XİN-in mətbuat katibi Elman Abdullayev Efiopiyaya səfir göndərilir

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Efiopiya Federal Demokratik Respublikasına səfir göndərilir. Bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.

Məlumata görə, E.Abdullayevin artıq aqremanı alınıb. Yaxın vaxtlarda onun səfir kimi fəaliyyət göstərəcəyi gözlənilir.

Bununla bağlı hər hansı rəsmi məlumat verilmir.
Elman Abdullayev isə özü Trend-ə açıqlamasında bildirib ki, belə bir təyinat Prezident İlham Əliyevin müstəsna səlahiyyətidir.

Qeyd edək ki, Efiopiya Afrikanın ən qədim dövlətlərindən biri və XX əsrin əvvəllərinə kimi Liberiya ilə yanaşı Afrikadakı iki müstəqil dövlətdən biri olub.

Əhalinin 50,6 faizini miafizit xristianlar, 10,2 faizini protestant xristianlar, 32,8 faizini müsəlmanlar, 4,6 faizini aborigen mədəniyyətlilər, 1,8 faizini digərləri təşkil edir.

Efiopiyada 82 dildə danışan müxtəlif xalqlar və tayfalar yaşayır.
Şərhlər
Siyasət bölməsinin xəbərləri