Tələbələr istifadə etmədikləri geyimlərini ehtiyacı olan gənclərə bağışladılar
- 15.06.2014, 17:08,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ADA Universitetinin “Təmiz Şəhər” ASC ilə birgə həyata keçirdiyi “İkinci həyat” aksiyası çərçivəsində universitetin tələbələri istifadə etmədikləri geyimlərini ehtiyacı olan gənclərə bağışlayıblar.
Ötən ay başlayan layihəyə əsasən, tələbələr özlərinə lazım olmayan əşya və geyimlərini “Təmiz Şəhər” ASC-nin universitetin binasında təşkil etdiyi geyim qəbul nöqtələrinə təhvil verirlər. Bununla da aksiya təşkilatçıları həmin əşya və geyimlərin tullantıya çevrilməsinin qarşısını alaraq, onların təkrar istifadəsinə şərait yaradırlar.
Aksiya dövründə toplanmış geyimlər “Gələcəyə Körpü” təşkilatı vasitəsilə kimsəsizlər evlərində yaşayan yeniyetmə və gənclərə bağışlanıb.
“İkinci həyat” layihəsinin məqsədi həm ehtiyacı olanlara dəstək olmaq, həm tələbələrə sosial məsuliyyət duyğusunu aşılamaq, həm də tullantıların azaldılmasını təbliğ etməkdir.
Tullantıların müasir idarə edilməsi və çeşidlənmiş şəkildə toplanması ilə bağlı “Təmiz Şəhər” ASC və ADA Universiteti ötən ildən etibarən əməkdaşlığa başlayıblar. Tələbə və müəllim heyəti, o cümlədən universitetin qonaqları tullantıları universitetin ərazisində və tədris binalarında quraşdırılmış 3 növ tullantı üzrə çeşidləyərək ayrı-ayrı qablara atırlar. Plastik, şüşə və kağız-karton tullantıları təkrar istifadə üçün emal olunur, qarışıq tullantılar isə yandırılaraq tullantılardan enerji hasil edilir.