Bakıda iki maşın toqquşub: sərxoş sürücü yaralı sürücünü döyüb
- 03.06.2014, 08:05,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gecə saatlarında Suraxanı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, qəza Hövsan-Zığ yolunun Qum adasına gedən hissəsində qeydə alınıb. 24 yaşlı Kamran Qasımov VAZ-2107 markalı avtomobillə Hövsan qəsəbəsindən Əhmədli qəsəbəsi istiqamətində hərəkətdə olarkən, əks istiqamətdə yüksək sürətlə hərəkətdə olan Füzuli Museyibovun idarə etdiyi VAZ-21099 markalı avtomobillə toqquşub. Zərbənin təsirindən idarəetməni itirən VAZ-2107-nin sürücüsü maşını yolun kənarında istifadəyə yararsız işıq dirəyinə çırpıb.
Nəticədə VAZ 2107-nin sürücüsü Kamran Qasımov ağır, VAZ-21099-da olan sürücü Füzuli Museyibov, onun sərnişini, 14 yaşlı Səkinə Qədimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb və VAZ-21099-un sərxoş sürücüsü Füzuli Museyibov VAZ-2107-nin sürücüsünü avtomobildən yaralı vəziyyətdə çıxararaq döyməyə başlayıb. Səs-küyə gələn qəsəbə sakinləri yaralı sürücünü Füzuli Museyibovun əlindən alıblar. Sakinlər sakitləşmək bilməyən sərxoş sürücünü döyüblər.
Hadisə yerinə gələn polis əməkdaşları da sürücünü çətinliklə sakitləşdirə biliblər.
VAZ-2107-nin sürücünün vəziyyəti ağır olduğundan, 1 saylı Şəhər Kliniki xəstəxanasına çatdırılıb. Digər yaralıların xəsarətləri isə yüngül olduğu üçün onlara ilkin tibbi yardım göstərilib.
Qəzanın səbəbinə gəlincə, hadisə yerində olan YPX-nin əməkdaşlarının sözlərinə görə, qəza VAZ-21099-un sürücüsünün avtomaşını içkili idarə etməsi və ötmə əməliyyatını düzgün yerinə yetirməməsi üzündən baş verib.