Azərbaycan prezidenti: “Ümid edirik ki, ATƏT sədri kimi regiona səfəriniz Dağlıq Qarabağ münaqişəsinin həllinin inkişafına öz töhfəsini verəcək”

Azərbaycan prezidenti: “Ümid edirik ki, ATƏT sədri kimi regiona səfəriniz Dağlıq Qarabağ münaqişəsinin həllinin inkişafına öz töhfəsini verəcək” “Bu səfər çox mühüm əhəmiyyət kəsb edir.

Bu, çox uğurla inkişaf edən və bir çox sahələri əhatə edən ikitərəfli əlaqələrimizi bir daha nəzərdən keçirmək üçün yaxşı imkandır. Əminəm ki, qarşıdakı illərdə ikitərəfli əlaqələrimiz daha da güclənəcək. Çünki əlaqələrimizi inkişaf etdirmək üçün güclü siyasi iradə var”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda səfərdə olan İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalterlə geniş tərkibdə keçirilən görüşdə deyib.

Dövlət başçısı bildirib ki, iki ölkə arasında tərəfdaşlığın mahiyyəti həqiqətən artır, bir çox sahələri - siyasi, iqtisadi, investisiya və mədəniyyət sahələrini əhatə edir: “Buna görə mən əminəm ki, qarşıdakı illərdə biz son bir neçə ildə sürətlə inkişaf edən yaxın tərəfdaşlıq əlaqələrini davam etdirəcəyik. Bu gün biz əlaqələrimizi genişləndirmək üçün yaxşı perspektivləri, xüsusilə qarşılıqlı investisiya və birgə müəssisələr sahəsində, o cümlədən artıq başlayan və çox səmərəli olacaq enerji sahəsində əməkdaşlığı da müzakirə etdik. Siz həm də ölkəmizə ATƏT-in sədri kimi səfər edirsiniz. Ümid edirik ki, Sizin regiona səfəriniz çox səmərəli olacaq, regionumuzda müsbət meyllərin inkişafına, xüsusilə də münaqişələrin həlli baxımından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin inkişafına öz töhfəsini verəcək”.

Öz növbəsində, İsveçrə prezidenti Azərbaycana ilk dəfə səfər etdiyini deyib: “Bu, ətraflı tanışlıq səfəri olmayacaq. Əminəm ki, biz bir daha səfər edəcəyik və regionunuzu, ölkənizi, Bakı şəhərini daha yaxından öyrənmək üçün daha çox vaxtımız olacaq. Qəbulunuza görə təşəkkür edirəm. Bu, bizim iki ölkə üçün xüsusi bir vaxtdır. İlk növbədə, bizim çox yaxşı dostluq əlaqələrimiz var və biz onları intensivləşdirə bilərik. Əminəm ki, özəl investisiya sahəsində geniş potensialımız var. İsveçrə şirkətləri Sizin ölkənizə investisiya yatırmaqda maraqlıdır”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri