Mehriban Əliyeva: Həyatının bir hissəsini xəstəxanada keçirmək məcburiyyətində olan uşaqlara qayğı göstərmək çox xeyirxah işdir

Mehriban Əliyeva: Həyatının bir hissəsini xəstəxanada keçirmək məcburiyyətində olan uşaqlara qayğı göstərmək çox xeyirxah işdir Prezident İlham Əliyevin Yunanıstana dövlət səfəri çərçivəsində iyunun 15-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Afinada "ELPİDA" xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyası ilə tanış olmuşdur.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva əvvəlcə burada müalicə olunan uşaqlar və onların valideynləri ilə görüşdü.

"ELPİDA" Dostluq Assosiasiyası 1990-cı ildə yaradılmışdır. Yunan cəmiyyətində böyük nüfuz qazanan bu assosiasiyanı insanlara ən çox sevdirən məhz xərçəng xəstəliyinə tutulan uşaqlara xüsusi qayğı göstərməsi olmuşdur.
Mərasim "ELPİDA"nın fəaliyyətinə həsr olunan videoçarxın nümayişi ilə davam etdirildi.

Assosiasiyanın prezidenti Marianna Vardinoyannis çıxış edərək Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanı "ELPİDA"da görməkdən məmnun olduğunu bildirdi. O, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanda və dünyada təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə irimiqyaslı layihələr həyata keçirdiyini bildirdi.

"ELPİDA"nın layihələrindən danışan Marianna Vardinoyannis assosiasiyanın ötən dövrdəki fəaliyyətinə nəzər saldı, Heydər Əliyev Fondu ilə əlaqələrinə toxundu, Bakıda Talassemiya Mərkəzinin fəaliyyət göstərdiyini bildirdi. Sonra Marianna Vardinoyannis "ELPİDA" mükafatını Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təqdim etdi.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış etdi.

Mehriban Əliyeva çıxışında bildirib: "Bu gün sizin gözəl ölkənizdə yenidən olmağıma çox şadam. Biz ölkələrimiz - Azərbaycan ilə Yunanıstan arasında ildən-ilə güclənən, qarşılıqlı faydaya, tərəfdaşlığa və hörmətə əsaslanan əlaqələrdən fərəh hissi duyuruq. Bu cür sıx münasibətlər bir çox sahələri - siyasi, iqtisadi, humanitar və digər sahələri əhatə edir. Ümidvaram ki, Azərbaycan Prezidentinin səfəri əməkdaşlığımızı dərinləşdirəcək və genişləndirəcəkdir.

Mən "ELPİDA" Assosiasiyasına ilk dəfə 5 il öncə səfər etdim. Həmin vaxt əldə etdiyiniz bütün nailiyyətlər mənə böyük təəssürat bağışladı. Həyata keçirdiyiniz bu nəcib missiyanızda sizə minnətdarlığımı bildirmək istərdim. Əziz dostum Marianna ilə ilk dəfə UNESCO-ya xoşməramlı səfir təyin edildikdən sonra tanış oldum. Həmin vaxtdan etibarən biz yaxın dostlara çevrildik. Onu da deyim ki, bizi yalnız dostluq deyil, həm də ideallar birləşdirir. Təşkilatlarımız - "ELPİDA" və Heydər Əliyev Fondu ehtiyacı olan insanlara yardımı prioritet hesab edirlər.

Mariannanın qeyd etdiyi kimi, Heydər Əliyev Fondu da sosial, mədəni və təhsil sahələrində bir çox layihələr həyata keçirir. Yunanca "ELPİDA" "ümid" deməkdir. Bütün bu binaları - xərçəngdən əziyyət çəkən uşaqlar üçün çox müasir xəstəxana, onların valideynləri üçün qonaq evi və ən yaxşı avadanlıqla təchiz edilmiş, olduqca peşəkar həkimlərdən ibarət bölməni gördükdən sonra deyə bilərik ki, bu məkan uşaqlar və onların valideynləri üçün əsl ümid yeridir".

Birinci xanım qeyd edib ki, həyatının bir hissəsini xəstəxanada keçirmək məcburiyyətində olan uşaqlara qayğı göstərmək çox xeyirxah işdir: "Burada siz nəinki yüksək texnologiya əsasında tibbi müalicə aparırsınız, o cümlədən xüsusi mühit yaradırsınız. Bu, böyük qayğı, məhəbbət və dəstək mühitidir. Uşaqları qəlbinizdə saxlayırsınız. Bu uşaqlar hər hansı digər uşaqlar kimi oynamağı, gəzməyi və dostları ilə birgə olmağı sevirlər. Siz isə onları heç zaman təklikdə qoymayan insanlarsınız. Fəaliyyətiniz böyük təşəkkürlərə layiqdir. Çox sağ olun.

Sonda mən hörmətli Mariannaya, "ELPİDA" Assosiasiyasının bütün üzvlərinə bu mükafata görə təşəkkürümü bildirirəm. Bu mükafatı Heydər Əliyev Fondunun səhiyyə sahəsində apardığı fəaliyyətin yüksək qiymətləndirilməsi kimi qəbul edirəm. Məqsədlərimiz eyni olaraq qalır: ehtiyacı olan insanlara hər zaman kömək etmək.

Əminəm ki, biz bu məramı uşaqlarımız üçün davam etdirəcəyik. Çünki insanlar gələcəyə ümidlə yaşayır. Gələcək isə uşaqlarsız mümkün deyildir. Mən bir daha göstərdiyiniz qonaqpərvərliyə görə təşəkkür edirəm. Bütün gələcək təşəbbüslərinizdə sizə uğurlar arzulamaq istəyirəm. Sizə ən böyük uğurlar diləyirəm. Çox sağ olun.
Sizin hamınızı 2015-ci ildə paytaxt şəhərimiz Bakıya - ilk Avropa Oyunlarına dəvət edirəm".

Daha sonra Mehriban Əliyeva öz adı yazılmış ulduzu "ELPİDA"nı ziyarət edən görkəmli şəxslərin adları olan lövhəyə vurdu.

Sonra Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun hədiyyələrini uşaqlara təqdim etdi.

Ötən dövrdə bir çox uğurlu layihələr həyata keçirən "ELPİDA" bu sahədə model tibb bölməsinin yaradılmasına nail olmuş, sümük iliyi nəqli, uşaqlarda müxtəlif şişlərin, talassemiya və digər irsi xəstəliklərin müalicəsi istiqamətində mühüm irəliləyişlər əldə etmiş, ixtisaslaşmış uşaq xəstəxanası açmışdır. Ən əsası isə "ELPİDA" ölkədə və dünyada xərçəng xəstəsi olan uşaqların cəmiyyətdə sosial təcridinin aradan qaldırılması kimi mühüm problemin həllinə güclü dəstək vermişdir. Hazırda "ELPİDA" xərçəng xəstəliyinə tutulan uşaqlara diqqət və qayğını beynəlxalq səviyyədə təbliğ edir, bununla bağlı simpozium və konfranslar keçirir. Bundan əlavə, "ELPİDA"nın xətti ilə müxtəlif vaxtlarda dünyanın bir çox bölgələrinə, xüsusilə də Balkan regionuna humanitar yardımlar göstərilmişdir.

Sonra Akropol Muzeyinə gələn Mehriban Əliyeva və Marianna Vardinoyannis burada nümayiş etdirilən tarixi eksponatlara baxdılar.

Məlumat verildi ki, Akropol ətrafında aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan eksponatların nümayiş etdirildiyi muzey dünya memarlığının və incəsənətinin nadir inciləri ilə zəngindir və bura turistlərin ən çox sevdiyi yerdir.

Daha sonra UNESCO-nun xoşməramlı səfirləri Mehriban Əliyeva və Marianna Vardinoyannis birlikdə nahar etdilər.
Şərhlər
Siyasət bölməsinin xəbərləri