Milli Məclisin komitə sədri: “Qanunsuz tikililər məsələsi həllini tapacaq”
- 09.06.2014, 18:59,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin APA-ya müsahibəsi
- Azərbaycanda bələdiyyələrin birləşdirilməsi prosesi gedir. Bu, nə ilə bağlıdır?
- Azərbaycan qanunvericiliyinə görə beş nəfər də bələdiyyə yarada bilər. Düzdür, Azərbaycanda 5 nəfərin yaratdığı bələdiyyə yoxdur, ən azı 50, 30 ailənin yaratdığı bələdiyyələr var. Bu bələdiyyələr heç bir iş görə bilmir, bu yolla bələdiyyə ideyasını ümumiyyətlə, diskreditə edirlər. Bələdiyyələr birləşəndə isə onların imkanları birləşir. Məsələn, görürsən ki, kiçik bələdiyyə olan yerdə bələdiyyə üçün bir ağsaqqal da tapa bilmirlər. Ağsaqqal var, ancaq o, eyni mütəxəssis olmalı, biliyi, savadı olmalıdır. Ən başlıcası odur ki, kiçik bələdiyyələrin maliyyə imkanları məhdud olur və onlar heç bir iş görə bilmirlər. Milli Məclisdə də bəzi çıxış edənlər dedilər ki, bələdiyyələri birləşdirirsiniz. Bələdiyyələri biz birləşdirmirik. Onu da deməzdim ki, bələdiyyələrin özlərinin ağlına birdən birləşmək ideyası gəlib. Yox. Müəyyən təbliğatı, izahat işləri görülüb, ancaq bələdiyyələrin birləşməsi tamamilə könüllülük prinsipinə əsaslanan bir məsələdir. Qanunvericiliyə əsasən bələdiyyələr Milli Məclisə müraciət edir, Milli Məclis müraciətlərə baxır, sənədlərin qaydasında olub-olmadığı yoxlanılır, sənədlər qaydasındadırsa, qanun layihəsi hazırlanır, plenar iclasa çıxarılaraq qəbul edilir.
- Bundan sonra da bələdiyyələrin birləşməsi prosesi gedəcəkmi?
- Bələdiyyələr görsələr ki, birləşmə prosesi onlar üçün əlverişlidir, onların birləşməsinə heç kəs qadağa qoya bilməz. Hansısa bələdiyyə digər bələdiyyə ilə birləşmək istəyirsə, bununla bağlı müraciət etmək hüququ var. Ola bilər ki, birləşmə prosesi böyük miqyasda getməsin.
- Ümumiyyətlə, bələdiyyələrin özünü doğruldub-doğrultmaması məsələsi həm cəmiyyətdə, həm də parlamentdə müzakirə mövzusu olur. Siz necə düşünürsünüz, Azərbaycanda bələdiyyə institutu özünü doğrultdumu? Doğrultdusa, niyə bələdiyyələrin bu qədər problemləri var? Bəlkə problemlər bələdiyyələrin səlahiyyətlərindən qaynaqlanır?
- Azərbaycanda yerli özünüidarə həmişə olub. Ancaq sovet dövründə bu, formal xarakter daşıyırdı, yerli sovetlər, kənd, qəsəbə sovetləri vardı. Bu da yerli özünüidarəetmə idi, ancaq əslində onlar dövlət orqanları idilər. İndi yerli özünüidarəetmə orqanları olan bələdiyyələr əhalinin iradəsi əsasında yaradılır, tam müstəqil, yerli məsələləri həll edən bir qurumdur. Burada şübhəsiz ki, böyük çətinliklər var. Məsələn, bələdiyyələrin büdcə məsələsinin nə üçün həllini tapmadığını deyirik. Bələdiyyələrin büdcəsini formalaşdıran bir neçə vergi və ödənişlər var, onların əsasında bələdiyyələr öz büdcələrini formalaşdırmalıdır. Rusiyada dövlət büdcəsindən bələdiyyələrə pul verilir. Azərbaycan Konstitusiyası, qanunlar hazırlananda belə fikir var idi ki, bələdiyyələr hökumətdən asılı edilməsin. Yəni bələdiyyələrin vəsaiti olsa, qanun çərçivəsində istədiyi kimi hərəkət edə bilər, daha hökumətə “bəli!”, “baş üstə!” deməyəcək. Bu yanaşma doğru idi. Ona görə də bələdiyyələr üçün vergilər müəyyənləşdirilib və bələdiyyələr vergisini yığaraq büdcəsini formalaşdırmalıdır. Ən böyük vergi mənbəyi daşınmaz əmlakdan torpaq və onun üzərindəki tiklilərdən alınan vergi olmalıdır. Bələdiyyələr pis-yaxşı torpaq vergisini yığa bilirlər, ancaq tiklilərdən bu vergi yığıla bilmir. Çünki qanunda yazılıb ki, vergilər tikililərin balans dəyərindən faiz formasında tutulan bir vəsaitdir. Ancaq binanın balans dəyərini müəyyən etmək üçün 4-5 il və çoxlu vəsait lazımdır. Bələdiyyə vətəndaşa müraciət edir ki, sən evinin daşınmaz əmlak kimi vergisini verməlisən. Vətəndaş soruşur ki, nə qədər vergi verməliyəm? Bələdiyyə deyir ki, evin qiyməti filan qədərdir, bu qədər də vergi verməlisən. Vətəndaş da həmin qiymətlə razılaşmır, evinin qiymətinin bələdiyyə bəyan edən qədər olduğunu təsdiqləyən sənəd istəyir. Yaxud, dövlət binalarında yaşayan insanlara deyilir ki, sənin 3 otaqlı evin var, qiyməti bu qədərdir, bu qədər vergi verməlisən. Vətəndaş isə ya evin bələdiyyə tərəfindən bildirilən qiyməti ilə razılaşmır, yaxud evin yararsız hala düşdüyünü, özü tərəfindən təmir edildiyini söyləyir. Bir sözlə, bələdiyyənin əlində evin qiymətinin müəyyənləşdiyi sənəd olmur, vətəndaş da daşınmaz əmlakla bağlı vergini vermir. Belə vəziyyət yaranır.
- Vəziyyətdən çıxış yolu nədir?
- Ümid edirəm ki, biz bu yaxınlarda bir qanun qəbul edəcəyik. O qanunda daşınmaz əmlakın balans dəyəri yox, sahəsinə görə vergi əsas götürüləcək. Məsələn, mənzilin 30 kv.m-dən vergi tutulmayacaq.
- Adambaşına 30 kv.m-dən?
- Yox, cəmi sahənin 30 kv. m-dən söhbət gedir. Tutaq ki, mənzilin sahəsi 100 kv.m-dirsə, 30 kv.m-dən vergi tutulmayacaq, qalan sahədə hər 1 kv m-ə görə vergi tutulacaq. Bu, artıq mübahisə yaratmayan məsələ olacaq.
- Ancaq regionlarla şəhər, paytaxt, kəndlər məsələsi də var.
- Bu da nəzərə alınacaq. Tutaq ki, Bakıda regionlardan fərqli vergi olacaq. Bakının da hər yerində eyni olmayacaq. Bakının mərkəzində vergi dərəcəsi yüksək, ətrafında aşağı olacaq. Sumqayıtda hər kv.m-ə görə başqa qiymətlər olacaq. Gəncədə, kənd yerlərində də tamam fərqli qiymətlər tətbiq ediləcək. Hər halda bir müəyyənlik yaradılır. Ona görə də bələdiyyə də gedib vergisini ala biləcək, fəaliyyətini də qura biləcək. Pulsuz heç nə etmək olmur.
- O halda qanunsuz tikililər problemi ortaya çıxır. Bakıda da yüz minlərlə qanunsuz tikili var. Evlər bələdiyyələrin torpaqlarla bağlı verdikləri sənədlər əsasında tikilib, o sənədləri də dövlət orqanları qəbul etmir, mülkiyyətə dair çıxarışları yoxdur. Bəs bələdiyyə o evlərdən daşınmaz əmlakla bağlı vergini necə yığacaq, evin sahəsini necə ölçəcək?
- Qanunsuz tikililərin də hansısa formada bir çarəsi tapılacaq. Ya o qanunsuz tikililər qanuniləşdiriləcək, ya da ləğv olunacaqlar. Üçüncü yol varsa, o yolla məsələ həllini tapmalıdır.
- Bir neçə il əvvəl Azərbaycan hökumətində qanunsuz tikililər məsələsi gündəmə gəlmişdi, hətta Azərbaycan prezidenti bununla bağlı komissiya yaradılması barədə də sərəncam vermişdi. Hazırda bu məsələ nə yerdədir, qanunsuz evlərlə bağlı hansı addımların atılması planlaşdırılır, Milli Məclisin komitə sədri kimi bu sahədəki proseslərdən xəbəriniz varmı?
