İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Cənubi Qafqaz regionunda yeni mühit, sülh və əməkdaşlıq ab-havası yaradacaq

İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Cənubi Qafqaz regionunda yeni mühit, sülh və əməkdaşlıq ab-havası yaradacaq Azərbaycanla Avropa İttifaqının siyasi təmasları çox güclü və müsbətdir, onların gözəl gələcəyi vardır. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 14-də Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə geniştərkibli görüşdən sonra mətbuata bəyanatlarla çıxışında deyib.

Dövlət başçısı bildirib: "Hörmətli cənab sədr. Hörmətli dostlar. Azərbaycana xoş gəlmisiniz. Bu gün biz Azərbaycan və Avropa Komissiyası arasında inkişaf etməkdə olan münasibətləri müzakirə etdik. Yadımdadır, uç il bundan əvvəl elə bu salonda biz sənədlərin imzalanması mərasimi və mətbuat konfransı keçirdik və bununla da Azərbaycan ilə Avropa İttifaqı arasında enerji təhlükəsizliyi sahəsində fəal əməkdaşlığa başladığımız tarixi qeyd etdik. Bu gün də əməkdaşlığımızın gələcək inkişafını təmin edən növbəti sənəd imzalandı. Əminəm ki, növbəti illərdə fəal əməkdaşlığımız davam edəcəkdir. Əməkdaşlığımız çox müsbətdir və müxtəlif sahələri əhatə edir".

Azərbaycan Prezidenti bunun Avropa Komissiyası sədrinin Azərbaycana ikinci səfəri olduğunu və özünün Avropa Komissiyasında beş dəfə səfərdə olduğunu xatırladıb: "Bizim fəal dialoqumuz mövcuddur. Biz əməkdaşlığımızın bütün məsələlərini açıq və dostcasına müzakirə edirik. Siyasi təmaslarımız çox güclü və müsbətdir, onların gözəl gələcəyi vardır. "Şərq tərəfdaşlığı" Sazişi isə onları daha da yüksək səviyyəyə qaldırmışdır. Ümid edirəm ki, növbəti aylarda biz əməkdaşlığımızın yeni formatı üzərində fəal çalışacağıq. Bu gün biz bu potensial əməkdaşlıq formatını ətraflı müzakirə etdik. Ötən il Brüsseldə mətbuat konfransında qeyd etdiyim kimi, Azərbaycan Avropa İttifaqına mümkün qədər yaxın olmaq arzusundadır və bu gün bunu bir daha təkrar etmək istəyirəm. Çünki bu, bizim üçün strateji mahiyyəti olan məsələdir və bu əlaqələrin gələcəkdə böyük potensialı vardır".

Dövlət başçısının sözlərinə görə, bu günə qədər görülən işlər müsbət əməkdaşlığın nümunəsidir, çünki ikitərəfli əlaqələr müxtəlif sahələri əhatə edir: "Bu gün biz Azərbaycanda siyasi islahatlarla və demokratikləşmə prosesi ilə bağlı vəziyyəti müzakirə etdik. Fundamental azadlıqların təmin edilməsi hökumətimizin başlıca prioritetlərindəndir. Çünki biz ölkəmizin müasirləşməsini həyatımızın bütün sahələrinin müasirləşməsi ilə bağlayırıq. Bu gün Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilir. Azad media, azad internet mövcuddur. Cənab sədrə dediyim kimi, Azərbaycan əhalisinin 70 faizi fəal internet istifadəçisidir. Ölkəmizdə toplaşmaq azadlığı, təşkilatlanma azadlığı tam şəkildə təmin olunur. Din azadlığı da ölkəmizdə təmin olunur. Azərbaycan çoxmədəniyyətli ölkə və cəmiyyətdir. Bizim ən böyük sərvətlərimizdən biri ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və həmrəylik şəraitində yaşamasıdır".

Prezident İlham Əliyev qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşımızdır: " İxrac haqqında danışsaq, bizim ixracın 80 faizi Avropa İttifaqının payına düşür. İqtisadi əməkdaşlığımızın böyük potensialı vardır. Xüsusilə, bu yaxınlarda Avropa istehsalçıları ilə enerji və qeyri-enerji sektorunu əhatə edən bir neçə milyard dollar həcmində müxtəlif mühüm sazişlər imzalanmışdır. Elə həmin səbəbdən yaxın zamanlarda iqtisadiyyat sahəsində daha böyük fəallıq olacağını düşünürəm".

