Afinada Azərbaycan və Yunanıstan prezidentlərinin görüşü keçirilib, bir neçə sənəd imzalanıb
- 16.06.2014, 15:43,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İyunun 16-da Azərbaycan prezidenti İlham Əliyevin Afinada rəsmi qarşılanma mərasimi olub.
APA-nın xəbərinə görə, Azərbaycanın və Yunanıstanın dövlət bayraqlarının dalğalandığı prezident sarayının qarşısında fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev Yunanıstan prezidenti Karolos Papulyas tərəfindən qarşılanıb. Hərbi orkestrin ifasında Azərbaycanın və Yunanıstanın dövlət himnləri səslənib. Dövlət başçıları hərbi marşın sədaları altında fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Yunanıstanın rəsmi şəxsləri İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Karolos Papulyasa təqdim edilib. Daha sonra Azərbaycan və Yunanıstan prezidentləri arasında təkbətək görüş olub. Görüşdə Azərbaycanla Yunanıstan arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, əlaqələrimizin bundan sonra daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib. Azərbaycan-Yunanıstan əməkdaşlığının Avropa İttifaqı çərçivəsində də önəmi vurğulanıb. Prezident İlham Əliyevin Yunanıstana dövlət səfərinin ikitərəfli münasibətlərin daha da inkişafı baxımından əhəmiyyəti bildirilib. Söhbət zamanı ikitərəfli əlaqələr, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, K.Papulyasla görüşdən əvvəl Azərbaycanın dövlət başçısı Afinada naməlum əsgərin məzarını ziyarət edib. O, naməlum əsgərin məzarı önünə əklil qoyub.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Yunanıstan prezidenti Karolos Papulyasın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. görüş başa çatdıqdan sonra Azərbaycan-Yunanıstan sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan prezidenti İlham Əliyev və Yunanıstan prezidenti Karolos Papulyas mərasimdə iştirak ediblər.
“Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Yunanıstanın xarici işlər naziri Evangelos Venizelos imzalayıblar.
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Yunanıstan Respublikası Xarici İşlər Nazirliyi arasında Azərbaycan Respublikasının Avropa İttifaqı məsələləri üzrə əməkdaşlıq haqqında Memorandum”u Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Yunanıstanın xarici işlər naziri Evangelos Venizelos imzalayıblar.
“Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Yunanıstan Respublikası Təhsil və Dini İşlər Nazirliyi arasında gənclər sahəsində əməkdaşlıq haqqında Memorandum”u Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Yunanıstanın xarici işlər naziri Evangelos Venizelos imzalayıblar.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və Yunanıstan prezidenti Karolos Papulyas mətbuata bəyanatlarla çıxış ediblər.