- Bu, əslində bizə aid olan məsələ deyil. Ancaq bir vətəndaş kimi bilirəm ki, o istiqamətdə işlər aparılır. Böyük çətinliklər var. Bizim cəmiyyətdə də qanuna riayət etməyən insanlar həddindən artıq çoxdur. Bir balaca imkan tapan kimi gəlib tikir, deyir ki, mən qaçqınam, köçkünəm və s. Hamısına qarşı da qanunu işə salmaq mümkün olmur, hərdən o işlə məşğul olan insanlar boşluq göstərir. Nəticədə də belə bir problem yaranıb. Elə başa düşürəm ki, qanunsuz tiklilər məsələsi həllini tapacaq. Bununla bağlı hazırda iş aparılır.
- Yerli gəlmişkən, bir zaman sovetliklərin həm də yerli özünüidarəetmə funksiyasını həyata keçirdiyini xatırlatdınız. Bələdiyyələr yaranıb, ancaq yerlərdə sovetlik qədər olmasa da, yenə də yerli icra orqanlarının səlahiyyətləri var. Bu, yerlərdə bələdiyyələrə problem yaratmır ki?
- Əlbəttə, yaradır. Çıxış yolunu bunda görürəm ki, bir müddətdən sonra bələdiyyələrin imkanları artdıqca yerli səlahiyyətlərin bir çoxu bələdiyyələrə verilməlidir. Məsələn, indi deyirlər ki, mənzil istismar sahələrini (MİS) ləğv edək. Həqiqətən Mənzil Məcəlləsində nəzərdə tutulmayıb ki, insanlar MİS-lər vasitəsilə binalara qulluq, təmir və digər işləri yerinə yetirsinlər. Ancaq iş burasındadır ki, MİS-lərin digər səlahiyyətləri də var, o səlahiyyətlərin bələdiyyələrə aidiyyəti yoxdur. Tutaq ki, MİS-lərin arxivi var, insanlar harada yaşayıb, harada qeydiyyatda olub, mənzilinin sahəsi nə qədərdir, bu məlumatlar arxivlərində yer alır. Bu səlahiyyətlər bələdiyyələrə verilsə, gərək bələdiyyələrə külli miqdarda vəsait ayrılsın, bələdiyyələrdə bununla bağlı struktur yaradılsın. Bələdiyyələrə böyük səlahiyyətlər verilib, ancaq indi bələdiyyələrin maliyyə imkanları olmadığı halda onlara böyük yük vermək məsələni daha da qəlizləşdirər, məsələnin gərginləşməsinə gətirib çıxarar. Bələdiyyələr haqqında bədbin fikirlərlə də razılaşmıram. Düzdür, bələdiyyələr vaxtaşırı tənqid atəşinə tutulur, bələdiyyələrdən çox şey tələb edirik. Ancaq gəlin açıq deyək ki, biz bir vətəndaş kimi üzərimizə düşən məsələləri çox vaxt həll etmirik. Məsələn, binada yaşayan insanlar binaya qulluq məsələsini MİS-lərə də verə, Mənzil Məcəlləsinə əsasən bunu öz üzərlərinə götürə, yaxud hansısa bir təşkilat vasitəsilə o işləri apara bilərlər. Ancaq bir binada təşəbbüs varmı ki, bu işi öz üzərimizə götürək? Yox! Hamımız qınayır, tənqid edirik, ancaq öz üzərimizə bir ictimai məsuliyyət götürmək yoxdur.
