümüzü deyirik. Bu illər ərzində biz güclü enerji potensialı yaratmışıq. Bu gün heç kimə sirr deyil ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyini təmin edir. Bəlkə hərbi potensialdan sonra ikinci yerdə dayanan enerji təhlükəsizliyidir. O ölkələr ki, enerji təhlükəsizliyini təmin edib, onlar özlərini rahat hiss edə bilərlər. Biz bunu etmişik. Zəhmətimiz hesabına, aparılan siyasət nəticəsində. Bu, göydən düşən nemət deyil, buna biz özümüz nail olmuşuq. Buna Azərbaycan xalqı nail olub. Bizim siyasətimiz bu sahədə də öz səmərəsini bir daha göstərib. Bu gün Azərbaycan başqa ölkələrin də enerji təhlükəsizliyinə töhfə verərək həm iqtisadi, həm siyasi maraqlarını tam şəkildə təmin edir. Bizim maliyyə vəziyyətimiz bütün ölkələr üçün örnək ola bilər. Yəni, bu sözləri sadəcə olaraq özümüzü tərifləmək üçün demirəm. Sadəcə olaraq ona görə deyirəm ki, bu, reallıqdır. Bizim böyük maddi imkanlarımız, maliyyə imkanlarımız var. Biz heç bir beynəlxalq maliyyə qurumunun dəstəyindən asılı deyilik. Bu da bizim müstəqilliyimizi möhkəmləndirir. Nədir müstəqilliyimizi şərtləndirən əsas amillər? Müstəqil siyasət, müstəqil xarici siyasət, güclü ordumuz müstəqilliyimizin dayağıdır, əsasıdır. İqtisadi müstəqillik, enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi, hər bir ölkənin öz coğrafi vəziyyətindən səmərəli şəkildə istifadə etmək imkanları - bunlardır bugünkü dünyada müstəqilliyi müəyyən edən amillər. Fəxr edirik ki, biz sözün əsl mənasında müstəqilik, müstəqillik bizim üçün ən böyük sərvətdir və ən böyük nailiyyətdir. Əlbəttə ki, bu gözəl bayram ərəfəsində biz gələcək işlər haqqında bir daha öz fikirlərimizi ifadə edirik. Əslində bizim gələcək fəaliyyətimizlə bağlı bütün proqramlar ictimaiyyət üçün açıqdır. Biz istər xarici siyasətlə, istər daxili siyasətlə, istərsə də iqtisadi sahə ilə bağlı bunları bəyan etmişik. Sadəcə olaraq bir neçə istiqamət üzrə fikirlərimi bu gözəl gündə ifadə etmək istəyirəm”.


İ. Əliyev daxili siyasətə toxunaraq Azərbaycanda bundan sonra da sabitliyi qoruyacaqlarını bəyan edib: “Sabitliyin təmin edilməsinin əsas şərti xalqla iqtidar arasındakı birlikdir. Bu da var. Azərbaycan bu gün nadir ölkələrdəndir ki, əsas mövzular ətrafında cəmiyyətdə heç bir fikir ayrılığı yoxdur. Əlbəttə ki, islahatların sürəti, çatışmayan cəhətlərin tezliklə aradan qaldırılması və bunun yolları, iqtisadi sahədə islahatlar, siyasətlə bağlı, xarici siyasətlə bağlı müxtəlif fikirlər ola bilər. Bu, təbiidir. Ancaq ölkəmizin ümumi inkişafı ilə bağlı fikir ayrılığı yoxdur, o cümlədən daxili siyasətimizlə bağlı. Ona görə sabitliyin qorunması Azərbaycanda təbii bir prosesdir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan dövləti və hökuməti islahatları apararaq daha da yaxşı şərait yaratmaqla bu sabitliyi möhkəmləndirir. Dünyanın müxtəlif yerlərində sabitlik pozulduqda təhlil aparılır. Nə üçün belədir? Hansı səbəblər buna şərait yaradır? Biz görürük inamsızlıq, idarəetmə qaydalarında kobud səhvlər, iqtisadi və sosial problemlər – bax, bunlar istənilən yerdə sabitliyi poza biləcək amillərdir. Biz isə bütün məsələlərə düşünülmüş şəkildə yanaşırıq. Bizim əsas məqsədimiz Azərbaycanı daha da güclü dövlətə çevirməkdir, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaqdır. Biz daxili siyasətlə bağlı prinsipial xəttimizi bundan sonra da aparacağıq. İslahatlar dərinləşəcək. Demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, azad cəmiyyətin formalaşması istiqamətində islahatlarımız davam etdiriləcək. Bu islahatları kiminsə xoşuna gəlmək üçün deyil, gələcəyimiz üçün edirik, aparırıq və aparacağıq. Bu gün Azərbaycan müasir dövlətdir və bu dövlətin çox möhkəm əsasları var. Bu əsaslar bizim milli dəyərlərimizdir, Azərbaycan dəyərləridir. Bu da çox