Elmar Məmmədyarov: Azərbaycan ümid edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanamsı prosesində durğunluq aradan qaldırılacaq

Azərbaycan ümid edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanamsı prosesində durğunluq aradan qaldırılacaq. Trend-in çərşənbə axşamı "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçiridiyi birgə mətbuat konfransında deyib.

"Moskva və Bakı Rusiya-Azərbaycan münasibətlərinin gündəliyində olan məsələləri nəzərdən keçiriblər və Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın üzləşdiyi ən böyük problemdir".

Onun sözlərinə görə, bu mürəkkəb, lakin həlli mümkün olan münaqişənin həlli üçün səyləri ikiqat və hətta üçqat artırmaq lazımdır:

"Azərbaycan və Rusiya arasında münasibətlər müxtəlif sahələr baxımından çox müsbətdir. İkitərəfli əlaqələr üzrə və iqtisadi baxımdan münasibətlərimiz 2008-ci ildə prezidentlər tərəfindən imzalanmış strateji tərəfdaşlıq haqqında sazişə uyğun olaraq yüksələn xətt üzrə inkişaf edir, bu sənəd çərçivəsində fəaliyyət göstəririk".


Azərbaycan XİN rəhbərini vurğulayıb ki, son iki il ərzində, münaqişə tərəflərinin XİN rəhbərlərinin görüşlərinə baxmayaraq, prosesdə konkretliyə nail olunmayıb:

"İki tərəfin razılaşdığı formula sadədir: Ermənistan tərəfi işğal olunan Azərbaycan ərazilərindən çıxmağı öz üzərinə götürməli, Azərbaycan tərəfi isə regionda normal atmosfer yarananadək Dağlıq Qarabağın müvəqqəti statusuna və təhlükəsizliyinə cavab verməlidir".

Onun sözlərinə görə, tərəflər prezidentlər səviyyəsində çox aktiv danışıqlar aparırdı. Nəticədə 2008-ci ildə Afinada yenilənmiş Madrid prinsipləri qəbul olundu. Lakin erməni tərəfi "Böyük sülh sazişi" üzərində işləməkdən imtina etdi. Təəssüflər olsun ki, prezidentlərin Soçidəki son görüşündən sonra danışıqlar dayandı:

"Azərbaycanın mövqeyi ATƏT-in Minsk qrupu həmçinin, həmsədr ölkələrin prezidentlərinin status-kvo qəbuledilməzliyi, vəziyyətin qeyri-adekvat olması ilə bağlı mövqeyi ilə üst-üstə düşür".

Məmmədyarovun sözlərinə görə, bu gün Moskvada rusiyalı həmkarı ilə görüşdə tərəflər bu kontekstdə sakitləşməməyə, əksinə səyləri üç dəfə artırmaq haqqında razılığa gəliblər:

"Bizim mövqeyimiz yenilənmiş Madrid prinsipləri ilə üst-üstə düşür və mən çox şadam ki, Ermənistan bu yaxınlarda bu bəndlərə sadiq olduğunu bildirib. Biz hərtərəfli sülh razılaşmasının üzərində işlərə başlamağı lazımlı hesab edirik. Lakin ən böyük problem erməni qoşunlarının Azərbaycan ərazisində olmasıdır. Əgər siyasi iradə olsa, biz Ermənistanla tamamilə mehriban münasibətlər səviyyəsinə çıxa bilərik".
Şərhlər
Siyasət bölməsinin xəbərləri