Onu da qeyd edim ki, yaxşı işləyən bələdiyyələr də var. Məsələn, Sumqayıtda 120-yə yaxın məhəllə komitələri yaradılıb, bu, qanunvericilikdə də var. Əhalinin təşəbbüsü, özfəaliyyəti əsasında yaradılan komitələrdir, bina ilə bağlı məsələləri özləri həll edirlər. Sumqayıtın məhəllə komitələri vasitəsilə 2013-cü ildə 1 milyon 400 min manatlıq iş görülüb. Böyük rəqəmdir. Digər tərəfdən, o məhəllə komitələri qabağa düşür, aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırırlar ki, asfalt sıradan çıxıb, asfalt çəkilməlidir. Məsələni qaldırıb, dövlət qurumlarının vəsaiti hesabına o işlərin görülməsinə nail olurlar. Təşəbbüs lazımdır, bizdə təşəbbüs yoxdur. Hətta Azərbaycanda kooperativ evlər həmin prinsiplər əsasında tikilib və bina da o prinsip əsasında, məhəllə komitələri vasitəsilə istismar olunmalıdır. Ancaq o insanlar üzərlərinə düşən vəzifələri yerinə yetirir, ya yerinə yetirmir? Nadir hallarda təşəbbüslə çıxış edirlər. Bir məqama da toxunmaq istəyirəm. Azərbaycanda bələdiyyələrin fəaliyyətini işıqlandırmaq, təbliğ etmək yönündə işlər görülmür. Bu yaxınlarda məni bir televiziyaya dəvət etdilər, dedilər ki, bələdiyyələrlə əlaqədar xüsusi bir veriliş açılacaq. Dedilər ki, gəlin, xeyir-dua verin. Mən də sevinclə getdim. Getmişəm, deyirlər ki, yox, başqa, bələdiyyə ilə əlaqədar olmayan bir məsələ ilə əlaqədar dəvət etmişik. Deyirəm ki, axı bu məsələ ilə əlaqədar dəvət etmisiniz? Həqiqətən bələdiyyələrin təbliğinə böyük ehtiyac var. Təcrübəni təbliğ etmək, pisi tənqid etmək vacibdir, yaxşı bir vaxtda efirə çıxacaq belə verilişə ehtiyac var. Həm də orada giley olmasın, qoyulan məsələlərin həlli yollarından söz açılsın, aidiyyəti təşkilatlara müraciət edilsin, həmin dövlət təşkilatlarının reaksiyası öyrənilsin, növbəti verilişdə də bu barədə danışılsın. O halda inkişaf olar.
- Parlamentdə çıxışlarınızda tez-tez bələdiyyələrə dövlət büdcəsindən daha çox vəsait ayrılması təklifi ilə çıxış edirsiniz. Bu, çıxış yoludurmu?
- Bu, çıxış yolu deyil. Bələdiyyələr gərək özləri büdcələrini formalaşdırsınlar. Bunun üçün onlara kifayət qədər səlahiyyət verilib. Sadəcə, bəzi məsələlər həllini tapmalıdır. Öncə də dediyim kimi, biz neçə ildir ki, daşınmaz əmlakın inventarlaşmasının aparılmasının zəruri olduğunu bildirirdik. Ancaq indi onun optimal yolu tapıldı. Bələdiyyələr yaradılandan sonrakı dövrdə onların daşınmaz əmlakdan yığdıqları vəsait təxminən eyni səviyyədə qalıb, nə artıb, nə də azalıb. Hərdən azalır, ancaq artmır. Halbuki bələdiyyələrin əsas gəlir mənbələrindən biri daşınmaz əmlakdan vergi olmalıdır. Daşınmaz əmlakdan yığılan vergi bələdiyyələrin ümumi büdcəsinin 10-11 faizi civarındadır. Ancaq gərək bu, böyük məbləğ olsun. Tək bələdiyyələr yox, bütün vətəndaşlar bu proseslərdə fəal iştirak etməlidir. O halda bələdiyyələr yerli özünü idarəetmədə, yerli məsələlərin həllində aparıcı sima olacaqlar. Yoxsa kənardan durub demək ki, bələdiyyə o işi niyə görmür, iş getməyəcək. Gərək dövlət orqanları da, vətəndaşlar da, seçicilər də çalışsınlar.
Bələdiyyələrə dotasiya verilməsi barədə çıxışlarımıza gəlincə, bu, dövlətin bələdiyyələrə köməyidir. Biz subvensiya verilməsini də istəyirdik. Subvensiya məqsədli vəsaitdir, bələdiyyə onu konkret məqsədə sərf etməlidir. Qanunvericilikdə subvensiyanın adı gedirdi, lakin şərti, necə verilməlidir, hansı müddətə verilməlidir, büdcədə əksini tapmalı, yaxud tapmamalıdır, bu məsələlər öz əksini tapmamışdı. Bu məsələlər də bu yaxınlarda, parlamentin son iclasında qanunla tənzimləndi, dəqiq əksini tapdı. Büdcədə yerli özünüidarəetməyə ayrılan subvensiya xüsusi sətirlə gedəcək. Bələdiyyə sübut etsə ki, bu iş görülməlidir, bu iş üçün də vəsaiti azdır, yaxud tamamilə yoxdur, o halda bələdiyyələrə büdcədən vəsait ayrılacaq. Tutaq ki, bu vəsait yol, kanalizasiya, su xəttinin çəkilişinə sərf olunacaq.