önəmlidir. Daxili siyasətdə bu amil daim diqqət mərkəzindədir. Biz bundan sonra da ölkəmizin inkişafı üçün bütün tədbirləri görəcəyik. Biz bu möhkəm təməli daha da möhkəmləndirəcəyik. Şadam ki, gənc nəsil də milli ruhda böyüyür, vətənpərvərlik ruhunda tərbiyə alır. Vətənpərvərlik ruhunda tərbiyə almaq üçün bütün imkanlar var. Çünki bu gün hər bir vətənpərvər insan fəxr edir ki, Azərbaycan kimi müasir və güclü dövlətin vətəndaşıdır. O dövlətin ki, öz vətəndaşlarını darda qoymur. O dövlətin ki, öz vətəndaşlarının arxasında dayanır. O dövlətin ki, öz vətəndaşlarının rifahı üçün əlindən gələni əsirgəmir. Milli dəyərlərin üzərində müasir dövlətin qurulması, əlbəttə ki, bu gün bizi fərqləndirən cəhətlərdən biridir. Daxili siyasətlə bağlı islahatlar davam etdiriləcək. Cəmiyyəti incidən, narazılıq yaradan xoşagəlməz hallara qarşı mübarizə daha da ciddi aparılacaq. Xüsusilə, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır. Əlbəttə, son illərdə bu istiqamətdə çox böyük nailiyyətlər, uğurlar vardır. Bu, bizi sevindirir, daha da ruhlandırır. Cəmiyyəti də ruhlandırır. Cəmiyyətdə bu işlərin aparılmasına böyük dəstək, inam var. Biz bu yolla gedəcəyik. Çünki Azərbaycanda xoşagəlməz hallar olmamalıdır. Azərbaycan cəmiyyəti nümunəvi cəmiyyət olmalıdır. Azad, müstəqil və güclü dayaqları olan cəmiyyət olmalıdır. Biz bu yolla gedirik və gedəcəyik”.

Dövlət başçısı Azərbaycanın xarici siyasətlə bağlı təşəbbüslərinin gözəl nəticələr verdiyini söyləyib: “Biz xarici siyasətdə ikitərəfli formata üstünlük veririk. Mən hesab edirəm ki, bu, ən məqbul formatdır. Əlbəttə, digər formatlar da var. Onlardan da istifadə olunur. Ancaq ikitərəfli format ən böyük səmərə verən formatdır. Bütün ölkələrlə bizim yaxşı münasibətlərimiz var. Biz çalışırıq, çalışacağıq ki, ikitərəfli münasibətləri həm region ölkələri ilə, həm də başqa ölkələrlə inkişaf etdirək. Buna nail olmaq üçün böyük imkanlar var. O cümlədən bizim artan iqtisadi imkanlarımız və yeni investisiya siyasətimiz var. Biz artıq investisiyaları xarici ölkələrə yönəldirik. Beləliklə, xarici tərəfdaşlar üçün Azərbaycan təkcə bir siyasi mərkəz kimi yox, eyni zamanda, bir investisiya mənbəyi kimi də maraqlıdır. Əlbəttə ki, ilk növbədə, qonşu ölkələrlə münasibətlər daha da möhkəm olmalıdır. Burada bizim bütün qonşu ölkələrlə, təbii ki, Ermənistan istisna olmaqla, fikirlərimiz üst-üstə düşür. Bütün qonşularla münasibətlər bərabərhüquqlu, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qurulub. Gələcəkdə qonşu ölkələrlə əməkdaşlıq bizim xarici siyasətimiz üçün prioritet olaraq qalacaq. Böyük imkanlar var, həm iqtisadi sahədə, həm də regional əməkdaşlıq sahəsində. Biz ikitərəfli formatdan maksimum dərəcədə fayda götürməliyik. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə artıq bir neçə üçtərəfli format da yaradılıb. Dünən Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçirilib. Biz buna böyük əhəmiyyət veririk. Bundan əvvəlki dövrdə Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran üçtərəfli formatları olub. Artıq bu formatlar fəaliyyət göstərir. Əlbəttə ki, hər üç formatda Azərbaycan öz yerini tutur. Beləliklə, regional təhlükəsizlik, əməkdaşlıq, siyasi və iqtisadi maraqlarımızın təminatı üçün bu formatlar çox böyük məna daşıyır. Biz gələcəkdə bu üçtərəfli görüşləri əlbəttə ki, davam etdirəcəyik. Bu, artıq mütəmadi xarakter alıb. Biz beynəlxalq təşkilatlarda da fəal iştirak edirik və edəcəyik. Mən BMT-ni xüsusi vurğulamaq istəyirəm. Qeyd etmək istəyirəm ki, BMT dünyanın bir nömrəli təşkilatıdır, bütün dünyanı əhatə edir. BMT-də bizim mövqelərimiz kifayət qədər möhkəmdir və 155 ölkənin dəstəyi ilə Təhlükəsizlik Şurasına seçilməyimiz də bunu göstərir. Bundan sonra da öz fəaliyyətimizi davam etdirəcəyik. Biz digər təşkilatlarda da fəal iştirak edirik. Qoşulmama Hərəkatı BMT-dən sonra üzvlərinin sayına görə ikinci böyük təşkilatdır. Orada da bizim mövqeyimiz kifayət qədər möhkəmdir. Biz bu təşkilata üzv olandan dərhal sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyən qətnamə də qəbul edilib. İslam Əməkdaşlıq Təşkilatında biz çox fəal rol oynayırıq. Bakıda çoxsaylı tədbirlər, nazirlər səviyyəsində tədbirlər keçirilir. Əlbəttə ki, İslam Əməkdaşlıq Təşkilatında bizim fəaliyyətimiz bundan sonra da uğurla davam etdiriləcək. Çünki biz İslam aləminin bir parçasıyıq. Bizim milli dəyərlərimizin təməlində İslam dəyərləri dayanır. Eyni zamanda, Avropa Şurası ilə bağlı əməkdaşlıq üçün yaxşı imkanlar, perspektivlər var. Biz artıq Avropa Şurasına da sədrlik edirik. Əlbəttə ki, bu sədrlik növbəlilik əsasında olan sədrlikdir. Ona görə hesab etmirəm ki, biz bundan, necə deyərlər, xüsusi bir qürur hissi ilə danışmalıyıq. Sadəcə olaraq, növbəmiz gəlib çatıb. Ancaq hər halda biz də bu imkanlardan səmərəli şəkildə istifadə edəcəyik. Avropada demokratiyanın inkişafı, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, islamofobiyaya qarşı mübarizəmiz daha da təsirli olacaq. Əlbəttə ki, müxtəlif beynəlxalq təşkilatlarda üzvlüyümüz bizim siyasi maraqlarımıza xidmət göstərir. Biz bütün bu təşkilatlarda fəaliyyətimizi uğurla davam etdirəcəyik, prinsipial mövqeyimizi həmişə ifadə edəcəyik”.

Prezident iqtisadi siyasətlə bağlı proqramların dərc edildiyini xatırladıb: ““Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası dərc edilib. Bu barədə çox danışmaq istəməzdim. Sadəcə, onu demək istəyirəm ki, 2020-ci ilə qədər və bəlkə də ondan da tez ölkəmizdə mövcud olan bütün əsas infrastruktur layihələri başa çatmalıdır. Proqramlar var, büdcədə vəsait var və biz bunu edəcəyik. Qeyri-neft sektorunun inkişafı bizim diqqətimizi daha çox cəlb edir. Bu istiqamətdə də bizim verdiyimiz bütün tapşırıqlar yerinə yetirilir. Qeyri-neft sektorumuz hər il təxminən 10 faiz artır. Əgər bu, növbəti illərdə davam edərsə, - buna mən şübhə etmirəm, - o zaman iqtisadiyyatımızın şaxələndirilməsi tam təmin ediləcək. Nəhayət, enerji təhlükəsizliyi barədə bir-iki kəlmə demək istərdim. Azərbaycan artıq özü üçün enerji təhlükəsizliyi məsələlərini çoxdan həll edib, başqa ölkələrin enerji təhlükəsizliyinə töhfə verir. Bu gün bizim qarşımızda duran əsas layihə TANAP layihəsidir. Bu layihənin də təşəbbüskarı biz olmuşuq. 2012-ci ildə Türkiyə və Azərbaycan arasında saziş bağlamışıq. Bu da “Cənub” qaz dəhlizinin yaradılması işində dönüş nöqtəsi olub. Çünki o vaxta qədər, təqribən 7-8 il ərzində ancaq danışıqlar gedirdi və “Cənub” qaz dəhlizinin yaradılması üçün kifayət qədər beynəlxalq səylər göstərilməyib. Biz vəziyyəti təhlil etdik və gördük ki, belə davam edərsə, bu danışıqlar hələ bir 10 il də davam edəcək, heç bir fayda vermədən. Ona görə də məsuliyyəti və təşəbbüsü öz üzərimizə götürərək çox düşünülmüş addım atdıq. TANAP layihəsi bu gün bölgənin enerji xəritəsini dəyişdirən bir layihədir. Azərbaycan bu layihənin əsas səhmdarıdır, əsas təşəbbüskarıdır və əsas icraçısıdır. Əminəm ki, bu qlobal layihə vaxtında - 2018-ci ilə qədər icra ediləcək. Bunu etmək üçün bütün imkanlarımız - həm maliyyə, həm də texniki imkanlarımız var. Bizim peşəkar mütəxəssislərimiz var. Bu layihəni icra etmək üçün bizim siyasətimiz davam etdirilməlidir. Azərbaycan seçdiyi yolla getməlidir və gedəcək. Bizim yolumuz azadlıq yoludur, inkişaf yoludur, müstəqillik yoludur. Biz müstəqillik illərində sübut etmişik ki, müstəqil ölkə kimi yaşaya bilərik, yaxşı yaşaya bilərik, inkişaf edə bilərik. Ən böyük sərvətimiz olan müstəqilliyimizi bundan sonra da qorumalıyıq və qoruyacağıq. Sağ olun!”
Şərhlər
Siyasət bölməsinin xəbərləri