“Bakı-Praqa” MMC-nin fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən bir neçə ictimai iaşə və ticarət obyektlərində dövlət nəzarəti tədbirləri həyata keçirilib.

APA-nin xəbərinə görə, Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən “Ucuz market” mağazasında aparılan yoxlamalar zamanı müəssisənin soyuducu anbarında qablaşdırılması düzgün aparılmayan, üzərində istehsal və son istifadə tarixi qeyd olunmayan “Halal Qafqaz Toyuqları” və “Giləzi Quşçuluq Şirkəti”nə məxsus olan toyuq ətləri aşkar edilib. Həmçinin, bu məhsulların uyğunluq sertifikatları da yoxlamaya təqdim edilməyib. Aşkar edilmiş nöqsanlarla bağlı məhsulların saxlanma anbarına və ticarət sahəsinə baxışın keçirilməsi haqqında protokol, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarın verilməsi üçün aralıq aktı tərtib edilib.

Abşeron rayonu, Novxanı kəndində yerləşən “Bakı-Praqa” MMC-də yoxlamalar zamanı burada istehsal olunan “Novxanı”, “Starapraqa”, ”Starapraqa Draft” və “Golden Malt” pivələrinin istehsalı və qablaşdırılması zamanı istifadə olunan xammal və butulkaların gigiyenik və uyğunluq sertifikatları yoxlamaya təqdim edilməyib, məhsulların qablaşdırılması zamanı ciddi nöqsanlara yol verildiyi aşkar edilib. Bundan başqa etiketlənmə zamanı məhsulun yararlılıq müddəti 21 gün olduğu halda əsassız olaraq 30 gün olaraq qeyd edilib, məhsulun istehsalında istifadə edilən bəzi qatqılar etiketlənmədə öz əksini tapmayıb. Həmçinin istehsal olunan məhsul sınaqlar aparılmadan satışa çıxarıldığı, istehsalat laboratoriyasında istismar edilən ölçmə və sınaq vasitələrinin böyük əksəriyyətinin müqayisəli dövlət yoxlamasından keçmədiyi müəyyən olunub. Aşkar olunmuş nöqsanlarla bağlı məhsullardan nümunələr seçilərək müayinə olunması üçün laboratoriyaya təqdim edilib, müəssisənin rəhbərinə məhsul istehsalı və satışının qadağan edilməsi barədə, yararsız ölçmə vasitələrinin istismarının qadağan edilməsi barədə tələbnamələr verilib və inzibati xəta haqqında protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.

Bakı-Sumqayıt şosesinin 13-cü kilometrliyində yerləşən, qənnadı məmulatlarının istehsalı və idxalı ilə məşğul olan “Bolluq LTD” MMC-də aparılan yoxlamalar zamanı idxal edilmiş “Slakon” nişanlı vaflili tortların üzərində Azərbaycan dilinə tərcümə olunmuş istifadə qaydaları haqqında məlumatların əks olunmadığı aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisədə məhsulların saxlanma anbarına baxışın keçirilməsi haqqında protokol və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarın verilməsi üçün aralıq aktı tərtib edilib.

Ağsu şəhərində yerləşən “Quzey bənövşə” yeməkxanasında aparılan dövlət nəzarəti tədbirləri zamanı istifadə olunan ərzaq xammallarının uyğunluq sertifikatlarının olmadığı, məhsulların saxlanma rejiminə əməl olunmadığı, gigiyenik normalara riayət olunmadığı müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri