Israil səfiri: “Azərbaycanda antisemitizm yoxdur”
- 02.06.2014, 12:48,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Mən qəti şəkildə bildirmək istəyirəm ki, Azərbaycan tolerantlığın mövcud olduğu ölkədir. Azərbaycan yəhudi icmasına münasibətə görə bütün dünya üçün nümunədir”. Bu sözləri APA-ya açıqlamasında İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz ABŞ-dakı “Antidiffamasiya Liqası” (Anti-Defamation League) adlı yəhudi təşkilatının dünyanın 100-dən çox ölkəsində antisemitizmin vəziyyətinə dair apardığı tədqiqatın nəticələrini şərh edərkən deyib. Tədqiqatın nəticəsinə əsasən guya Azərbaycanda antisemitizmin səviyyəsi 37%-ə çatır.
Səfir bildirib ki, Azərbaycanda min illər boyu yaşayan yəhudilər cəmiyyətə tam inteqrasiya olunaraq hər zaman özlərini evdəki kimi hiss ediblər. O, məlum tədqiqatdan xəbərsiz olduğunu söyləyərək yəhudi icmasının hər zaman Azərbaycanda özünü təhlükəsiz hiss etdiyini vurğulayıb: “Azərbaycanda antisemitizm yoxdur, yəhudi icması burada qürurla yaşamaqdadır və Azərbaycan hökuməti bu icmanı dəstəkləyir. Bakıda və Qırmızı Qəsəbədə yəhudi icmaları məskunlaşıb, yəhudi məktəbləri və sinaqoqları inkişaf edir. Bir daha demək istəyirəm ki, Azərbaycan yəhudi icmasına münasibətə görə digər dünya ölkələrinə yaxşı nümunədir”.
Qeyd edək ki, Antidiffamasiya Liqası antisemitizm və yəhudilərə qarşı dözümsüzlüyün digər formalarına qarşı mübarizə aparan hüquq-müdafiə təşkilatıdır. Təşkilat 1913-cü ildə yaradılıb.