Dövlət başçısı Avropa Komissiyasının sədri ilə görüşdə Dağlıq Qarabağ məsələsinin də müzakirə olunduğunu diqqətə çatdırıb: "Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini də müzakirə etdik. Təəssüflər olsun ki, danışıqların 20 il davam etməsinə baxmayaraq, heç bir irəliləyiş əldə olunmamışdır. Bunun başlıca səbəbi Ermənistanın Azərbaycanla sülh əldə etmək istəməməsidir. Yəni, onlar status-kvonun dəyişməsini istəmirlər. Baxmayaraq ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin başçıları status-kvonun qəbuledilməz olması ilə bağlı bir necə dəfə bəyanatlar vermişlər, Ermənistan hələ də buna məhəl qoymur, vəziyyəti dondurmaq və status-kvonu saxlamaq üçün hər şeyi edir. Torpaqlarımız işğal altındadır. Beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi Ermənistanın nəzarətindədir. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz geri çəkilməsini tələb edən 4 qətnaməsi hələ də icra olunmamışdır. Avropa Parlamenti, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar bənzər qətnamə və qərarlar qəbul etmişlər, lakin onların heç biri icra olunmamışdır".
Azərbaycan Prezidenti vurğulayıb ki, beləliklə, münaqişənin beynəlxalq hüququn normaları və prinsipləri, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həll olunması regionumuz üçün mühüm əhəmiyyətli məsələdir. Bu münaqişənin nizamlanması Cənubi Qafqaz regionunda yeni mühit, sülh və əməkdaşlıq ab-havası yaradacaqdır.

İlham Əliyev qeyd edib ki, görüşlərdə Azərbaycan və Avropa İttifaqı arasında enerji əməkdaşlığı da müzakirə edilib: "Üç il bundan öncə Sədr Barrozu ilə biz burada enerji əməkdaşlığına dair tarixi Bəyannamə imzaladıq. Bunu artıq tarixi sənəd adlandırmaq olar, çünki həmin sənədin uğurlu icrasına başlanmışdır. 2012-ci ildə biz Türkiyə ilə Trans-Anadolu kəməri üzrə Saziş imzaladıq. 2013-cü ildə Trans-Adriatik kəməri ilə bağlı Saziş imzalandı və nəhayət, həmin ilin sonunda "Sahdəniz-2" ilə bağlı Yekun İnvestisiya Qərarı imzalandı. Bunlar Azərbaycan qazının Avropa bazarlarına çıxışını təmin edəcəkdir. Proses artıq başlanmışdır və biz bu nəhəng layihələri vaxtında icra etmək əzmindəyik".

Dövlət başçısı xatırladıb ki, "Şahdəniz-2", TANAP və TAP bu gün Avropanın ən iri infrastruktur layihələridir və dəyəri ən azı 45 milyard dollardır: "Onların həyata keçirilməsi üçün bütün maliyyə və texniki imkanlarımız vardır. Biz bütün tərəfdaşlarımızla əməkdaşlıq edirik, eyni zamanda, tranzit və istehlakçı ölkələrlə çalışırıq. Əlbəttə ki, gələcəkdə bütün tərəflər və iştirakçılar arasında fəaliyyətin əlaqələndirilməsi istiqamətində Avropa Komissiyasının iştirakı bizim üçün çox vacib məsələdir və biz bunu yüksək qiymətləndiririk. Bizim üçün enerji təhlükəsizliyi təchizat marşrutlarının şaxələndirilməsidirsə, Avropa üçün enerji təhlükəsizliyi mənbələrin saxələndirilməsi deməkdir. Azərbaycan Avropa üçün təkcə yeni marşrut deyil, eyni zamanda, təbii qazın yeni mənbəyidir. Bizim nəhəng ehtiyatlarımız var və mövcud infrastruktura yeni infrastruktur əlavə ediləcəkdir. Biz bu tarixi layihəni vaxtında həyata keçirmək əzmindəyik".

İlham Əliyev deyib ki, Azərbaycan və Avropa İttifaqının əlaqələri müxtəlif sahələri əhatə edir: "Cənab sədrlə biz bu gün çox səmimi və acıq müzakirələr apardıq. Mən buna görə təşəkkür etmək istərdim. Bu, məhz belə də olmalıdır. Çünki biz gələcək fəaliyyətimizin istiqamətlərini müəyyən etməliyik, bizi yaxınlaşdıracaq növbəti addımları atmalıyıq. Onu da əlavə etmək istərdim ki, bizim Avropa İttifaqına üzv dövlətlərin əksəriyyəti ilə gözəl münasibətlərimiz vardır. Bu da ümumi müsbət əməkdaşlıq mühitinə töhfə verir. Cənab sədr, bir daha Sizi Azərbaycanda salamlayıram".
Şərhlər
Siyasət bölməsinin xəbərləri