Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı bu barədə məlumat vermədiyi halda məsuliyyət daşıyacaq
- 30.05.2014, 19:11,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.
Trend-in məlumatına görə, dəyişikliklər haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, qanuna təklif olunan bir sıra dəyişiklər və əlavələr çox əhəmiyyətlidir: "Hesab edirəm ki, müasir dövrdə vətəndaşlıq haqqında qanunvericiliyimizdə bir sıra boşluqlar mövcuddur və məhz bu baxımdan qanuna dəyişikliklər təklif olunub. Azərbaycan Konstitusiyasında birmənalı qeyd olunub ki, Azərbaycan Respublikasının vətəndaşı vətəndaşlıqdan məhrum edilə bilməz".
Ə.Hüseynlinin sözlərinə görə, bu cür müddəalar dünyanın bir çox inkişaf etmiş ölkələrinin konstitusiyalarında da mövcuddur: "Amma eyni zamanda, inkişaf etmiş ölkələr özlərinin vətəndaşlıq haqqında qanununda vətəndaşlığın itirilməsinin də əsaslarını qeyd edirlər və beləliklə bu məsələni tənzimləyirlər".
Millət vəkili bildirib ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununda bu cür müddəalar mövcud deyildi və Azərbaycan Konstitusiyasına görə, ikili vətəndaşlıq yoxdur: "Məhz bu baxımdan qanuna təklif olunan dəyişikliklər həm də qanunvericiliyin dəqiqləşdirilməsi və mövcud olan boşluqların aradan qaldırılmasına xidmət edir. Beləliklə, qanun layihəsində bir sıra müddəalar məhz vətəndaşlığın itirilməsi hallarını özündə əks etdirir".
Dəyişikliklərə əsasən, 5-ci maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilib: "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir".
Həmçinin 10-cu maddə yeni redaksiyada verilib: "Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar".
Bunda əlavə, dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşıdır.
Qanunun 18-ci maddəsinə edilən dəyişikliyə əsasən, "Vətəndaşsızlığın ixtisar edilməsi haqqında" 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir:
1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;
2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi;
3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;
4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.
Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla həll edilir.
"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsi və 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar bu Qanun qüvvəyə minənədək digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir.
Müzakirələrdən sonra qanun səsə qoyularaq qəbul olunub.